Məhkəmə qərarları › İş №2(005)-3404/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3404/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3404/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: cinayət əməli nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat pulun və iddia tələbinə dair ödədiyi 135 (yüz otuz beş) manat dövlət rüsumunun ondn alınaraq verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlheydər qızı ona və oğlu X3 Almaniya Federativ Respublikasına getmək üçün viza düzəldəcəyi, oğlunun orada təhsil alması, yaşamaqları və işlə təmin olunmaqları üçün şərait yaradılması kimi yalan vəd edərək onu aldatmış, 05 may 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında ondan 10000 (on min) manat, təxminən bir həftə sonra 2021-ci ilin iyun ayının əvvəllərində yenə həmin ünvanda 5000 (beş min) manat pullarını ondan almış, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Əlheydər qızının ona qarşı törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli hesab edilmiş və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə Cavabdeh Əlheydər qızı aldatma və dələduzluq yolu ilə aldığı pulları qaytarmamış və qaytarmaq belə fikri yoxdur. Buna görə də Cavabdeh Əlheydər qızının vurduğu 15.000 (on beş min) manat ziyanın qaytarılması barədə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə iddia tələbimi təmin edib, Cavabdeh Əlheydər qızından 15.000 (on beş min) manat pulun və iddia tələbinə dair ödədiyim dövlət rüsumunun ondan alınaraq verilməsi barədə qətnamə qəbul edəcək. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3404/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-782/2024 saylı hökmündən görünür ki, Cavabdeh X4 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, X1 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlarla bağlı Cavabdeh “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 1(103)-361/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər - İddiaçı, X8, X5 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilməsi, zərərçəkmiş şəxslər X4 və X1 qarşı törədilmiş dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cavabdeh barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 7.0.36. Zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-782/2024 saylı hökmündən görünür ki, Cavabdeh X6 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, X1 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlarla bağlı Cavabdeh “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmdən, zərərçəkmiş şəxslər – İddiaçı, X8, X5 və X2 birgə apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün cəza hissədə ləğv edilməsini və Cavabdeh Azərbaycan Repsublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-361/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər - İddiaçı, X8, X5 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilməsi, zərərçəkmiş şəxslər X4 və X1 qarşı törədilmiş dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cavabdeh barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)- 782/2024 saylı hökmü hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin hökmdən göründüyü kimi, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı aldadaraq ona və oğlu X3 Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltməsi, orada təhsil alması, yaşamaları və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər verib bunun müqabilində 15000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib, 05 may 2021ci il tarixdə yaşadığı ünvan 2 ünvanda 10000 manatı, təxminən bir həftədən sonra isə 2021-ci ilin may ayının əvvəllərində həmin ünvanda 5000 manatı İddiaçı vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək sonuncuya 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyəşlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı 15000 manat maddi ziyan vurmaqla bağlı yol verdiyi qanunsuz əməllərə görə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı isə sonuncu barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi məhkəmə hökmü ilə cavabdehin iddiaçıya münasibətdə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi sübut olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırda iddiaçı cavabdehin qanunsuz əməli nəticəsində ona vurulmuş ziyan kimi 15000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu təmin edilmiş iddianın həcminə mütənasib olaraq tərəflərə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 135 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində borc və ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində borc və ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar