Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3378/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 51 saylı Notariat Ofisi, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı ("xxxx" QSC və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən maraqlı şəxslər qismində cəlb olunmaqla) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, 51 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli. 1S-5236 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə, "xxxx" MMC-nin, "Ferrum Kapital” QSC-nin və Bakı şəhəri 51 saylı Notariat ofisinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Optimal Elektronika" MMC ilə İddiaçı arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 40022474 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında həmin şirkətin ünvan 1 ünvanında yerləşən Optimal Live mağazasından həmin müqaviləyə 2 nömrəli əlavədə göstərilən 3 ədəd mal (1.Qaz üstü simfer, 2.Aspirator Simfer. 3.Soyudu Bosch) satın almışdır və aralarında olan razılığa əsasən ödənişləri müqaviləyə 1 nömrəli əlavədə göstərilmiş qaydada etməli idi. Həmin vaxt mənzili yeni aldığından və evin mətbəx mebeli quraşdırılmadığından aldığı məhsullar “Optimal Elektronika" tərəfindən Nəsrəddin Tusi küçəsi, 59, M11, mənzil 2 ünvanına gətirilərək evə qoyulsa da, qeyd olunan məhsulların yoxlanılaraq mənə təhvil verilməsi mümkün olmayacağından, məhsul qutuda bağlanmış şəkildə həmin mənzilə qoyuldu və məhsulu alarkən aralarında olan razılığa əsasən mətbəx mebeli quraşdırıldıqdan sonra həmin məhsullar yoxlanılaraq İddiaçı təhvil verilməli idi. Belə ki, mətbəx mebeli quraşdırıldıqdan sonra Aspirator Simfer markalı məhsulun texniki parametrləri mətbəx mebelinə uyğun gəlmədiyindən bununla bağlı “Optimal Elektronika MMC- yə məlumat verdi və həmin məhsul qutuda bağlı şəkildə İddiaçı evindən aparıldıqdan sonra həmin aspiratorun əvəzində “Aspirator Bosch" markalı məhsulu aldı və buna dair aralarında 08 09.2022-ci il tarixli, 40024434 nömrəli yeni müqavilə imzalandı və İddiaçı həmin müqavilə üzrə ödənişlərə dair ödəniş cədvəli təqdim olundu. Eyni zamanda Aspirator Simfer markalı məhsul İddiaçı tərəfindən geri qaytarıldığından “Optimal Elektronika" MMC ilə İddiaçı arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 40022474 nömrəli nisyə alqı-satqı müqaviləsi əlavə edilmiş ödəniş cədvəlində dəyişiklik edilərək İddiaçı yeni ödəniş cədvəli təqdim olundu və İddiaçı qeyd olunan ödəniş cədvəli üzrə ödənişləri tam şəkildə həyata keçirdikdən sonra “Optimal Elektronika" MMC tərəfindən İddiaçı qeyd olunan müqavilə üzrə öhdəliyə tam xitam verilməsi barədə maliyyə arayışı təqdim olundu. Eyni zamanda "Aspirator Bosch” markalı məhsulun nisə alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 40024434 nömrəli müqavilə üzrə ödənişi tam həyata keçirdikdən sonra İddiaçı öhdəliyə tam xitam verilməsi barədə müvafiq maliyyə arayışı təqdim olundu. İddiaçı müqavilə və ona əlavə edilmiş ödəniş cədvəli üzrə öhdəliyini tam icra etmişdir, eyni zamanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən çıxarışda qeyd olunan müqavilənin ləğv olunduğu və İddiaçı həmin müqavilə üzrə hər hansı öhdəliyinin olmadığı görünür. Eyni zamanda “Optimal Elektronika" MMC-dən şikayəti ilə bağlı “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti" tərəfindən araşdırma aparılmış və qeyd olunan qurum tərəfindən İddiaçı təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-21- 1/2-7769/2023 nömrəli məktubla da İddiaçı müqavilə üzrə hər hansı öhdəliyinin olmaması öz təsdiqini tapır. Bütün bunlara baxmayaraq, İddiaçı tərəfindən öhdəlik tam icra edildikdən sonra “Ferrum Kapital" QSC-nin problemli kreditlər şöbəsi tərəfindən İddiaçı ilə əlaqə saxlanaraq İddiaçı qanunsuz olaraq "Aspirator Simtər” markalı məhsulun dəyəri olan 139.97 manat pul tələb olundu, İddiaçı hər hansı borcunun olmadığı və bununla bağlı müvafiq sənədlərin olduğunu bildirdir və bununla bağlı şirkətin rəsmi internet səhifəsində qeyd olunmuş ***-***-**-** nömrəsinin whatsapp ünvanında həmin sənədən göndərdi. Daha sonra şöbənin Səbuhi adlı əməkdaşı həmin sənədlərin Bakı şəhəri. Demirchi Tower 15-ci yol 17-ci mərtəbə, 37 Khojali Avenue ünvanında yerləşən baş ofisinə təqdim olunmasını və tələb olunan pulun silinəcəyini bildirdi. İddiaçı hazırki icra qeydinin mövcudluğundan yalnız bu yaxınlarda Nərimanov Rayon icra şöbəsindən bildiriş aldıqdan sonra məlumatım oldu. Belə ki. uzun müddət Cahangir Zeynalov küçəsi, həyət 25, mənzil 7 ünvanında yaşamadığından həmin sənəd qonşusu tərəfindən qəbul olunaraq İddiaçı təqdim olundu. İddiaçı bildirişi aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 51 saylı Notariat ofisinə yaxınlaşdı və barəsində icra qeydinin aparılacağı barədə bügənədək İddiaçı müəyyən edilmiş formada bildiriş təqdim olunmadığı, həmçinin tələb olunan borc üzrə mübahisə mövcud olduğu və bununla bağlı hər hansı öhdəliyinin olmadığı və “Ferrum Kapital" QSC-nin hazırki məsələdən xəbərdar olduğu halda hansı səbəbdən barəsində icra qeydinin çıxarıldığını öyrəndikdə 51 saylı Notariat ofisi tərəfindən guya ki, şəxsən İddiaçı tərəfindən bildirişi qəbul etməyi barədə “Ferrum Kapital" QSC-nin notariusa təqdim etdiyi saxta poçt qəbzi təqdim olundu. İddiaçı uzun müddət ərzində Cahangir Zeynalov küçəsi, heyət 25. mənzil 7 ünvanında yaşamır. Qeyd olunan poçt qəbzindəki imza İddiaçı məxsus deyil, eyni zamanda poçt qəbzindən bildirişi qəbul edən şəxsin kimliyi və həmin qəbzin hansı tarixdə qəbul olunduğu qeyri-müəyyəndir. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin tələbkar tərəfindən borcluya bildiriş göndərildiyi halda aparır. Lakin “Ferrum Kapital" QSC-nin qeyd olunan borc İddiaçı qarşı hər hansı tələb etmək hüququnun olmadığı halda, İddiaçı tərəfindən şirkətə təqdim olunmuş öhdəliyə xitam verilməsi barədə sənədləri gizlətməklə, yalnız özünün mənafeyinə uyğun sənədləri və üzərindəki imza İddiaçı məxsus olmayan bildirişin təqdim olunması barədə saxta poçt qəbzini notariusa təqdim edərək barəsində qanunsuz icra qeydinin çıxarılmasına nail olmuşdur. Belə ki, "Fərrum Kapital” QSC-nin qeyd olunan hərkətləri nəticəsində "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmaqla notariat ofisinə müraciət olunmuşdur. Bakı şəhəri 51 saylı Notariat ofisi poçt qəbzində olan imza ilə İddiaçı məxsus şəxsiyyət vəsiqəsində olan imza arasında uyğunsuzluq olduğu, eyni zamanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində 40022474 nömrəli müqavilənin ləğv olunması barədə qeyd olduğu və hər hansı öhdəliyinin olmaması göründüyü halda, bununla bağlı araşdırmaya borclu olduğu halda hər hansı araşdırma aparmadan barəsində qanunsuz icra qeydi aparılmışdır. Qeyd olunanlara əsasən Notariat ofisinin icra qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC təhvil-təsli aktında (əlavə 2) göstərilən malları “alıcı” İddiaçı satır, alıcı isə malları qəbul edir və razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. - xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 298 manat, sonuncu ay isə 299,97 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, müqavilə üzə alıcıya təhvil verilən mallar : Qaz üstü simfer, aspirator simfer, soyuducu bosch. - xx.xx.2022-ci il tarixli, 60002978 nömrəli qaytarma-dəyişdirmə qaiməsindən görünür ki, dəyəri 169,99 manat olan aspirator simfer “Optimal Live” mağazasının anbarına geri təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli 40024434 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" MMC təhvil-təsli aktında (əlavə 2) göstərilən malları “alıcı” İddiaçı satır, alıcı isə malları qəbul edir və razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. - xx.xx.2022-ci il tarixli 40024434 tarixli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 27 manat, sonuncu ay isə 24.99 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 40024434 tarixli nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, müqavilə üzə alıcıya təhvil verilən mallar : aspirator bosch-dur. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır. - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-1/2-7769/2023 nömrəli müraciətə cavab məktubunda qeyd olunur ki, "xxxx" MMC Xidmətə ünvanlanmış məktubda xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edildiyi və İddiaçı həmin müqavilə üzrə heç bir öhdəliyi və borcunun olmadığı, bununla bağlı müvafiq arayışın İddiaçı təqdim edildiyi bildirilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlarda qeyd olunur ki, İddiaçı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3 ədəd məhsulu kreditlə əldə etmişdir. Sonradan müqavilə üzrə müştəri sifariş etdiyi məhsullardan birindən (Simfer Aspirator) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə borc məbləği azalmışdır. Müştəri ödənişləri vaxtında etmişdir. Hazırda İddiaçı xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borcu 0 manat təşkil edir. Ferrum Kapitalda 40022474 saylı müqavilə üzrə borcalanın adında olan 139,97 manat artıq borc qalığı "xxxx" MMCnin öhdəliyidir. - xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" QSC-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 139,97 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 164,97 manat pul tutulmalıdır. İcra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3 ədəd məhsulu kreditlə əldə etmişdir. Sonradan müqavilə üzrə müştəri sifariş etdiyi məhsullardan birindən (Simfer Aspirator) imtina etmiş və məhsulu geri qaytarmışdır. Daha sonra bosch aspirator alınmasına dair "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 40024434 nömrəli müqavilə imzalanmışdır. İddiaçı hər iki müqavilə üzrə öhdəliklərini icra etmiş, "xxxx" MMC onun müqavilə üzrə borcunun olmamasına dair arayışlar vermişdir. Buna baxmayaraq, İddiaçı xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə geri qaytarılmış məhsullardan birindən (Simfer Aspirator) imtina etdiyi halda bu malın dəyərinin ödənilməsi üçün "xxxx" QSC-nin müraciəti əsasında icra qeydi verilmiş və icra məmuru tərəfindən icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından İddiaçı bağlanmış nisyə-alqı-satqı müqavilələri üzrə heç bir borcunun olmadığı sübut olunur. Onun xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsi üzrə icra edilməmiş öhdəliyi olmadığı halda, bu müavilə üzrə onun icra edilməmiş öhdəliyinin - müddət üçün gecikdirilmiş ödəniş məbləğinin qalması əsası ilə icra qeydinin aparılması İddiaçı hüquqlarının kobud pozuntusudur. İcra qeydinin aparılmasına əsas olmuş xx.xx.2022-ci il tarixli, 40022474 tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv olunması və İddiaçı həmin müqavilə üzrə borcunun qalmadığı sübut olunur. Bu səbəbdən də icra qeydi qanunsuz aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh tərəf icra qeydi verilən tarixdən əvvəl qanunvericiliyə müvafiq qaydada borcluya bildiriş göndərilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan poçt xəbərnaməsində olan “şəxsən” sözündən sonra atılmış imzanın İddiaçı məxsus olmadığı aydın olur. Belə ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsində və "xxxx" MMC-lə bağladığı müqavilələrdə və aktlarda olan imzalar eyni olduğu halda, bu imzalar ilə onun adından poçt xəbərnaməsinə atılmış imza arasında aşkar və ciddi uyğunsuzluq var. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən normaların tələblərinin pozulduğu müəyyən olunmuş, cavabdeh tərəfindən iddiaya etirazın əsaslı olması, qeyd edilən normaların tələblərinə riayət olunması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə "xxxx" MMC-nin, "Ferrum Kapital” QSC-nin və Bakı şəhəri 51 saylı Notariat ofisinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsi hissəsində iddia tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəf bu hissədə tələblərinin əsaslı olmasında dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Fiziki və hüquqi şəxslərin mülki hüquqpozuntusuna yol verməsi onların hərəkətlərində cinayət tərkibinin olmasına dəlalət etmir. İddiaçı bu hissədə iddia tələbinin əsaslı olduğunu sübut edə bilmədiyindən bu iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhər 51 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 8İ-6155 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhər 51 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 8İ-6155 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3378/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3378/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver