Məhkəmə qərarları › İş №2(005)-3436/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3436/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3436/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Güloğlan Məmmədovun onu həbs etdirəcəyi, döydürəcəyi, ailə və yaxınlarının taleyi yaxşı olmayacağı təhdidi altında 6 saylı Dövlət Notariat Kontorunda X7 ilə aralarında 28.02.2019-cu il tarixədək qaytarılması şərti ilə 28.05.2018-ci tarixdə bağlanmış yalan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xarici ölkədə olarkən tanış olmuş, aralarında tanışlıq münasibəti yaranmış, Azərbaycanda olarkən də zəngləşərək görüşmüşlər. 2013-cü ilin əvvəlində söhbət edərkən balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlmişlər, bu işin qurulması üçün Biləsuvar rayonunda yaşayan qardaşı İftixarla danışmış, qardaşı bildirmişdir ki, onun Biləsuvar rayonu Səmədabad qəsəbəsində icarəsində olan 100 hektar torpaq sahəsində həmin təsərrüfatın yaradılması üçün şərait var. Razılaşmaya görə Cavabdeh və o, hər biri bu işin qurulması üçün 150000 manat pul qoyaraq, torpaq sahəsinin tapılması, gölün yaradılması, gölə balıq buraxılması və balığın yetişdirilməsi işlərini qardaşı İftixarla görəcəkdir. Cavabdeh ona razılaşdıqları təsərrüfatı yaratmaq üçün 150.000 manat pul vermişdir. Birlikdə qoyduqları vəsait hesabına Biləsuvar rayonu Səmədabad qəsəbəsində qardaşı İftixarın icarəsində olan torpaq sahəsinin ərazisində göl qurmuş, gölə su buraxaraq balıqçılıq təsərrüfatı yaratmaq üçün hazır vəziyyətə gətirmiş və 2013-cü ilin mart ayının əvvəlində gölə balıq tökmüşlər, bu işlərin həyata keçirilməsinə və balığın yetişdirilməsinə qardaşı İftixar nəzarət etmişdir. 2013-cü ilin may ayında bir neçə gün ərzində dayanmadan yağan yağışlar nəticəsində göldə suyun səviyyəsi qalxmış və qarşısı alınmaz təbii hadisə nəticəsində göl partlayaraq, gölün suyu və balıqlar axaraq kollektora tökülərək axıb getmişdir. Baş vermiş hadisə ilə bağli Cavabdeh məlumat vermiş, sonuncu belə olan halda təsərrüfata yatırdığı pulunu tələb etmişdir, lakin təsərrüfatın məhv olmasında onun günahı olmadığını, bu hadisənin qarşısı alınmaz təbii fəlakət nəticəsində baş verdiyini bildrirərək, hazırda pulu olmadığını, dəymiş zərəri bacardığı qədər hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Cavabdeh SOCAR şirkətinin xaricdəki nümayəndəliyində çalışdığından çox vaxt Azərbaycanda olmurdu, aralarında həmişə normal münasibət olmuş, rayonda məclislərində də iştirak etmişdir. 2018-ci ilin əvvəlində Sabunçu rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyən Cavabdeh atası Güloğlan Məmmədov onu və qardaşı İftixarı yanına çağıraraq pulu tələb etmiş, lakin onada bu hadisənin qarşısı alınmaz təbi fəlakət nəticəsində baş verdiyini bildirərək, hazırda pulu olmadığını, dəymiş zərəri bacardığı qədər hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Cavabdehin atası onları eşitmək belə istəmədiyini, pulu yaxın bir müddətdə ödəməsələr onlar üçün yaxsı olmayacağını bildirmişdir. Bundan sonra o və qardaşı İftixar dəfələrlə Güloğlan Məmmədovun yanına xahişə-minnətə getsələr də, xeyri olmamış, hər dəfə həbs etdirəcəyi, döydürəcəyi, ailə-yaxınlarının taleyi yaxşı olmayacağı ilə təhdid etmiş, əlavə olaraq bildirmiş ki, pul verilərkən 1 dollar 78-qəpik idi, hazırda isə 1 dollar 1 manat 70 qəpikdir, həmin pulu dolların manata olan fərqini və əlavə olaraq hər il üçün faizləri də nəzərə alınmaqla ödəməlidirlər. 2018-ci ilin may ayının 28-də Sabunçu rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyən Cavabdeh atası Güloğlan Məmmədov onu təhdid altında 6 saylı Dövlət Notariat Kontoruna apartdırmış və oğlu Cavabdeh ilə aralarında 28.02.2019-cu il tarixədək qaytarılması şərti ilə 250000 manata kredit müqaviləsi bağlatdırmışdır. Aralarında kredit müqaviləsi bağlanarkən Cavabdeh ona pul verməmiş və ondan hər hansı pul qəbul etməmişdir. Həmin yalan müqaviləni Güloğlan Məmmədovun onu həbs etirəcəyi, döydürəcəyi, ailə və yaxınlarının taleyinin yaxşı olmayacağı ilə bağlı təhdidi altında bağlamışdır. Bundan sonra o və qardaşı X3 yanına gedərək kredit müqaviləsində göstərilən məbləğə etiraz etmiş və bu pulu ödəyə bilməyəcəklərini bildirmiş, o isə “gedin, real borclu olduğunuz pulu ödəyin, sonrasına baxarıq” demişdir. Onlar çıxarkən iddiaçınn atasına bildirmişlər ki, bir daha onun yanına getməyək pulu düzəldib verərkən bacısı oğlu Fuadla görüşərək ona verək. Müəyyən qiymətli əşyalarını sataraq 30 aprel 2019-cu il tarixdə Mahir Həsənovun yanında 57.000 manat pulu SOCAR şirkətinin yanacaq doldurma məntəqəsində, həmin yanacaq doldurma məntəqəsində xəzinədar işləyən Güloğlan Məmmədovun bacısı oğlu Fuada vermiş, bundan sonra yenə də qohum-əqrabadan borc toplayaraq, 31 oktyabr 2019-cu ildə yenidən yanacaq doldurma məntəqəsində Fuadla görüşərək, 50000 manat pulu Fuada vermişdir. Pulu qəbul etməsi barədə səs yazısı onda var. Bundan sonra üç dəfəyə olmaqla (500, 500, 300 ) Cavabdeh adına 1300 manat pul göndərmişdir. Birlikdə gördükləri iş nəticəsində Cavabdeh dəymiş zərərin 108300 manatını ödəmişdir. Cavabdeh atası Güloğlan Məmmədovun onu həbs etdirəcəyi, döydürəcəyi, ailə və yaxınlarının taleyinin yaxşı olmayacağı təhdidi altında 6 saylı Dövlət Notariat Kontorunda Cavabdeh ilə aralarında 28.02.2019-cu il tarixədək qaytarılması şərti ilə 250000 manata kredit müqaviləsi bağlayarkən, pul verməyib və ondan hər hansı pul qəbul etməmişdir. Həmin kredit müqaviləsi cavabdehlə onun 2013-cü ildə yaratdıqları balıqçılıq təsərrüfatının təbii fəlakət nəticəsində məhv olması nəticəsində dəymiş zərərlə bağlı olmuş, həmin yalan müqaviləni bağlamağa məcbur edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi X2 bildirmişdir ki, tərəflər arasında borc olmuş, iddiaçı borcu qaytarmaq istəmədiyindən, polisə şikayət etmişdir. Polisə şikayət etmək məqsədi hədə qorxu deyil, hüquqlarının müdafiəsi idi. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə nümayəndələrin çıxışlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Borc verən Cavabdeh borc alan İddiaçı arasında bağlanmış 28.05.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 250000 manat məbləğində borc vermiş və borc alan krediti 28.02.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Biləsuvar İcra Hakimiyyəti Başçısının Sərərncamından görünür ki, X4 rayon İcra Hakimiyyətinin 29.09.2006-cı il tarixli 346 saylı sərəncamı ilə icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin istifadəyə yararsız olduğunu nəzərə alıb, ona qonşu ərazidən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X5 icarəyə yeni torpaq sahəsinin verilməsi barədə müraciət etmiş və ona 100 hektar torpaq sahəsi uzun müddətli istifadə etmək məqsədi ilə 25 il müddətinə icarəyə verilməsi, həmçinin Biləsuvar İcra Hakimiyyətinin 29.09.2006-cı il tarixli 346 saylı sərəncamı və 29.09.2006-cı il tarixli 1093 saylı torpaq icarə müqaviləsi qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borc verən Cavabdeh borc alan İddiaçı arasında 28.05.2018-ci il tarixdə notarial qaydada təsdiq edilməklə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borc verən borc alana 250000 manat məbləğində borc vermiş və borc alan krediti 28.02.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəf məhkəmə iclasında belə kredit müqaviləsinin 2018-ci ilin may ayının 28-də Sabunçu rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyən Cavabdeh atası Güloğlan Məmmədov onu təhdid altında 6 saylı Dövlət Notariat Kontoruna apartdırması və oğlu Cavabdeh ilə aralarında 28.02.2019-cu il tarixədək qaytarılması şərti ilə 250000 manata kredit müqaviləsi bağlatdırması ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin 354.2-ci maddəsinə yanaşma baxımından iddiaçı ona qarşı zorun və hədənin olduğunu sübut edə bilmədiyindən iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini də ötürmüşdür. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar