Məhkəmə qərarları › İş №2(005)-3492/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3492/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3492/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin məbləğinin artırılması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1064/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1064/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 03 avqust 2012-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 600 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması haqqında qərar qəbul edilmişdir. Birgə nikahdan doğulmuş - X7 və X8 iddiaçı (anası) İddiaçı yanında saxlanılması qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(005)-1064/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 22 yanvar 2020 -ci il tarixindən başlayaraq, 01 aprel 2013-cü il təvəllüdlü X7 və 05 yanvar 2015 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 ( yüz yetmiş, cəmi 340-üç yüz qırx) manat sabit pul məblağində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. X19 Heyətinin 31 avqust 2022-cİ il tarixli qərarı ilə təsdiq edilmiş “Mediasiya haqqında” AR qanununun 33-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 01663 nömrəli "barışıq sazişi’ hazırlanmışdır. Cavabdeh öhdəlik götürür ki, 01 aprel 2013 -cü təvəllüdlü X7 və 05 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu Saziş bağlandığı gündən hesablanmaqla uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220(iki yüz iyirmi, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyə. Tərəflər razılaşırlar ki, alimentin məbləği 440 manat müəyyən olunsada, Cavabdeh hər ay üçün ümumilikdə 280( iki yüz səksən) manat məbləğində alimenti müvafiq ayın sonuncu gününədək X5 adına açdırdığı bank hesabına (karta) ödəyəcək. Bununla, da Bu saziş gələcək (yığılacaq) borc məbləği tam ödənilənədək Cavabdeh tərəfindən ayda 280 manat ödənilməsi davam etdiriləcək. X10 öhdəlik götürür ki, bu saziş imzalandığı gündən 1( bir həftə) ərzində adına bank hesabına(kart) açdırılıb alimentin Ödənilməsi üçün lazımı məlumatları Cavabdeh təqdim edəcək. Bundan başqa Cavabdeh İddiaçı 2065 manat borcu vardır. Hal-hazırda X7 11 (on bir) və X4 9 (doqquz) yaşlan var. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır, dərsdən əlavə ödənişli məşğələlərə getdikləri üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh ikinci evliliyindən sonra, xüsusi ilə üçüncü dəfə ata olduqdan sonra uşaqlarına çox biganə yanaşır və il ərzində uşaqlarına çox az vaxt ayırır. Buna görə də görə iddiaçı X15 “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 1064/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat (cəmi 340 manat) məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ona qarşı "alimentin miqdarının artırılması" tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş hər uşağa görə hər ayda 235 manat (cəmi 470 manat) məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, o iddia tələbini qəbul etmir. Belə ki, ərizəçi bildirir ki, iddiaçı ilə ayrılanda razılaşıblar ki, əlilliyinə görə dövlət tərəfindən ona yataqxanada sığınacaq kimi verilmiş bir otağı yaşamaq üçün ona verməyi müqabilində o da ərizəçidən az məbləğdə aliment tələb edəcək. Bu razılaşmaya əsasən həmin vaxtdan sığınacaq kimi ona verilmiş otağı iddiaçıya vermiş və iddiaçı 4 ildir ki, uşaqlarla birlikdə həmin evdə yaşayır. Cavabdeh bildirir ki, o özü isə müvəqqəti olaraq gəlib valideynlərinin yaşadığı evə sığınmışdır. Qeyd edir ki, özü hazırda İ qrup əlildir, iş qabiliyyəti yoxdur. X3 İİ qrup, qardaşı X12 İ qrup əlildirlər. Bundan əlavə o, 06 fevral 2023-cü il tarixdən X2 ilə ailə qurmaqla, birgə nikahlarından 20 noyabr 2023-cü ildə doğulmuş X26 adlı bir uşaqları vardır. Bildirir ki, yuxarıda qeyd etdiyi kimi, səhhətilə əlaqədar olaraq işləyə bilmir, pensiyadan başqa heç bir gəlir mənbəyi yoxdur, valideynləri və qardaşı da əlil olmaqla işləyə bilmədiklərinə görə onlardan da maddi dəstək yoxdur. Onlar öz təqaüdləri ilə özlərini birtəhər dolandırırlar. Bildirir ki, əgər təyin olunmuş alimentin məbləği artırılarsa onun və ailə üzvlərinin maddi vəziyyəti çox ağırlaşar. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini və təqaüdünün 2/3 hissəsi məbləğində aliment tutulmasını qəbul etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materialları: - 24.04.2024-cü il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş və 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1064/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 03 avqust 2012-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 600 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması haqqında qərar qəbul edilmişdir. Birgə nikahdan doğulmuş - X7 və X8 iddiaçı (anası) İddiaçı yanında saxlanılması qət edılmişdir. Cavabdeh 22 yanvar 2020 -ci il tarixindən başlayaraq, 01 aprel 2013-cü il təvəllüdlü X7 və 05 yanvar 2015 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 ( yüz yetmiş, cəmi 340-üç yüz qırx) manat sabit pul məblağində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. - Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. - Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. X8 xx.xx.2015-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. - Ağdaş rayonu ƏSMN tərəfindən tərəfindən verilən əlillik vəsiqəsinin surətindən görünür ki, Cavabdeh İİ qrup əlildir. - Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Qaşqovaq kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Süleymanov X1 yaşayır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X16 DOST Mərkəzi tərəfində verilən arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkarlanmamışdır. Əsaslandırıcı hissə: b. İşin faktiki halları: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaqlar anasının yanında qalır. Cavabdehdən yetkinlik yaşına çatmayan övladlarının saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulur (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1064/2020 saylı qətnaməsi) Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsindən göründüyü kimi, valideynin daimi gəliri yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin və tutulma qaydasının dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən ödənilən alimentin məbləği minimum dolanacaq xərclərindən azdır, cavabdehin gəlirləri kifayət qədərdir. Göstərilən hallar isə alimentin məbləğinin və tutulma qaydasının dəyişdirilməsi üçün əsas kimi çıxış edir. Həmçinin nəzərə alınmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, işin materiallarından məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması, həmçinin cavabdehin rəsmi gəlirləri barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən, digər tərəfdən isə uşaqlar üçün hazırki müddətə minimum yaşayış həddi nəzərə almaqla iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 215 manat olmaqla, cəmi 430 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də alimentin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq alimentin artmış hissəsi üzrə (illik 1080 manat) ödənilməli olan dövlət rüsumu 30.80 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1064/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 215 manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30,80 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar