Məhkəmə qərarları › İş №2(005)-3417/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3417/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3417/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaliq oğluna qarşı müstəntiqin hərəkətsizliyinin qanunsuz hesab olunması, mənəvi zərərin ödənilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaliq oğluna qarşı məhkəmə qətnaməsinin icra edilməməsinin qanunsuz sayılması, müstəntiqin hərəkətsizliyinin qanunsuz hesab edilməsi mənəvi zərərin tutulması və prosessual cərimənin tətbiq olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Nərimanov RPİnin müstəntiqi Cavabdeh3 tərəfindən qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərardan şikayət etmiş və bu şikayət əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həmin qərarın qanunsuz hesab olunması və ləğv edilməsi barədə qətnamə çıxarılmışdır. Qətnamə ilə araşdırmanın davam etdirilməsi və onun icrasına nəzarət prokurora həvalə olunmuşdur. Lakin 2024-cü ilin iyul ayına qədər heç bir istintaq hərəkəti aparılmamış, hadisə yerinə baxış keçirilməmiş, üzləşdirmə və şahidlərin dindirilməsi həyata keçirilməmiş, məhkəmə qərarının icrası ilə bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bu, qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi və vəzifəli şəxsin hərəkətsizliyi deməkdir və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İnzibati Prosessual Məcəllənin 11, 64, 108 və 109-cu maddələrinə ziddir. Əlavə olaraq, Cavabdeh2 məhkəmə araşdırmasının mövzusunu təşkil edən hadisənin birbaşa iştirakçısıdır və onun qeyri-qanuni hərəkətləri nəticəsində ona ciddi psixoloji və mənəvi zərər dəymişdir. Müstəntiqin hərəkətləri nəticəsində hüquqları pozulmuş, şərəf və ləyaqəti təhqir olunmuş, ədalət mühakiməsi hüququ uzun müddət bərpa olunmamışdır. Bu səbəbdən mənəvi zərərin əvəzi kimi 7000 manatın cavabdehlərdən, o cümlədən birbaşa zərərvuran Cavabdeh2 da müştərək qaydada tutulması tələb olunur. Hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası adından qəbul edilmiş üç məhkəmə qərarı - iki Nərimanov Rayon Məhkəməsinin və bir Bakı Apellyasiya Məhkəməsinin qərarı icra edilməmişdir. Hər üç qərarda onun şikayəti üzrə hüquqlarının pozulduğu təsdiq edilmiş, hüquq-mühafizə orqanlarına araşdırma aparmaq, cinayət işinə baxmaq vəzifəsi qoyulmuşdur. Buna baxmayaraq nə Nərimanov Rayon Polis İdarəsi, nə də istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror, həmçinin cavabdehlərdən biri olan müstəntiq Cavabdeh3 tərəfindən bu qərarların heç biri nəzərə alınmamış, icrası təmin olunmamış və qanuni aktlar sayılmamışdır. Bu isə məhkəmə qərarlarının məqsədli şəkildə icra olunmaması və dövlətin hüquqi iradəsinin pozulması deməkdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavabdeh3 tərəfindən qəbul edilmiş "Cinayət işi başlanılmasının rədd edilməsi barədə" 22 dekabr 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının əsas tələbi müstəntiqin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, məhkəmə nəzarəti qaydasında qəbul edilmiş məhkəmə qərarının icra olunmaması ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. 189-cu maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü və cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə müəyyən olunur. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır; 449.1-ci maddəsinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.3-cü maddəsinə görə bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər; 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı müstəntiqin hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin yoxlanılması məqsədilə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdir. Həmin hal cinayət mühakimə icraatı qaydasında araşdırılmalı məsələ olduğundan, mülki məhkəmə qaydasında müvafiq məsələyə baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.3 və 15.4-cü bəndlərinə görə, Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaliq oğluna qarşı müstəntiqin hərəkətsizliyinin qanunsuz hesab olunması, mənəvi zərərin ödənilməsi və sair tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müstəntiqin hərəkət və ya hərəkətsizliyindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət vermək hüququna malikdir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar