Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3520/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin cavabdehin müqavilə öhdəliyinə görə düşdüyü zərər kimi 430 manat aylıq ödəniş və 10+1 manat dövlət rüsumu, ümumilikdə 441 manatın cavabdehdən alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 22.02.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 612,5 kv.m ərazisi olan ofisi icarəyə götürmüş və onun nəznində Manaflı Plaza (biznes mərkəzi) yaratmışdır. "xxxx" MMC-yə məxsus Manaflı Plazada müxtəlif şirkətlərə ofis otaqları subicarəyə verilir. "xxxx" MMC ilə cavabdeh arasında 25.04.2021-ci il tarixində subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, cavabdehə müqavilə ilə nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus Manaflı Plazada qeyri-yaşayış sahəsinin 15 kv.m olan hissəsi ayda 430 manata subicarəyə verilmişdir. Həmin müqavilənin 9.2.4-cü maddəsində müqavilənin xitamının 1 ay öncədən yazılı xəbərdarlıq etməklə həyata keçirilməyi mümkünlüyü öz əksini tapmışdır. Cavabdehdən müqavilə bağladıqları vaxtdan cavabdeh icarə haqqını ödəməklə icarəsində olan sahədən rahat istifadə etmiş və aralarında heç bir narazılıq olmamışdır. 29.05.2021-ci il tarixində cavabdeh ona öncədən heç bir xəbərdarlıq etmədən icarə müqaviləsinə bir tərəfli qaydada xitam verərək, şifahi bildirərək icarəyə götürdüyü sahəni boşaldıb getmişdir. Cavabdeh bununlada aralarında mövcud olmuş subicarə müqaviləsinin 9.2.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 22.02.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X2 özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 392-ci məhəllə, Bülbül prospekti, 4 ünvanında yerləşən 612,5 kv.m sahəni "xxxx" MMC-yə icarəyə vermişdir. 25.04.2021-ci il tarixli subicarə müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən sahəsinin 15 kv.m olan hissəsi ayda 430 manata Cavabdeh MMC-yə subicarəyə verilmişdir. Müqavilənin 9.2.4-cü maddəsində müqavilənin xitamının 1 ay öncədən yazılı xəbərdarlıq etməklə həyata keçirilməyi qeyd edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 08.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, 5 iş günü ərzində ümumilikdə yaranmış 430 manat “icarə haqqı” məbləği üzrə borcun cari bank hesabına ödənilməsinin təmin edilməsini, əks təqdirdə “icarə haqqı” məbləğinin tutulması məqsədi ilə iddiaçı məhkəmyə müraciət etmək məcburiyətində qalacaqdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 37A, m. 27 ünvanıdır. Məhkəmə hesab edir ki, iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 700.5-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 684.1-ci maddəsinə görə Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə görə Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 679-cu maddəsinə görə Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 25.04.2021-ci il tarixli icarə müqaviləsinin 3.2-ci bəndindən görünür ki, icraə haqqı hər ayın 25-dən gec olmayaraq icarə verənə ödənilməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən göründüyü kimi icarəyə götürən Cavabdeh MMC icarəyə verən "xxxx" MMC-yə aylıq 430 manat icarə haqqı ödəməsi barədə tərəflər razılığa gəlmişlər. İşin hallarından göründüyü kimi iddiaçı 430 manat icarə haqqı məbləğini tələb etməkdədir. Cavabdeh tərəf isə icarə məbləğinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh aralarında imzalanmış müqavilənin şərtini birtərəfli xitam vərək üzərinəd düşən öhdəliyin yerinə yetirilməsi şərtlərini pozmuş. Bundan başqa iddiaçı rüsumun odənilməsi ilə əlaqədar 1 manat komission haqqı tələb edir, lakin qanunvericiliydə bu nəzərdə tutulmadığından, iddia həmin hissədə rədd olunmalıdır. Odur ki, iddia qismən təmin edilməli Cavabdeh MMC-dən 440 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ümumilikdə 440 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3520/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3520/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver