Məhkəmə qərarları › İş №2(005)-3337/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3337/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3337/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisi və Cavabdeh1 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisi və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, "X3" ASC ilə bağlanan RM/85145/94/28 nömrəli müqaviləyə uyğun olaraq əsas borcdan artıq hesablanmış pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X1 təklif etmişdir ki, cavabdeh X3 ASC ilə bağlanan RM/85145/94/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13299,42 manat, həmçinin 221,96 manat və 25 manat dövlət rüsumuna görə ödənilmiş pulun, ümumilikdə 13546,38 manat pulun bank təşkilatının xeyrinə ondan tutulması barədə icra qeydi verilməlidir. Bu səbəbdən cavabdeh notariat orqanı xx.xx.2025-ci il tarixdə onun xəbəri olmadan icra qeydi aparmışdır. Yasamal rayon İcra Şöbəsindən icra məmuru onu dəvət etdiyi zaman, borcun alınması barədə icra qeydi aparıldığını və icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərildiyini bilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının ərizəsi qiymətləndirilməyən iddia ərizəsi hesab edildiyi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisi və Cavabdeh1 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul rüsum ödəyicisi İddiaçı (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar