Məhkəmə qərarları › İş №2(005)-339/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-339/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-339/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 910 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə hüquqlarının müdaifə edilməsi məqsədi ilə Cavabdeh vəkil kimi tanıyaraq onun vəkil xidmətlərindən istifadə etmək üçün Cavabdeh 910 manat pul ödəmişdir. Cavabdeh isə məhkəmədə gəlib iştirak etməmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, Cavabdeh vəkil deyil. Cavabdeh pul əldə etmək üçün özünü ona vəkil kimi təqdim etmişdir. İddiaçı məcbur qalaraq başqa vəkilllə müqavilə bağlamışdır. Daha sonra İddiaçı pulun qaytarılması üçün 23-cü polis bölməsoinə müraciət etmişdir. Lakin Cavabdeh pulu hələ də qaytarmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahat verərək, tələb edilən pul məbləğindən 100 manat pulun cavabdeh tərəfindən vəkilə ödənildiyini təsdiq etdi, qalan məbləğin isə cavabdehdən onun xeyrinə ödənilməsini tələb etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsində cinayət işi ilə əlaqədar vəkil Cavabdeh ilə onun məhkəmədə iştirak etmk üçün müqavilə bağladığını, Cavabdeh ondan 910 manat pul aldığını, lakin Cavabdeh məhkəmədə iştirak etmək hüququnun olmadığının aydın olduğunu, sonra Rəna xanıma 100 manat ödəyərək onu göndərdiyini və Rəna xanımın məhkəmə iclasında iştirak etdiyini bildirmişdir. Araşdırma zamanı qeyd olunan hadisəni törətmiş şəxsin yerinin müəyyən edilməsi məqsədi ilə müvafiq tapşırıq verilmişdir. Lakin araşdırma müddəti ərzində heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və ərizəçiyə vətəndaşa mülki qayadada məhkəməyə müraciət etməsi hüququnun olması izah olunmuşdur. İş materiallarında olan diskdə olan səs yazısından aydın olur ki, Cavabdeh İddiaçı vəkil xidmətinin qarşılığı olaraq 910 manat pul aldığını, 100 manat pulu Rəna adlı bir şəxsə verdiyini, 160 manat pulu müqavilə bağlamaq üçün verdiyini, 640 manat pulu İddiaçı qaytarmadığını, həmin məbləğdən 440 manat pulu qaytara biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarınında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, digər sübutlarla yanaşı yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarını da sübut qismində dəyərləndirilə bilər. Mülki iş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəmədə hüquqlarının müdaifə edilməsi məqsədi ilə Cavabdeh vəkil kimi tanıyaraq onun vəkil xidmətlərindən istifadə etmək üçün Cavabdeh 910 manat pul ödəmişdir. Cavabdeh isə məhkəmədə iştirak etməmişdir. İddiaçı Cavabdeh ödənilmiş pul məbləğinin ona geri qaytarılmasını tələb etsə də Cavabdeh həmin məbləği iddiçıya geri qaytarmamışdır. Belə olan halda İddiaçı pul məbləğinin geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. Belə ki, cavabdeh xidmət göstərməyin qarşılığında pul məbləği qalmış, lakin həmin xidməti razılaşdırılmış həcmdə göstərməmişdir. Nəticədə İddiaçı vəkil xidmətindən istifadə edilməsi üçün yenidən başqa şəxsə pul ödəməli olmuş, beləliklə ona maddi ziyan vurulmuşdur. Ona vurulun maddi ziyan cavabdehin iddiaçıdan aldığı pulu qaytarmamasından törəmişdir. Məhkəmə iddiaçı tərəfindən qaytarılması tələb olunan borc məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazılarından iddiaçının özünün də cavabdeh tərəfindən ona 640 manat pul qaytarılmalı olduğunu təsdiq etdiyi, cavabdehin isə bu məbləğdən 440 manat qaytarmağa razı olduğu aydın olur. Məhkəmə iddia ərizəsində göstərilən bütün məbləğin deyil, 640 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olduğundan 30 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi üçün tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 640 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumun əvəzi olaraq 30 manat pul Cavabdeh dövlət büdcəsi üçün tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar