Məhkəmə qərarları › İş №2(005)-3465/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3465/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3465/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin iddiası qismən təmin edilərək ondan iddiaçının xeyrinə əsas borc üzrə 3324 manat 98 qəpik, faiz borcu üzrə 356 manat 51 qəpik, cəmi 3631 manat 49 qəpik məbləğində pul vəsaiti tutulmuşdur və məhkəmə xərcləri bölüşdürülmüşdür, iddia və onun əsasında qəbul edilmiş qətnamə “smslə bağlanmış müqaviləyə və onun qeyri-müəyyən şərtlərinə əsaslanmışdır. Hesab edir ki, həmin müqavilə etibarsızdır. Belə ki, cavabdeh Bankın mövqeyinə əsasən Cavabdeh ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə “dostlar klubu kartı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 36 faizədək olmaqla gələcəkdə ona kredit verilə bilərdi. xx.xx.2014-cü il tarixində tərəflər arasında bağlanılmış xx.xx.2012ci il tarixli “Baş Saziş”-in həmin qeyri-müəyyən müddəasına əsasən ona 7569 manat məbləğində SMS vasitəsilə kredit verilmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən SMS-lə və dəqiq olmayan şərtlər əsasında ona kredit verilməsi etibarsızdır. Belə ki, kredit müqaviləsinin sms-lə bağlanması Mülki Məcəllənin 740.2-ci və 406.3-cü maddələrinə ziddir. Sms-lə “bağlanan" “müqavilədə" kreditin əsas şərtləri (dəqiq illik faiz dərəcəsi və s.) göstərilməmişdir. Bu hal Mülki Məcəllənin 405.1-ci maddəsinə ziddir. Sms-lə “bağlanan” "müqavilədə” tərəflərin imzaları yoxdur. Bu hal Mülki Məcəllənin 407.2-ci maddəsinə ziddir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə sms-lə kredit verilməsi zamanı yazılı müqavilə bağlanmamışdır.Eyni zamanda Bakı şəhər Yasamal rayon məhkəməsinə cavabdehin ona qarşı qaldırdığı iddia çərçivəsində həmin məhkəmənin əldə etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində vurğulanmışdır ki, tərəflər arasında olan müqavilədə "illik faiz dərəcəsi dəqiq nəzərdə tutulmamış”, aylıq ödənişin məbləği və tarixi barədə razılaşdırılmış ödəniş cədvəli təqdim edilmədiyindən kreditin aylıq ödəniş məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun tərəfindən faktiki olaraq 7262.49 manat vəsaitin ödənidiyi faktı da təsdiq edilmişdir. Analoji nəticə həmin məhkəmə prosesi zamanı digər ekspert rəyində (13138, xx.xx.2019) də öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq,xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən ona sms-lə kredit verilməsi faktı etibarsız əqd hesab edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmə prosesində iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, R-BS-DK04099/12 saylı Razılaşmadan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Razılaşma imzalanmış və sonuncuya 1 ədəd Dostlar klubu Gümüsh kartı verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə əsasən əsas borc üzrə 3324 manat 98 qəpik, faiz borcu üzrə 356 manat 51 qəpik, cəmi 3681 manat 49 qəpik məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 19.73 faizi, yəni 3 manat 95 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 80.27 faizinin, yəni 16 manat 05 qəpiyinin isə cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, iş üzrə məhkəmə məsrəfi olan 490 (145+145+200) manat ekspertiza xərcinin 50%-i, yəni 245 manatı iddiaçıdan, qalan 50%-i, yəni 245 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6280/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, BS-DK04741/12 saylı Baş Saziş, xx.xx.2012-ci il tarixli, R-BS-DK04099/12 saylı Razılaşmadan görünür ki, 12 ay müddətinə illik 36 faizlə 10000 manat məbləğində vəsait müştərinin kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinin tələbinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı üçün əsaslı sübutlar təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə mövcud borcu tam ödənilmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış öhdəliyinə xitam verilməsindən də söhbət gedə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənmilmiş dövlət rüsumu 20 manat İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar