Məhkəmə qərarları › İş №2(005)-3312/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3312/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3312/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə rəsmi nikahdan anadan olmuş X1 üçün müəyyən edilmiş aliment məbləğinin hər ay üçün uşaq həddi büluğa çatanadək artıralaraq 235-00 manat miqdarında müəyyən edilib ondan tutularaq verilməsi və əlavə olaraq mediasiyaya ödədiyi 50 (əlli) manatın da tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin rəsmi nikahdan xx.xx.2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Rəsmi nikahları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin rayon məhkəməsinin 2(005)-4899/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının hissəsi miqdarında hər ay tularaq ona verilməsi qət edilmişdir. Bildirir ki, heç bir rəsmi iş yerində işləmir, stabil gəlirlərə malik deyil, təsadüfi işlərlə məşğul olub uşağın dolanacaq xərclərini çox çətinliklə və çox aşağı səviyyədə ödəyir. Asanlıqla demək olar ki, birgə nikahdan anadan olan uşaqları yarıac vəziyyətində yaşayır. Hazırki hüquqi mübahisə ilə bağlı mediasiya prosesini keçmiş, cavabdehlə aralarında hər hansı razılıq əldə edilməmişdir. Mediasiya orqanına 50-00 manat dövlət rüsumu ödəmişdir. Bu məbləğin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4298/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mustafayeva (İbrahimova) Turac Məcid qızı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə Bakı Şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 95 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 23 yanvar 2017-cu il tarixdə X4 iddiaçı (anası) Mustafayeva (İbrahimova) Turac Məcid qızının himayəsində saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, 23 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mustafayeva (İbrahimova) Turac Məcid qızının xeyrinə ödənilməsi qət edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4298/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin nikahı pozulmuş, uşaq ananın himayəsində saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh uşağın saxlanması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 23 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mustafayeva (İbrahimova) Turac Məcid qızının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh Bakı Metropoliteni geniş profilli avtomobil sürücüsü vəzifəsində çalışır və aylıq əmək haqqı 559 manat təşkil edir. Məhkəmə qeyd olunan halı nəzərə alaraq cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment (559 manat ¼ hissəsi = 140 manat + 53 manat = 193 manat) təyin etmişdir. Hazırda “Elektron Məhkəmə” informasiya sistemindən edilmiş sorğuya əsasən cavabdehin əmək müqaviləsi məlumatları aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın iki yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə uşağın yaş həddini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşaqların böyüməsi ilə xərclərinin və tələbatlarının artmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin hazırda rəsmi iş yerinin olmamasını, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin hər ay 235 (iki yüz otuz beş) manat məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı həmçinin əlavə olaraq mediasiyaya ödədiyi 50 (əlli) manatın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh İMS-də (mediasiya prosesində) iştirak etmədiyindən, bunun üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4899/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar