Məhkəmə qərarları › İş №2(005)-334/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-334/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-334/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə nəqliyyat hadisəsi zamanı ona məxsus BMW markalı, 10 VD-530 dövlət qeydiyyat nişanlı avtomobililimə dəymiş 4125 manat məbləğində maddi zərərin və 62 manat məbləğində dövlət rüsumunun cavabdeh Meqa Sığortadan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü il tarixdə saat 10 radələrində özünə məxsus BMW markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi ilə Koroğlu metrosu istiqamətində saatda 50-60 km surətlə hərəkət edərkən X7 KİA Sorento markalı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən servisdən çıxarkən İddiaçı avtomobilinin ön və sağ tərəfini vurdu, İddiaçı avtomobilin yolun əks istiqamətində dayanmış X4 məxsus Opel Astra markalı 99OL175 dövlət qeydiyyat nişanlı avtomobilə dəydi və həmin avtomobil də yüngül zədələndi. Nəticədə İddiaçı avtomobilinin ön və sağ tərəfi tam yararsız vəziyyətə düşdü. Yol - nəqliyyat hadisəsi yerinə X3 KİA Sorento markalı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilinin sığorta edildiyi Meqa Sığortanın əməkdaşı və AR DİN-nin Sabunçu rayon Polis İdarəsinin Dövlət X10 böyük inspektoru, polis kapitanı Sahib Mirzəyev gəldi. Sahib Mirzəyev xx.xx.2023-cü il saat 10:20 radələrində avtomobilinin zədələnməsi barədə seriya AYP 046998 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış tərtib etdi və İddiaçı verdi. Meqa Sığortanın əməkdaşı isə avtomobilimin zədələnmiş hissələrinin şəkillərini çəkdi və qiymətləndirməyə göndərdi. Meqa Sığortanın xx.xx.2023-cü il tarixli qüsur aktında avtomobilimə dəymiş maddi zərərin məbləğinin 1720 manat məbləğində qeyd edildiyinə görə İddiaçı həmin məbləğlə razılaşmayıb Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən X13Ə müraciət etdi və onların xx.xx.2023-cü il tarixli qüsur aktında avtomobilimə dəymiş maddi zərərin məbləği 4125 manat məbləğində qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək xx.xx.2023-cü il tarixli qüsur aktında dəyişilməsinə və təmir edilməsinə ehtiyac olan bəzi avomobil hissələrinin qeyd edilmədiyini, sonradan əldə etdiyi qüsur aktında həmin hissələrin də öz əksini tapdığını bildirərək işə həmin qüsur aktı əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən məbləğlə razı olduğunu və həmin məbləği ödəməyə hazır olduqlarını bildirdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları AD 855137 nömrəli nəqliyyat vasutəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “BMW 530 minik” markalı, 10VD530 nömrəli avtomobilin mülkiyyətçisi İddiaçıdur. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icbari sığorta növündə 12 ay müddətinə sığortalanmışdır. 046998 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Balıxanov qəsəbəsi, B.Bünyatov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia-Sorento” markalrı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin ün sol hissəsi və “BMW 530 Sorento” markalı, 10VD530 nömrəli avtomobili ön və sağ hissələri zədələnmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X7 xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və nəticədə Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 1720 manat təşkil edir. “X13” MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 4125 manat təşkil edir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş müstəqil ekspert rəyindən müəyyən olunur ki, “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərər ehtiyat hissələri və təmir xidmətli ilə birlikdə 2220 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonunda baş vermiş yol nəqliyyat hadisəsində zədələnmiş “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin müstəqil ekspert tərəfindən 2220 manat məbləğində qiymətləndirildiyi və hesablanmış sığorta ödənişinin ödənilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi və bank hesabının Cəmiyyətə təqdim edilməsi bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 9/8241-8/3293 nömrəli ekspert rəyində qeyd olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyil. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə fiziki şəxs X5 tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3, “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1720,00 manat, dəyişilməli hissələrin qiyməti 830 manat, təmir-bərpa işlərinin qiyməti 890 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, X13 tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli 113 №-ii qüsur aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3, “BMW” markalı, “530” model, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3115,00 manat, dəyişilməli hissələrin qiyməti 1725 manat, təmirbərpa işlərinin qiyməti 1390 manat müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı mülkiyyətində olan və idarə etdiyi “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə X3 idarə etdiyi “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər dəymiş və buna dair “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili sığrota hadisəsindən icbari səğorta növündə sığortalan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktı ilə razılaşmayan İddiaçı bununla bağlı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC ona yeni müstəqil qüsur aktı ilə avtomobilə dəyən zərərin 2220 manat məbləğində qiymətləndirildiyini və bu məbləği götürməsini bildirmişdir. Lakin İddiaçı əldə etdiyi başqa qüsur aktı ilə dəyən zərərin 4125 manat olmasının müəyyən edildiyini əsas gətirərək həmin məbləğin "xxxx" MMC-dən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə, avtomobilin daxili zədələrinin yoxlanılmadığı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə 1720 manat, “X13” MMC-nin qüsur aktına əsasən isə avtomobilə 3115 manat zərər vurulduğu qeyd olumuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin X3 qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə X3 təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər X3 idarə etdiyi “Kia” markalı, “Serato” modelli, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta növündə sığortalamış "xxxx" MMC tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı və “X13” MMC tərəfindən verilmiş qüsur aktının müqayisəsi zamanı ilk qüsur aktının “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zahiri baxış keçirilməsi, ikinci qüsur aktının isə həmçinin avtomobilin daxili detallarının yoxlanılması ilə tərtib edildiyi müəyyən edilir. Belə ki, xx.xx.2023-cü il tarixli qüsur aktından dəyişdiirlməli olan 15 ehtiyat hissəsi, “X13” MMC tərəfindən verilmiş qüsur aktında isə 24 ehtiyat hissəsi qeyd edilmişdir. Məhkəmə “X13” MMC tərəfindən verilmiş qüsur aktının daha detallı yoxlama aparılmaqla tərtib edildiyini əsas götürərək bu qüsur aktına əsasən verilmiş ekspert rəyinidə qeyd edilən məbləğin cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-dən “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 3115 manat pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddənin təmin edilmiş hissəsinə mütənasib olaraq 46,5 manat pul cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 60 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 3115 (üç min yüz on beş) manat və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 46,5 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 60 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar