Məhkəmə qərarları › İş №2(005)-3361/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3361/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3361/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh-Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 21 iyul 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 iyul 2016-cı il tarixdə Cavabdeh ilə aralarında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 22000 manat məbləğində borc vermişdir. Bildirir ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Müqavilə formal olaraq bağlanmışdır. Onun cavabdehə 22000 manat məbləğində borcu yoxdur və cavabdeh, ona 22000 manat məbləğində borc pul verməyib. Bildirir ki, o, 02.03.2009-cu ildən 28.09.2016-cı ilə kimi cavabdehə məxsus olan apteklərdə xəzinədar vəzifəsində işləmişdir. Cavabdeh iddia edir ki, guya onun 2011-ci ildən 2016-cı ilə kimi aptekdə işləyən zaman əskiyi çıxıb. Cavabdeh heç bir yoxlama aparmadan ilk öncə onu notariusa aparmış və bildirmişdir ki, hazırda onların 22000 manat məbləğində aptekdə malı qalıb. Bunun cavabdehliyini o daşıyır və ona görə də 22000 manatlıq müqavilə bağlanmalıdır. Notariusda müqaviləyə qol çəkməyini məcbur etmişdir. Bundan sonra onlar aptekə daxil olan malların hesabını aparmış və məlum olmuşdur ki, onun heç bir əskiyi yoxdur. Cavabdehə bildirmişdir ki, artıq heç bir borcu yoxdur, ona görə də həmin müqaviləni ləğv etdirsinlər. Cavadeh isə ona bildirmişdir ki, heç bir ehtiyac yoxdur. Ondan pul tələb etmiyəcək. O, cavabdehə inanmış və həmin vaxt onunla notariusa getməmişdir. 2019-cu ildə isə cavabdeh ona qarşı borc tələbinə dair iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-8210/2019 saylı, 28.11.2019-cu il tarixli Qətnaməsi ilə, iddiaçı Cavabdeh ona qarşı borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, ondan 22000 (iyirmi iki min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nəğd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmiş və iddia tələbini təmin etmişdir. O, həmin qətnamədən Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bir daha qeyd edir ki, müqavilədə göstərilən məbləğ cavabdeh tərəfindən ona verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda qeyd etdiyi kimi 21 iyul 2016-cı il tarixdə aralarında bağlanmış borc müqaviləsində göstərilən məbləğ ona verilməmişdir. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda pul tələb olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, aralarında bağlanmış müqavilə ləğv edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirdi ki, o iddiaçıia daim ata kimi olmuş, ona köməklik etmiş, iddiaçıya inanıb pulu vermişdir. Pul müqavilə bağlanmazdan bir gün əvvəl verilmişdir. Pulun verilməsindən 6-7 ay sonra iddiaçının aptekə əskiyi olduğu ortaya çıxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8210/2019 saylı 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu Bahadur İslamovun iştirakı ilə borc verən Cavabdeh və borc alan İddiaçı arasında bağlanmış 21.07.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 22000 manat məbləğində borc vermişdir. Borc alan krediti 21.07.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklif məktubundan görünür ki, müqavilənin ləğvi ilə İddiaçı bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 21.07.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2-ci bəndlərinə əsasən borc verən borc alana 22000 manat məbləğində borc vermişdir. Borc alan krediti 21.07.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Lakin göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərinin icrası zamanı narazılıqlar yaranmışdır. Bu səbəbdən hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarının araşdırılarkən məhkəmə tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar