Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3402/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 200000 manat ziyanın onlardan tutularaq kompensasiya şəklində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun 1996-cı ildən indiyə kimi hər il Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, həmçinin digər dövlət instansiyalarına və məhkəmələrə ailəsinin özəlləşdirmə çeklərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tabeliyindəki özəlləşdirməyə çıxarılmiş müəssisələrdən birinə qoyulmasının təmin olunması üçün etdiyi müraciətləri nəticəsiz olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində qəbulda onun ərizəsi, özəlləşdirmə payları-çekləri alınmış və söz vermişlər ki, tabeliklərindəki özəlləşdirməyə çıxarılmış müəssisələrin birinə qoyulmasını təmin edəcək və onu məlumatlandıracaqlar. Sözlərə əməl edilməmiş, eyni zamanda onun özəlləşdirmə payları - çekləri qaytarılmamışdır. İstifadə müddəti bitdikdən sonra, 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən cavab verilmiş, məsələ ilə bağlı Dövlət Əmlak Komitəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Özəlləşdirmə payları ancaq müəssisələrə qoyulur və onun müəssisə almaq niyyəti və imkanı olmadığından Dövlət Əmlak Komitəsinə müraciəti yersizdir. Ailə tərkibi 3 nəfər olmaqla 3 ədəd özəlləşdirmə paylarının hər birində 4 ədəd özəlləşdirmə çeki olduğundan və hər özəlləşdirmə çeki ildə ən az 500 manat dividend (gəlir) gətirdiyindən 26 il ərzində hər il vaxtında ödənilməklə 156000 manat gəlirləri olardı. Vaxtında ödənilmədiyindən bütün illər üzrə istehlak qiymətləri indeksinə görə əlavə dəymiş ziyanla birlikdə 185000 manat ödənilməlidir. 15000 manat vaxt itkisinə, nəqliyyat xərclərinə, minlərlə ərizənin komputerdə yazılması, on minlərlə arayışların surətlərinin çıxarılması xərclərinə, fiziki və mənəvi ziyana görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə cəmi vurulmuş 200000 manat ziyan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən, yaxud dövlət büdcəsindən kompensasiya şəklində ödənilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və ona dəymiş əlavə ziyana görə də cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən 15000 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən 100000 kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən 200000 kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etirazını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli, 312 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nizamnaməsi təsdiq edilmiş və həmın fərman 1994-cü il 5 aprel tarixli, 126 nömrəli fərmanı ilə qüvvədən düşərək ARDNŞ-nin nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə 1994-cü il 5 aprel tarixli, 126 nömrəl Fərman qüvvədən düşmüş və SOCAR-ın yeni nizamnaməsi təsdiq edilmiş və həmin nizamnamə hazırda da qüvvədədir. SOCAR 100 faiz dövlət müəssisəsi olmaqla, dövlətə məxsusdur. İddiaçını iddia ərizəsində qeyd etdiyi kimi deyil, SOCAR özəlləşdirməyə açıq elan edilməmişdir. Ümumiyyətlə SOCAR-ın özəlləşdirməyə açıq elan edilməsi bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu səbəbdən, İddiaçı iddia ərizəsində göstərdiyi hallar tam əsassızdır. Ərizəsində SOCAR tərəfindən ona zərərin vurulduğunu bildirsə də, lakin rezərərin nədən ibarət olduğunu, onun hüquqi əsasını nə təşkil etdiyini bildirməmışdır. İş üzrə iddiaçının iddia tələbi rədd edilməlidir. Socar tərəfindən nə əmlak, nə də qeyri-əmlak xarakterli zərər yetirilməmişdir. Çünki, iddiaçı ona dəymiş real zərəri və ya əldən çıxmış faydanı hər hansı dəlillə sübuta yetirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin tam əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi əəsassız olduğunundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilən: Bakı Apellasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4920/2021 saylı qətnaməsinə görə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edərək ona və ailəsinə dəymiş 60000 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamış, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4920/2021 nömrəli qətnaməsi ilə təmin edilməmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5077/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 98000 manat məbləğində ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, iddia tələbi rədd edilmişdir; Azərbaycan Respublikasının Milli Depozitar Mərkəzinə ünvanlanmış sorğuya verilmiş xx.xx.2023-cü il tarixli, 6-1864-14-xx.xx.2023 nömrəli cavabdan görünür ki, MDM-in uçot sistemindəki məlumatlara əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı adına hesab açılmamışdır və onun qiymətli kağızlara sahibliyi barədə məlumat mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı analoji məsələ ilə bağlı müxtəlif vaxtlarda eyni məzmunlu tələblə məhkəməyə müraciət etmiş və hazırkı mübahisə ilə eyni əsaslarla çıxış etdiyi işlər üzrə iddia tələbləri əsassız olduğu üçün rədd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı özü və ailəsinə məxsus özəlləşdirmə çeklərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyindəki müəssisələrin birinə qoyulmasına maneə yaradılıdığı və cavabdeh tərəfindən özəlləşdirmə çeklərinin tabeliyindəki özəlləşdirilməyə çıxarılmış müəssisələrin birinə qoyulmasının təmin ediləcəyi vədi ilə ondan alındığı qeyd olunsa da, iş materialları ilə cavabdehə məxsus qiymətli kağızın olmadığı aydın olur. İddiaçının ailə üzvlərinə məxsus özəlləşdirmə çekləri və bununla bağlı onlara dəymiş ziyanla bağlı əlaqədar qeyd edilməldir ki, hazırkı mübahisə üzrə İddiaçı bu tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud deyildir. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli Fərmanının 2-ci maddəsinə görə dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnaməyə görə dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alındıqdan sonra Milli Depozit Sistemində qeydiyyatdan keçirilir. Özəlləşdirmə paylarından yalnız onları Milli Depozit Sistemində qeydiyyatdan keçirdikdən sonra istifadə edilə bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının ona dəymiş zərərə görə kompensasiya tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən ona dəymiş zərərin nədə ifadə olunduğu, ona vurulmuş zərərin necə formalaşması barədə məhkəməyə sübut təqdim olunmamış və bu hal iş materialları ilə öz təsdiqini tapmamış. Mübahisə üzrə İddiaçı cavabdeh tərəfindən dəymiş zərər və onun miqdarı heç bir mötəbər sübutla təsbit olunmamışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus qiymətləri kağızların mövcudluğunun təsdiq olunmaması, iddiaçının ailə üzvlərinə dəymiş potensial zərər xüsusunda subyektib hüquqa malik olmaması, iddia ərizəsi və ona əlavələrdə göstərilmiş zərərlə bağlı heç bir sübutun iş materiallarında mövcud olmaması səbəbilə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı dividendin və digər vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3402/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3402/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver