Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3360/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı (açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəymiş zərərə görə 1125 manat pulun, hadisə zamanı qırılmış eynəyinə görə 50 manat məbləğində pulun və ödədiyi 32 manat dövlət rüsimunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «Çinar Trans MMC-yə məxsus olan «Daevoo BS» markalı ** TH *** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi ilə BCDE dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 18-25 radələrində Bakı şəhəri Sabunçu rayonu H.Əliyev prospekti ilə hərəkət edən zaman Sabunçu qəsəbəsi istiqamətində körpünün üstü ilə hərəkət hərəkətdə olarkən qarşısında hərəkətdə olan «Vosksvagen Touareg» ** AS *** dövlət nömrə nişanlı avtomobilin qarşısında əyləcdən istifadə etmiş və ara məsafəsi saxlamadığından idarə etdiyi avtobusun qabaq hissəsi ilə həmin avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbdən «Vosksvagen Touareg» ** AS *** dövət nömrə nişanlı avtomobil də qabaq hissəsi ilə qarşısında hərəkət edən iddiaçıya məxsus «Kia Creed» markalı ** ET *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpılıb dayanmışdır. Ekspertin rəyinə əsasən iddiaçı sağlamlığına zərər vurulmayan xəsarətlər almışdır. Lakin boynu və başında hələ də güclü ağrılar vardır, aldığı xəsarətlə bağlı müalicə olunur, cavabdehlər ona heç bir tibbi yardım göstərməyiblər, müalicəsinə çəkdiyi xərci də ödəmirlər. Bundan başqa hadisə zamanı eynəyi qırılmışdır. Həmin eynəyi 50 manata almışdır. Hesab edir ki, cavbadehlər qırılan eynəyin pulunu da ödəməlidirlər. Özü müharibə veteranıdır, avtomaşınını düzəltməyə maddi imkanı yoxdur. Avtomaşına Kia motorsun servisində baxış keçirilmiş və xx.xx.2025ci il tarixli qüsur aktı tərtib edilmişdir. Həmin akta əsasən avtomaşına 1.125 manat məbləğində zərər dəymişdir, həmin zərəri cavabdehdən tələb edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, hadisə zamanı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. İddiaçı tərəfindən tələb olunan 1125 manat məbləğlə razı deyildir, iddiaçıya məxsus avtomobilin o qədər, heç 500 manat da xərci yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh2 MMC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək iclasın iştirakları olmadan keçirilməsinə və yekun məhkəmə qətnaməsi qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - 04.07.2025-ci il tarixli İXP ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə “Daewoo RS” markalı ** TH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 04.07.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə “Daewoo RS” markalı ** TH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh1 50 manat cərimə olunmuşdur. -"xxxx" MMC tərəfindən “Kia CEED” markalı 77ET814 qeydiyyat nişanlı avtomobilə ilkin baxış nəticəsində verilmiş qüsur aktından görünür ki, avtomobilə dəymiş ziyan üzrə yekun məbləğ ehtiyyat hissələri və xidmət haqqı daxil olmaqla 1125 manat müəyyən olunmuşdur. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması cinayət tərkibli xüsusatlar müəyyən edilmədiyindən rədd edilmiş, “Daewoo RS” markalı ** TH *** d.q.n avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPl-nin DYPŞ-nə göndərilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə digər Cavabdeh2 MMC-yə məxsus “DAEWOO BS090 avtobus” markalı 10TH028 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının idarə etdiyi “KİA Ceed” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh1 təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh Babayev X2 Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM-nin 1108.1-ci maddəsi). Eyni zamanda, Mülki Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). İşdə olan sübutlarla hadisə zamanı Cavabdeh1 Cavabdeh2 MMC-də avtobus sürücüsü vəzifəsində işləməsi, idarə etdiyi “DAEWOO BS090 avtobus” markalı 10TH028 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh – işəgötürən Cavabdeh2 MMC -nin adına mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydə alınması və nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında Cavabdeh1 istifadəsinə verilməsi müəyyən olunur. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi məqsədilə qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu hal işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə, və yaxud eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırki iş üzrə avtomobilinə zərər dəymiş iddiaçı vurulmuş zərərin işəgötürəndən və işçidən - Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından baş vermiş hadisədə mülki hüquq pozuntusuna görə Cavabdeh1 və Cavabdeh2 MMC birgə mülki hüquqi məsuliyyət daşıyır və bu səbəbdən dəymiş zərər onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə araşdırması zaman iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “X1” MMC-nin 17 avqust 2025-ci il tarixli ETM-091/Q/25 saylı rəyindən görünür ki, “KİA Creed” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobiliə dəymiş ziyanın (qüsur aktında qeyd olunan ehtiyyat hissələri və görüləcək işlər üzrə işçilik haqqı daxil) hazıki dövrə Respublikamızda orta bazar dəyəri - 905,0 (doqquz yüz beş) manat müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 905 manat həddində müəyyən edilməli, həmçinin iddiaçının eynəyinin qırılmasına görə 50 manat məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 32 (otuz iki) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 28 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlərdən müştərək qaydada alınaraq “X1” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada dəymiş zərərə görə cəmi 955 (doqquz yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 (iyirmi səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq “X1” MMC-nin hesabına (“X1” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada dəymiş zərərə görə cəmi 955 (doqquz yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 (iyirmi səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq “X1” MMC-nin hesabına (“X1” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3360/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3360/2025
26.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver