Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3420/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların azyaşlı övladları olan Qəzənfər və Turanın iddiaçının xüsusi mülkiyyətində **- LX-*** dövlət nömrə nişanlı, "Mersedes E Klass" markalı avtomaşınına sıyrıqlar atmaqla vurduqları 500 manatın, 100 manat dövlət rüsumunun, cəmi 600 (altı yüz) manatın müştərək qaydada birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçının xüsusi mülkiyyətində **-LX-*** dövlət nömrə nişanlı, "Mersedes E Klass" markalı avtomaşın var. Hər bir ev sakini kimi iddiaçı da avtomaşınını ev sakinləri üçün müəyyən edilmiş, kamera müşahidəsi ilə mühafizə olunan ərazidə saxlayır. 10 iyun 2022-ci il tarixində saat 21 radələrində yenə də avtomaşınını müəyyən edilmiş yerdə saxlayıb evinə gəlmiş, avtomaşını saxlayanda ərazidə cavabdehlərin uşaqlarının orada olan ağacın budaqlarını sındırmaq və ziyanlıq vurmaqla məşğuldurlar. Bir böyük kimi və məhəllə sakini kimi onlara bu davranışlarına son qoymağı tövsiyə etmişdir. Cavabdehlərin uşaqları ona cavab qaytararaq həmin ərazidən uzaqlaşmış, o da heç bir şey olmamış kimi evinə keçmişdir. Özlüyündə narahatçılıq olduğu üçün saat 01-02 radələrində çölə çıxıb avtomaşınına yaxınlaşmış, gördüyü mənzərə onu şoka salmışdır. Belə ki, avtomaşının sol tərəfindəki hər iki qapıları dərin sıyrıqlarla zədələnmişdir. Dərhal 102 məlumat xidmətinə müraciət etmiş və oradan 18-ci polis bölməsinə dəvət edilmiş və hadisəni təfsilatı ilə şikayət şəklində təqdim etmişdir. Ertəsi gün müşahidə kameralarına baxış keçirərkən məlum oldu ki, iddiaçının xüsusi mülkiyyətində olan **-LX-*** dövlət nömrə nişanlı,"Mersedes E Klass" markalı avtomaşınına dərin sıyrıqlarla ziyan vuran iş üzrə Cavabdeh1 oğlu bildiyinə görə 9cu sinif şagirdi Qafarlı Turan və onun bacısı olan, iş üzrə digər Cavabdeh2 oğlu bildiyinə görə 5 və ya 6-cı sinifdə oxuyan Qəzənfərdir. Hadisənin araşdırılması məqsədi ilə uşaqların valideynləri ilə əlaqə saxlamış və kamera görüntülərini təqdim etmişdir. Heç bir əhəmiyyət verməyərək biganə qaldılar. Bu hadisə zamanı ona 500 manat dəyərində ziyan dəymişdir. Bununla bağlı X6 Azərbaycan MMC tərəfindən verilmiş təmir sifarişi aktı da əldə edilmişdir. Polis tərəfindən aparılan araşdırma zamanı dedikləri öz təsdiqini tapmışdır. Ziyanın ödənilməsi üçün polis tərəfindən iş üzrə cavabdehlərə təkliflər edilsə də, heç bir nəticə hasil olunmamışdır. Bu hadisədən xeyli müddət əvvəl bir neçə dəfə təkrarlanmış və yenə də ziyanı vuran cavabdehlərin uşaqları olmuşdur. Söhbət zamanı və polisin qərarından da məlum olur ki, bu hadisələrin sifarişçisi iş üzrə cavabdeh olan Cavabdeh2dır. Bu azmış kimi Cavabdeh2 tərəfindən öz evində təhqir və təzyiqə məruz qalmış onların bu çirkin əməlləri qəsdlə və qərəzli şəkildə edilmişdir. Artıq məhkəmə qaydasında pozulmuş hüququnun bərpa edilməsi və vurulmuş ziyanlığın ödənilməsi mümkünsüzdür. Göründüyü kimi vurulmuş ziyanlığın ödənilməsi labüddür və uşaqlar azyaşlı olduğu üçün bu öhdəlik onların valideynlərinin üzərinə düşür. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı özü onun oğlu Turanı və nəvəsi Qəzənfəri təhqir etmiş, söymüş, Qəzənfəri vurmaq istəmişdir. Uşaqlara qarşı təhqiramiz hərəkətlərə yol vermişdir. İddiaçı onunla qonşudur, beş ildir ki, onların qonşuluğunda yaşayır. O, xarakter olaraq çox kobud insandır, əvvəllər də dəfələrlə uşaqları incidib və təhqir etmişdir. Əgər onun avtomaşınına xəsarət vurulubsa da, onun uşaqlara və cavabdehə aidiyyəti yoxdur. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Nərimanov RPİ-nin 18-ci PŞ-də toplanmış materiallar əsasında Cavabdeh2 izahatında “xx.xx.2022-ci il tarixdə axşam saatlarında 2012-ci il təvəllüdlü oğlu X3 və qardaşı 2009-cu il təvəllüdlü X4 həyətin çölündə olan tut ağacından tut dərərkən qonşuluqda yaşayan Əlövsət onlara irad bildirmiş sonra isə uşaqlara nalayiq küçə söyüşləri söyüb onları təhqir etmişdir. Cavabdeh2 Əlövsətin bundan başqa bacısı X2 da söydüyü üçün qardaşı və oğlunun söyüşlərə cavab olaraq Əlövsətin avtomaşınını cızdığını bildirmişdir. Cavabdeh2 İddiaçı uşaqları söydüyü üçün onun avtomaşınına dəymiş ziyanı ödəmək fikrinin olmadığını bildirmişdir.” göstərilmişdir; "xxxx" MMC tərəfindən verilmiş təmir sifarişi aktında "Mercedes E klass" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşına qabaq və arxa sol qapılarının təmiri üçün ümumilikdə 483.49 (dörd yüz səksən üç manat qırx doqquz qəpik) manat qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı tərəf küçədə çəkilmiş video görüntünü təqdim etsə, məhkəmə həmin sübutu mötəbər hesab etmir. Belə ki, cavabdehlərin uşaqlarının küçədə gəzməsi, iddiaçının avtomobilinin yanından keçməsi avtomobilə vurulmuş zərərin məhz onlar tərəfindən törədilməsi üçün əsas ola bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Zərərin əvəzinin odənilməsinə munasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona 500 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmiş, bu tələbini təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3420/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3420/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver