Məhkəmə qərarları › İş №2(005)-3523/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3523/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3523/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 10.000 (on min) manat borcun və vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın və Cavabdeh1 6000 (altı min) manat borcun və vurulmuş mənəvi zərərə görə 3000 (üç min) və 4000 (dörd min) manat təzminatın Cavabdeh2 6000 (altı min) manat borcun və vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o hər üç cavabdehlə çoxdan tanışdır. Yaxşı münasibətləri olub. Onlar bilirdilər ki, onun maddi vəziyyəti pis deyil. İddiaçı 2014-cü ildə torpaq sahəsi satmışdır. 20.000 (iyirmi min) manat məbləğində vəsaiti var idi. Qazancı da pis deyildir. İddiaçı ixtisasca jurnalistidir. Kitab çapından, əlyazmaların redaktəsindən müəyyən qədər vəsait qazanmışdır. İddiaçı dostları ilə tez-tez, Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən kafedə görüşərdilər. Kafe birnci cavabdeh K.Mirzəyevə məxsus idi. Onunla dost olmuşlar. Bir dəfə söhbət əsnasında bildirdi ki, yaxşı bir kafe var. Şərikli götürərək aya 10% qazanc olacaq. 10.000 (on min) manat versin, 10 aya qoyduğu vəsaiti götürəcək. Sonra onunla şərik olacaqdır.İddiaçı ona inanmış və 05.09.2015-ci il tarixdə kafeyə şərik olmaq məqsədilə 10.000 (on min) manat məbləğində vəsait vermişdir.Sonra müxtəlif bəhanələr etməyə başlamışdır. Dedi ki, başqa kafe var. 3 il get-gəldən sonra dedi ki, hələlik ayda 200 (iki yüz) manat verəcəkdir. Sonra yaxşı olacaq. 2018-ci ilin fevralından, 2020-ci ilin may ayına qədər hissə-hissə 800 (səkkiz yüz) manat qaytardı. Sonra kafedən çıxdı. Telefon nömrəsi (055) ***-**-** əlaqə saxlanılsa da sonradan cavabdehi tapa bilməmişdir. Əvvəlcə telefona cavab versə də son vaxtlar telefonu açmadı. İddiaçı başa düşmüşdür ki, cavabdeh onu aldadmışdır. İkinci cavabdehlə bir neçə ildir ki, tanış olmuşdur. İşi ilə əlaqədar tez-tez elmlər akademiyasına gedir. Cavabdeh1 akademiyanın qarşısında parkda küçə ticarəti ilə məşğuldur. Həmişə ondan mal alırdı. Əslən Şamaxı rayonundandır. Paltar ayaqqabı və s. malların satışı ilə məşğuldur. Bildirmişdir ki, onun 20-30% qazancı var. Amma mal almağa vəsaiti çatmır. İddiaçı soruşmuşdur ki, nə qədər vəsait lazımdır? Bildirdi ki, 5000-10.000 manat civarında pul vəsaiti lazımdır. Onların şərti belə olmuşdur ki, hər ay iddiaçıya məbləğin 20%-i həcmində qazanc vercəkdir. Onlar razılaşdıqdan sonra 2019-cu ilin may ayının 20-də, Cavabdeh1 6000 (altı min) manat vermişdir. Lakin bu günə qədər heç nə qaytarmayıb. Hər dəfə bir bəhanə etmişdir. İddiaçı xahiş etmişdir ki, qazanc lazım deyil. Heç olmasa verdiyi pulu qaytarsın. Cavabdeh bildirmişdir ki, onun imkanı yoxdur. Get hara istəyirsən şikayət et. Telfonunu isə (055) ***-**-** heç vaxt söndürmür. Üçncü Cavabdeh2 keşlə bazarında meyvə alveri ilə məşğuldur. İddiaçı onun daimi müştərisidir. Təxminən 2010-cu ildən onu tanıyır. Qəbələ rayonundandır. İddiaçıya bildirmişdir ki, meyvə alveri çox sərfəlidir. Onun yaxşı qazancı olur. O iddiaçıya bildirmişdir ki, arvadı təcili cərrahi əməliyyat olunmalıdır. İddiaçıdan 1000 (min) manat məbləğində borc pul istəmişdir. İddiaçıya pulun qaytarılması üçün dəqiq vaxt deməmişdir. İddiaçıya söz vermişdir ki, tezliklə pulu qaytaracaqdır. Bir müddət sonra təklif etdi ki, onunla şərik işləsin. Əvvəlcə iddiaçı ona oxşar təklif vermişdir. Qəbələnin Nohurqışlaq kəndindəndir. Bakı şəhərində bacısının evində yaşayırdı. Cavabdehin bacısı Nərimanov rayonu 212 saylı orta məktəbdə tarix müəliməsi vəzifəsində işləyirdi. Cavabdeh2 telefon nömrəsi (050) ***-**-** bacısının ev telefonu (012) 564-32-63dür. İddiaçı ona 5000 (beş min) manat vəsait vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, onunla 30% şərikdir. 2 ay iddiaçı cavabdehi narahat etməmişdir. Sonra cavabdeh ona təşəkkür edərək bildirmişdir ki, arvadını əməliyyat etdirib. Hər dəfə onunla alver edirdi. Söz soruşmağa utanırdı. Bir müddət sonra cavabdeh ona bildirmişdir ki, onu tələsdirməsin. Bacısı xəstədir. 2017-ci ilin noyabr ayında 500 (beş) yüz manat vermişdir. 2018-ci ilin maydekabr aylarında hissə-hissə 400 (dörd yüz) manat məbləğində vəsait vermişdir. Sonradan isə telefon zənglərinə cavab verməmişdir. İddiaçı dəfələrlə ondan xahiş etmişdir ki, pulu qaytarsın. İddiaçı cavabdehin bacısına tez-tez zəng edirdi. Cavabdeh 2020-ci ilin may ayında iddiaçıya bildirmişdir ki, bacısını narahat etməsin. Bacısı vəfat etmişdir. Sonunucu dəfə iddiaçı borclu ilə 2021-ci ilin əvvələrində əlaqə saxlamışdır. İddiaçıya demişdir ki, onun pulu yoxdur. Qəbələdə ona 600 m2 torpaq sahəsi verə bilər. İddiaçı ona bildirmişdir ki, o torpaq sahəsi istəmir. Satsın və pulunu versin. Sonra isə telefon zənginə cavab verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Feyrzu oğluna və Cavabdeh2 qarşı “borc tələbinə” dair mülki iş ayrıca icraata ayrılmış, İddiaçı cavabdeh X2 qarşı “borc tələbinə” dair mülki işdə 2(005)-2919/2021 nömrəsi saxlanılmış, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, Cavabdeh2 borcundan iki ay ərzində 300 manat olmaqla, cəmi 600 manat qaytarmışdır. Digər Cavabdeh1 isə borcunu qaytarmamışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı məhkəməyə ünvanladığı 04.05.2021-ci il tarixli iddia müddətinin bərpasına dair ərizəsindən görünür ki, X8 ilə 2017-ci ilin fevral ayında şifahi müqavilə (qəbz) bağlamış və sonuncu 2018-ci ilin dekabr ayın borcun bir hissəsini qaytardığı qeyd etmişdir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X12 şəhəri, Xaqani küçəsi, ev 19 ünvanında qeydiyyatadadır. 22.02.2017-ci il tarixli iltizamın surətindən görünür ki, X3 Eldar Həsən oğlundan 6000 manat əl borcu götürdüyünü qeyd etmişdir. “AZEMİS” X6 görünür ki, X4 rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. 06.04.2017-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı 20.05.2019cu il tarixdə 6000 manat əl borcu götürdüyünü və həmin borcu oktyabr ayında qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidilər. Məhkəmə belə qənaətə gəlməsini aşağıda qeyd edilənlərə görə məqbul hesab edir. 06.04.2017-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı 20.05.2019cu il tarixdə 6000 manat əl borcu götürdüyünü və həmin borcu oktyabr ayında qaytaracağını qeyd etmişdir. İddiaçının təqdim etdiyi digər Cavabdeh2 da 6000 manat borcu olması iş materiallarında olan onun 22.02.2017-ci il tarixli iltizamı ilə təsdiqlənir. O da qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı Cavabdeh2 ona olan borcundan bir hissəsinin qaytardığını bildirmişdir. (cavabdehlərə aid həmin ərizələrin əsli İddiaçı cavabdeh X2 qarşı “borc tələbinə” dair 2(005)-2919/2021 nömrəli mülki işdə saxlanılmışdır) Məhkəmə iclasında həm iddiaçı, həm də Cavabdeh2 600 manat pulun borcdan qaytarıldığını bildirmişdir. Beləliklə, İddiaçı tərəfindən 6000 manat məbləğində pul Cavabdeh1 və 6000 manat məbləğində pul digər Cavabdeh2 tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmışdir. Bundan başqa iddiaçının iddia ərizəsilə və məhkəmə iclası zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 borcundan iki ay ərzində, ayda 300 manat olmaqla, cəmi 600 manat ödəmişdir. Həmin məbləğ Cavabdeh2 6000 manat borcundan silinərək, 5400 manat iddiaçəya ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 9,50 manatı cavabdeh şəxslərə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehlərdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 6000 manat, Cavabdeh2 5400 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 9,50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 6000 (altı min) manat məbləğində pul, Cavabdeh2 5400 (beş min dörd yüz) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 9,50 (doqquz manat 50 qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar