Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3425/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikili üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikili üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat məbləğində maddi zərərin əvəzinin alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Ağbis kəndində qeydiyyatda olmaqla 1993-cü ildən Zəngilan rayonunun işğalından sonra hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində məskunlaşaraq yaşayır. 2013-cü ilin təxminən mart-aprel aylarında mənzilin qapısı döyülmüş, qapısı döyən şəxs özünü X6 təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilin mülkiyyyətçisi olmasını və yaşadığı mənzili 28.000 manat dəyərində satın almasını bildirmiş və həmin evin anasının adına olması ilə bağlı çıxarış təqdim etmişdir. Cavabdeh həmin mübahisəli evin plana düşməsini eşitmiş və əlavə gəlir əldə etməsi məqsədi ilə ona qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30,4 kv.metr mənzildən çıxarılmağı və mənzilin cavabdehin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və onun Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerlşən 6 saylı mənzildən çıxarılması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnaməyə əsasən verilmş xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində göstərilən ünvanda olduğu zaman icra sənədi tam olaraq icra edilmiş, burada xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və o, cavabdehə məxsus mübahisəli mənzildən məhkəmə qətnaməsi ilə çıxarılmışdır. Həmin mübahisəli evlə bağlı tərəfindən bir çox təmir işləri aparılmışdır. Belə ki, həyətdə qonşuların gediş-gəlişinə maneə yaratmayacaq bir ölçüdə mənzil istismar sahəsi ilə razılaşdırmaqla mənzilin yanında olan boş sahədə 7.000 manata mətbəx, 10.000 manat isə hamam tikdirmiş, əlavə 3.000 manat xərc çəkərək evin eyvanını da 8 kv.metr qabağa çəkərək böyütmüşdür. Məcburi köçkün ailəsi olduğuna görə qonşular və MKİS-nin əməkdaşları ona çox hörmət qoyurlar. Bundan başqa, həmin mənzilin təmirinə 8.000 manat xərc çəkmiş, 1.200 manat dəyərində plastik qapı-pəncərə və 600 manata mənzilə dəmir seyf qapı qoydurmuşdur. Yaşadığı məhəllədə mənzilin sahibi kimi iddiaçını tanıyırlar. Məhkəmə qətnaməsi ilə mübahisəli evdən çıxarıldığı üçün cavabdehdən evə çəkdiyi heç bir xərcin əvəzini istəməmişdir. Amma hamamın tikintisi üçün çəkdiyi xərcin əvəzini istəsə də, cavabdeh bundan imtina edərək, həmin hamamın onun mülkiyyətində olan evin həyətində inşa edildiyi üçün ona məxsus olmasını və hamamın tikintisi üçün çəkdiyi xərcin əvəzinin ondan istəməsinə hüququnun olmamasını bildirmişdir. Cavabdehin bu cür hərəkəti nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətindədir və cavabdeh həmin mənzili alan zaman onun sanuzel otağı da olmuşdur. İddiaçı da həmin sanuzel otağının onun tərəfindən tikilməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, həmin sanuzel otağı özbaşına tikilidir və iddiaçının ona münasibətdə hər hansı hüququ olmadığından onun tələbi də əsassızdır. Cavabdeh həmin mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Zemfira Rüstəmova isə həmin evi xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, sonuncu isə xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçıdan almışdır. 2013-cü il tarixdə iddiaçı özü cavabdehə müraciət edərək kirayə evdə yaşamaq istədiyini bildirmiş və cavabdeh də evi kirayəyə vermişdir. İddiaçı uzun müddət həmin evdə qalandan sonra, kirayə haqqı ödəmədiyinə görə cavabdeh onun evdən çıxarılması barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırmış və iddia təmin edilmişdir. Daha sonra qətnamə icra edilmiş və iddiaçı həmin evdən çıxarılmışdır. İddiaçı iddia ərizəsində guya həmin evin hamamının öz hesabına tikildiyini və buna görə çəkilmiş 10.000 manat xərcin ödənilməsini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evi X2 sonra da, həmin evdən çıxmaq istəmədiyi üçün X12 bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında iddiaçını evdən çıxara bilmişdir. Göründüyü kimi iddiaçının göstərdikləri əsassızdır və iddia rədd edilməlidir. İş materiallarından olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X15 və X8 Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı, X15 və X8 əşyaları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-354/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzilindən çıxarılması qət edilmişdir. xx.xx.2023-vü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev xx.xx.2023-cü il tarixdə İddiaçı, hal şahidi Məlik Mehtiyev və tələbkar Cavabdeh nümayəndəsi Vəkil iştirakıları ilə akt tərtib edərək, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzilindən çıxarılması barədə icra sənədini təmin etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, ünvan 2, 6 saylı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-7/930 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı DNK-nın 4Ə-58 reyestr nömrəli xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzinin notariusu B.Ə.Tağızadə tərəfindən təsdiq edilmiş 4Ə-384 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahtlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil ilkin olaraq İddiaçı mülkiyyətində olmuş, o, həmin mənzili X10 alqı-satqı yolu ilə satmış, Azər Məmmədov mənzili X5, sonuncu isə mənzili 2013-cü ildə alqı-satqı yolu ilə özgəninkiləşdirərək, Cavabdeh satmışdır. Göründüyü kimi, sözügedən mənzil uzun müddətdir ki, iddiaçının mülkiyyətində deyildir. İş materiallarında tədqiq olunmuş məhkəmə qətnamələrindən müəyyən olunur ki, Azər Məmmədov iddiaçıya qarşı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbləri ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. Daha sonra iddiaçı mənzil artıq Cavabdeh mülkiyyətində olan zaman mənzildə kirayə yaşamağa başlamış, 2023-cü ildə isə cavabdeh yenə də iddiaçının mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. Ümumiyyətlə iddiaçı mənzil ilkin olaraq Azər Məmmədova satıldıqdan sonra keçən müddət ərzində həmin mənzildə onun tərəfindən hər hansı yaxşılaşdırmaların aparılması və ya mənzilə yaxın yerdə əlavə hamam otağı tikdirməsi ilə bağlı iddia irəli sürməmişdir. Hazırda isə iddiaçı sözügedən ünvanda tikilmiş hamam otağının onun tərəfindən tikilməsi və tikintisi üçün 10.000 manat pul xərcləməsi əsası ilə cavabdehdən həmin məbləğin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın qanuni əsası kimi MM-nin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı hamamın tikintisi üçün çəkdiyi xərcin əvəzini tələb edərkən iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda Cavabdeh iddia etdiyi xərcin əvəzinin tələb edilməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi hamamın tikintisi üçün xərc çəkdiyini və həmin xərcə görə məhz Cavabdeh öhdəlik daşımasını sübuta yetirməlidir. Göründüyü kimi, iddiaçının dəlilləri məhkəmə araşdırılması zamanı tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçının qeyd edilən ünvanda hər hansı bir tikili inşa etməsi və buna 10.000 manat pul xərcləməsi müəyyən edilmir. Hətta iddiaçının dedikləri həqiqət kimi qəbul edilsə belə, ünvan 2, 6 saylı mənzilin İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1, mübahisəli hamamın tikintisinə iddiaçının iddia etdiyi xərcin nəzərə alınıb-alınmamasına dair hər hansı mötəbər sübutlar mövcud deyil. Belə ki, iddiaçı bildirmir ki, mənzili özgəninkiləşdirərkən, həmin hamam alqısatqı müqaviləsinin predmeti olmamışdır, yaxud da ki hamama görə çəkdiyi xərc alqı-satqı müqaviləsinin qiymətinə daxil olmamışdır. Göründüyü kimi, iddiaçı ümumiyyətlə iddia tələbində bu məsələlərə toxunmur, ya da ki bununla bağlı hər hansı münasibət bildirmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tikili üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi”nə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tikili üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3425/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3425/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver