Məhkəmə qərarları › İş №2(005)-3326/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3326/2020

26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3326/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş borcun qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş borcun qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.330 (iki min üç yüz otuz) manat, eləcə də pul vəsaitinin uzun müddət ərzində qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə və ona vurduğu maddi ziyana görə 1.601 (bir min altı yüz bir) manat olmaqla, ümumilikdə 3.931 (üç min doqquz yüz otuz bir) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ilin yanvar ayından 14 (on dörd) nəfər dost-tanışları ilə birlikdə lotereya oynamağa başlamışdır. Həmin 14 (on dörd) nəfərin içərisində cavabdeh-bacısı Cavabdeh da var idi. Bacısı Cavabdeh ona təcili pul lazım olduğunu bildirərək, lotereyanın birinci ayının pulunu yığıb ona vermələrini xahiş etmişdir. O da lotereyanın pulunu (13 (on üç) nəfərdən, cəmi 1.300 (bir min üç yüz) manat) yığıb ona vermişdir. Növbəti ayların pulları yığılanda cavabdeh ona cəmi 50 (əlli) manat məbləğində pul vermiş və onun əvəzinə əlavə olaraq 50 (əlli) manat da onun özü tərəfindən qoyularaq lotereyanın pulunu ödəməsini xahiş etmişdir. O da bacısının xahişi ilə onun 50 (əlli) manat pulunun üzərinə əlavə olaraq 50 (əlli) manat da qoyub, cavabdeh şəxsin əvəzinə 100 (bir yüz) manat məbləğində pul vermişdir. Sonrakı aylarda da bacısı-Cavabdeh maddi vəziyyətinin pis olmasını bəhanə edərək ümumiyyətlə pul ödəməmişdir. Onun əvəzindən də hər ay lotereya üçün 100 (bir yüz) manat məbləğində pul ödəməyini ondan xahiş etmiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında yaranacaq borcunu öz aralarında yaxın vaxtlarda tam ödəyəcəkdir. Doğma bacısı olduğu üçün o cavabdeh şəxsə inanmış, lotereya oynayan digər dost və tanışlarının yanında pis vəziyyətdə qalmaması üçün onun əvəzindən sonrakı 12 (on iki) ay ərzində hər ay 100 (bir yüz) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 1.200 (bir min iki yüz) manat məbləğində pul ödəmişdir. Bu müddətdə bacısı-Cavabdeh ona olan borcundan heç nə ödəməmiş və bununla da cavabdeh şəxsin ona 1.250 (bir min iki yüz əlli) manat məbləğində borcu yaranmışdır. O, dəfələrlə ondan borcun qaytarılmasını xahiş etsə də, cavabdeh şəxs ona olan borcunu qaytarmamışdır. 2012-ci ilin mart ayından 14 (on dörd) nəfər tərkibdə onlar yenidən lotereya oyunamaga başladılar. Bacısı- Cavabdeh övladı olan Elfiranın banklara çoxlu borcu olduğunu deyib, onun borclarını ödəyə bilmək üçün yenidən onu da həmin tərkibə daxil etmələrini və birinci ay yığılan pulun ona verilməsini təkidlə və dönə-dönə yalvararaq xahiş etmişdir. Eyni zamanda ona bildirmişdir ki, həyat yoldaşı mənzil təmiri üçün yeni sifariş alıb (onun həyat yoldaşı mənzillərin tam təmir-tikinti işləri ilə məşğul olur), narahat olmağa heç bir əsas yoxdur, tezliklə onun köhnə lotereya borcunu qaytaracaq və yeni lotereyanın pulunu vaxtlı-vaxtında ödəyəcəkdir. Yalvarışlarına və verdiyi vədlərə inanaraq, bacı olduqlarından və qızının onu ağır maddi duruma saldığına acıyaraq onu da lotereyaya daxil etmiş və birinci ay yığılan 1.400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ona vermişdir. Növbəti ayların pulu yığılanda cavabdeh şəxs yenə də maddi durumunun pis olmasını bəhanə gətirərək pul ödəməmişdir. Lotereyada iştirak edən dost-tanışlarının yanında pis vəziyyətdə qalmaması üçün onun əvəzinə yenidən 14 (on dörd) ay, hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 1.400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ödəmişdir. Guya həyat yoldaşı təmir haqqını alan kimi o köhnə və təzə lotereyadan yığılan borclarını tam şəkildə ödəyəcəyinə söz versə də, ona cəmi 20 (iyirmi) manat məbləğində pul qaytarmış və bununla da sonuncunun ona əlavə olaraq 1.380 (bir min üç yüz səksən) manat məbləğində borcu yaranmışdır. 2017-ci ildə bacısı-Cavabdeh banka olan borcu ilə əlaqədar olaraq qızı Elfiranın saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə aparıldığını bildirmiş və buna görə də ondan borc pul istəmişdir. O, yenə də bacısı-Cavabdeh vəziyyətinə acımış, cəmi 500 (beş yüz) manat məbləğində borc verə biləcəyini bildirmişdir. Həmin pul vəsaiti onun digər qızının da gətirdiyi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti ilə birlikdə müvafiq icra və probasiya şöbəsinə ödəmişdir. Bununla da, cavabdeh-bacısı Cavabdeh ona ümumilikdə 3.130 (üç min bir yüz otuz) manat (1.250 (bir min iki yüz əlli) manat + 1.380 (bir min üç yüz səksən) manat + 500 (beş yüz) manat) məbləğində borcu yaranmışdır. O, bacısı-Cavabdeh pulunu dəfələrlə tələb etsə də, cavabdeh şəxs borcunu qaytarmamışdır. Yalnız 2017-ci ilin sonlarında ona olan borcundan cəmi 800 (səkkiz yüz) manat məbləğində olan hissəsini həyat yoldaşı Azad Şəfiyev vasitəsilə göndərmişdir. Bununla da, bacısı-cavabdeh şəxsin ona 2.330 (iki min üç yüz otuz) manat məbləğində borcu qalmışdır. Bundan sonra dəfələrlə bacısı-Cavabdeh müraciət edib, ona olan 2.330 (iki min üç yüz otuz) manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qanunsuz saxlamaqla bu günədək geri qaytarmamışdır. Sonuncu dəfə 5-6 ay əvvəl qardaşı Məhərrəməli Hüseynov ilə birgə onlara getdilər və həyat yoldaşı Azad Şəfiyev və kiçik qızı Gülnarın iştirakı ilə ona olan borcun ödənilməsi ilə bağlı söhbət etmişdilər. Həmin vaxt ona kənardan qohumları vasitəsilə məlum olmuşdur ki, cavabdeh-bacısı Cavabdeh 2019-cu ilin sentyabr ayının 25-də ailəliklə Türkiyə Respublikasında olan böyük qızları Elfiranın yanına gedərək orada qalıb, əri ilə özü geri qayıdıblar ki, ondan gizli şəkildə evlərini satıb birdəfəlik böyük qızları Elfiranın yanına köçsünlər. Qardaşının da müdaxiləsinə baxmayaraq, söhbətin sonunda bacısı-Cavabdeh hökmranə şəkildə bildirmişdir ki, ona olan borcunu qaytara bilməyəcəkdir. Ona görə də hesab edir ki, bacısı- Cavabdeh 2.330 (iki min üç yüz otuz) manat məbləğində pul vəsaitini uzun müddət ərzində qanunsuz istifadə etməklə, əsassız varlanmaqla ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Həqiqətdə, əgər vaxtında borcu qaytarsaydı 3.130 (üç min bir yüz otuz) manat məbləğində pul vəsaitinə görə illik bank uçot dərəcəsinə uyğun olaraq 5% olmaqla, 5 (beş) ilə görə 1.252 (bir min iki yüz əlli iki) manat, 2.330 (iki min üç yüz otuz) manat məbləğində pul vəsaitinə görə illik bank ucot dərəcəsinə uyğun olaraq 5% olmaqla, 2 (iki) ilə görə isə 349 (üç yüz qırx doqquz) manat məbləğində gəlir əldə etmiş olardı. Ona görə də, ona dəymiş zərərin məbləği 1.601 (bir min altı yüz bir) manat olmaqla, məhkəmə qaydasında həmin məbləğ bacısı-Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı şəxsin ona borcu vardır, belə ki, bacısının barəsində müvafiq polis şöbəsində şikayət olmuş, kömək məqsədi ilə ona borc vermişdir. Borcunu hələ də qaytarmayıb. Bu baxımdan müvafiq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: ASAN 1 tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı Cavabdeh qarşı “verilmiş borcun qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.330 (iki min üç yüz otuz) manat, eləcə də pul vəsaitinin uzun müddət ərzində qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə və ona vurduğu maddi ziyana görə 1.601 (bir min altı yüz bir) manat olmaqla, ümumilikdə 3.931 (üç min doqquz yüz otuz bir) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, əksinə iddiaçı şəxsin ona borcu olduğunu bildirərək, həmin borc məsələsinə görə onun müvafiq polis şöbəsində şikayəti üzrə toplanmış material olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ğdənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasəsən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər ) habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldən çıxmış fayda ) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və 445.2.2-ci maddəsinə görə isə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı eecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla, onun qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər; Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “verilmiş borcun qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş borcun qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar