Məhkəmə qərarları › İş №2(005)-3443/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3443/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3443/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Bakı Şərab-1" ATSC-nin xeyrinə 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 dekabr 2016-cı ildə “Bakı Şərab 1” ATSC-nin təchizat və salış şöbəsinin sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, 03.02.2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. 28 dekabr 2016-cı ildən 03 fevral 2020-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə Cavabdehlə 28.12.2016-cı il tarixli, 22 saylı və 25.12.2017-ci il tarixli, 22 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehlə “Bakı Şərab-1" ASC-1 arasında bağlanmış, yuxarıda sözügedən müqavilələrin tələblərinə əsasən cəmiyyətdə işlədiyi və Ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində Ona etibar olunmuş avtomaşının, eləcə də məhsulların və satışdan əldə edilən pulların qorunub-saxlanılmasına. pulun cəmiyyətin xəzinədarlığına təhvil verilməsinə cavabdeh olmaqla yanaşı, tam maddi məsuliyyət daşımışdır. 10 yanvar 2017-ci ildən 06 mart 2017-ci ilədək olan müddətdə, müvafiq sənədlərlə (qaimə və s.) Ona satış məqsədi ilə, ümumilikdə 60.130,60 (altmış min bir yüz otuz manat altmış qəpik) manat dəyərində alkoqollu içkilər verilsə də, həmin malların 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində olan hissəsi cəmiyyətin xəzinədarlığına onun tərəfindən ödənilməmişdir. Cavabdehlə bağlanmış, yuxarıda sözügedən tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən onun tam maddi məsuliyyətinə verilmiş hazırkı vaxta qalıq dəyəri 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində alkoqollu içkiləri və ya bu içkilərin dəyəri bu günədək cəmiyyətə ödənilməmişdir. Cavabdehin maddi məsuliyyətini istisna edən hallar olmadığından, yuxarıda qeyd olunan məbləğdə pul vəsaitinin cəmiyyətə ödənilməsinin təmin olunması üçün müvafiq iddia ilə məhkəməyə müraciət etməkdə haqlı və hesab edir ki, bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. Qeyd edilir ki, cəmiyyətə vurulmuş 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində maddi zərərin könüllü olaraq ödənilməsi cavabdehə təklif edilsə də, cavabdeh bu vəsaiti ödəməmişdir. Yuxarıda göstərilən xüsusatlara əsasən hesab edirlər ki, cavabdehdən cəmiyyətin xeyrinə 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində pul tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu qeyd edərək, bildirdi ki, o işdən öz ərizəsi əsasında azad edilib. İşdən azad edilərkən təhvil-təslim aktı tərtib edilmişdir. Belə ki, o zavodun nümayəndəsinə mağazalarda hansı məbləğlərdə borclarının qaldığı barədə məlumat verirdi və o da bununla bağlı akt tərtib edirdi. O uzun müddətdir ki, bu işlə məşğul olur və bir neçə şirkətlə işləmişdir. Bütün şirkətlərdə işdən azad edilərkən təhvil-təslim aktı tərtib edilir və həmin akt şirkətin özündə saxlanılır. İlk dəfə belə hal ilə rastlaşır. Belə ki, bütün şirkətlərdə işçi işdən azad edilərkən qalıqlar barədə akt tərtib edilir və onun yerinə təyin edilən yeni işçi həmin qalıqların yığılmasını həyata keçirir. Bəlkə də zavoda yeni rəhbər vəzifə tutan şəxslər təyin edilmişdir və onlar onun iştirakı ilə qalıqların yığılmasını istəyirlər. Cavabdeh işdən azad edilərkən zavodun nümayəndəsi tərəfindən təhvil-təslim aktı tərtib edilmişdir. Həmin akt zavodun nümayəsində saxlanılmışdır. Cavabdeh məhkəmə iclası barədə məlumat əldə etdikdə aktla bağlı zavoda müraciət etdi və onlar aktın onlarda olduğunu, ona göstərə biləcəklərini, lakin cavabdehə verilməsinin mümkün olmadığını bildirdilər. İddia ərizəsi ilə bağlı zavoda müraciət etmişdir və hesab edir ki, akt onlar tərəfindən məhkəməyə təqdim edilməlidir. Cavabdeh həmişə bu şəkildə işlədiyi üçün həmin aktın surətini almaq barədə düşünməmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndələrinin iştirakı olmadan mülki işə baxıb, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, tam maddi məsuliyyətin daşınması barədə 28 dekabr 2016cı il tarixli 22 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə məhsul və satışdan əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdeh olmuş və tam maddi məsuliyyət daşımışdır. İş materiallarında olan, tam maddi məsuliyyətin daşınması barədə 25 dekabr 2017-ci il tarixli 22 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə məhsul və satışdan əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdeh olmuş və tam maddi məsuliyyət daşımışdır. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Bakı Şərab-1”ASC Cavabdeh 01.04.2021-ci il tarixinə onun 10730.60 borcu olduğunu bildirmiş,borcun 5 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Bakı Şərab-1”ASC Cavabdeh 01.04.2021-ci il tarixinə onun 10730.60 borcu olduğunu bildirmiş,borcun 10 gün ərzində onlarla əlaqə saxlanılması və cəmiyyətin inzibati binasına yaxınlaşması xahiş edilmişdir. Məhkəmədə müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh 28 dekabr 2016-cı ildə “Bakı Şərab 1” ATSC-nin təchizat və salış şöbəsinin sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, 03.02.2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə cavabdehlə 28.12.2016-cı il tarixli, 22 saylı və 25.12.2017-ci il tarixli, 22 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Hal-hazırda iddiaçı "xxxx"ASC tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh tam maddi məsuliyyətinə verilmiş hazırkı vaxta qalıq dəyəri 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində alkoqollu içkiləri və ya bu içkilərin dəyəri bu günədək cəmiyyətə ödənilmədiyini bildirərək Cavabdeh “Bakı Şərab-1" ATSC-nin xeyrinə 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq Cavabdeh 10.730,60 (on min yeddi yüz otuz manat, altmış qəpik) manat borcunun olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübutlar təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehlərin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar