Məhkəmə qərarları › İş №2(005)-3498/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3498/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3498/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X3 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətindən avtomobilinə dəymiş 745 (yeddi yüz qırx beş) manat məbləğində zərərin, avtomobilə çəkilən əlavə xərclər üçün 100 (bir yüz) manat, iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 (əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixdə Sülh prospekti, Bakı-Quba yolu istiqamətində ona məxsus “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil İntizar Zeynalova məxsus “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə avtomobilinin sol tərəfinin hər iki qapıları, sol tərəf ayaqaltı və qabaq sol qanad əzilmişdir. Toqquşma nəticəsində avtomobilin zərər görmüş hissələrinin təmirinə ümumilikdə 745 (yeddi yüz qırx beş) manat məbləğində xərci çıxmışdır. Daha sonra o, avtomobilinə dəymiş zərərin ödənilməsi üçün “xxxxxxx” X7 Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsi olmamışdır. İcarə müqaviləsinin olmaması səbəbindən də “xxxxxxx” X7 Səhmdar Cəmiyyəti avtomobilinə dəymiş zərəri ödəməkdən imtina etmişdir. Cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu qanunsuz hərəkəti nəticəsində onun avtomobilinə 745 (yeddi yüz qırx beş) manat məbləğində zərər dəymişdir. Bu səbəbdən də o, dəymiş zərərin cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3885/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətindən 745 (yeddi yüz qırx beş) manat məbləğində maddi zərər, 100 (bir yüz) manat məbləğində çəkilmiş əlavə xərc, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutulması müəyyən edilmişdir. Cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X8 oglu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3885/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsindən xəbəri olmamış, poçt vasitəsilə almamış, qiyabi qətnamə ona rəsmi qaydada şəxsən 2020-ci ilin avqust ayının sonlarında təqdim olunmuşdur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3885/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-3498/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3885/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 avtomobilinə dəymiş 745 (yeddi yüz qırx beş) manat məbləğində zərərin, iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 (əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt X9 Dövlət Yol Polisi Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxx 2019-cu il tarixdə, saat 21:45-də Sülh prospekti, Bakı-Quba yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən hər iki qapısı, sol tərəf ayaqaltı və qabaq sol qanad əzilmişdir; “xxxxxxx Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, P2506/19 nömrəli məktubun surətindən görünür ki, “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx Sığorta” Açıq Səhmdar Cəmiyyətində icbari sığorta müqaviləsi üzrə sığortalanmış, sürücü X4 müvafiq avtomobili “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş yol vərəqəsi əsasında idarə etmişdir; “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, 23 nömrəli qüsur aktından görünür ki, “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 745 (yeddi yüz qırx beş) manat məbləğində qiymətləndirilmişdir; xx xxxxx 2019-cu il tarixli AP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə, saat 21:45-də sürücü X4 “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sülh prospekti, Bakı- Quba yolunun kəsişməsində hərəkət zamanı soldan sağa yerdəyişmə edərək özündən sağda dayanan “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə, saat 21:45-də sürücü X4 “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxxxx 2018-ci il tarixli ƏN-İİİ seriyalı 965788 nömrəli etibarnamənin surətindən görünür ki, “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ 9 il 10 ay 13 gün müddətinə mülkiyyətçi İddiaçı tərəfindən X2 verilmişdir; Müvafiq yol vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti X3 mülkiyyətində olan “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxx 2019-cu il, saat 20:00-dan xx xxxxx 2019-cu il, saat 20:00-dək idarə etmək hüququ vermişdir; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25757 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilən “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən 2007-ci il buraxılışlı “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 625 (altı yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində təşkil etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit olunmuşdur. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”-nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ilk olaraq qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, xx xxxxx 2019-cu il tarixdə, saat 21:45-də sürücü X4 “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sülh prospekti, Bakı-Quba yolunun kəsişməsində hərəkət zamanı soldan sağa yerdəyişmə edərək özündən sağda dayanan “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq avtomobil “xxxxxxx Sığorta” Açıq Səhmdar Cəmiyyətində icbari sığorta müqaviləsi üzrə sığortalanmış, yol-nəqliyyat hadisəsi baş verən zaman X4 “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələblə iddiaçı mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın və göstərilmiş hüquqi yardıma görə ödənilmiş məbləğin tutulmasını xahiş edir. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti, o cümlədən nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Hazırki mülki işin faktiki hallarından göründüyü kimi yol-nəqliyyat hadisəsi törədilən zaman “VAZ 21214” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında X4 tərəfindən idarə olunmuş, müvafiq avtomobilin mülkiyyətçisi “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Sadalanan qanunvericilik normalarının hazırki iddia tələbinə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyəti digər cavabdeh X4 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia cavabdeh “Avto Rent a Car” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, müvafiq zərərin ödənilməsi ilə bağlı avtomobili yol vərəqəsi əsasında idarə edən X4 İddiaçı mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə məsuliyyət daşıyır, bu səbəbdən iddia qeyd olunan hissədə qismən təmin edilməli, cavabdeh X1 müvafiq ekspertiza rəyi əsasında müəyyən edilmiş 625 (altı yüz iyirmi beş) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə 50 (əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi iş materiallarında öz hüquqi əksini tapmadığından iddia ərizəsi həmin hissədə rədd edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin vurulmuş maddi zərərlə bağlı hissəsinin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hissədə əsaslıdır, iddiaçı həmin hissədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 müvafiq ekspertiza rəyi əsasında müəyyən edilmiş 625 (altı yüz iyirmi beş) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat cavabdeh X1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 625 (altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdeh X1 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar