Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3539/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən təsdiq edilən xx.xx.2024-cü il tarixli etibarnamə əsasında Həsənov X1 İlham Möhlət oğluna “Vaz 21041” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 1 il müddətinə xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Rauf İsmayılovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciətinin mülki xarakterli və məhkəmə səlahiyyətlərinə aid olması izah edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Vaz 21041” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün ödədiyi 3050 manat, həmin avtomobilin cəriməsinə görə ödədiyi 346 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2024-cü ilin iyun ayının əvvəllərində Yevlax şəhərində qohumunun yas mərasimində iştirak edərkən bacısı oğlu X2 ona, təxminən bir il əvvəl Bakı şəhərində yaşayan Cavabdeh ilkin olaraq 500 manat, hər ay 200 manat ödəmək şərti ilə VAZ- 21041 markalı avtomobil götürdüyünü, lakin aylıq ödənişini ödəyə bilmədiyi üçün maşını 5 aydan sonra geri qaytarmaq istədiyini, bu barədə maşın sahibi Siyafərə məlumat verdiyini, Siyafərin ona həmin maşını satmaq istədiyini, almaq istəyən olsa satacağını demişdir. O həmin maşına baxdı və bacısı oğlu Turala maşını almaq istədiyini bildirdi. Bundan sonra Tural onunla Siyafəri əlaqələndirdi və biz maşının qiymətini razılaşdırdıq. Siyafərlə razılığımıza əsasən mən maşına görə ona 3000 min manat, etibarnamə üçün isə 50 manat, cəmi 3050 manat ödəməli idi. 15 iyun 2024-cü il tarixdə o razılaşdıqları kimi Bərdə şəhərindən ödəmə terminalından Cavabdeh ona göndərdiyi, onun adına olan bank kartına 3050 manat pul göndərdim. Lakin Siyafər ona zəng edərək avtomobilin 382 manat cəriməsi olduğu üçün digər şəxsə etibarnamə verə bilmədiyini demişdir. O, məcbur olaraq avtomobilin 382 manat cəriməsini də ödəyərək bu barədə Siyafərə məlumat vermişdir. Bundan sonra Cavabdeh VAZ 21041 markalı 90CC204 dövlət nömrə nişanlı avtomobilə ona etibarnamə verdi. Lakin etibarnaməni ona göndərmədi, telefon vasitəsi ilə etibarnamənin şəklini çəkərək ona göndərdi. 24 iyun 2024cü il tarixdə o Siyafərə zəng edərək etibarnamənin əslini ona göndərməsini xahiş etdi. Lakin Siyafər həmin avtomobilin bacısı oğlu Turalda olarkən borc yarandığını, həmin borc ödənilmədiyi üçün ona verdiyi etibarnaməni ləğv etdirdiyini bildirdi. O Siyafərə bacısı oğlu Turalla aralarında olan borc məsələsinə aidiyyətinin olmadığını, maşının alqı satqısını onunla razılaşdırarakən Turalın ona borcu olması barədə aralarında heç bir söhbət olmadığını bildirdi. Lakin Siyafər onu dinləməyərək etibarnamə verməkdən imtina etdi. O bu barədə 27 iyun 2024-cü il tarixdə ərizə ilə Bərdə rayon Polis Şöbəsinə müraciət etdi. Lakin Bərdə rayon Polis Şöbəsinin 07 iyul 2024-cü il tarixli qərarı ilə həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə edimişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdeh kreditlə avtomobil almışdır. Atasının səhhəti ilə əlaqədar krediti ödəməyə imkanı çatmırdı və bildirmişdi ki, avtomobili istəyən olsa satsın. Cavabdeh rayonda avtomobili kiməsə satmağına köməklik etməyini bildirdi. Daha sonra atasının yas mərasimində dayısı ilə söhbət edən zaman avtomobili sahibinin satmaq istədiyini bildirdi. Dayısı ilə cavabdeh telefon vasitəsi ilə danışdıqdan sonra razılığa gəldilər və dayısı avtomobilin pulunu və onun istifadəsində olan zaman yaranmış cəriməni ödədi. Avtomobil üçün ilkin 500 manat ödəniş etmişdi. Cavabdehə 2-3 ay ödəniş edə bilmirdi və borcu qalmışdı. Dəqiq xatırlamasa da 1 il ərzində ilkin ödənişlə birlikdə 1500-1600 manat ödəniş etmişdir. Dayısına cərimə borclarını ödəyə bilmədiyini demişdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı qaynının dayısıdır. Cavabdeh atası Elşən qonşuları olub və Siyafəri onun vasitəsi ilə tanımışdır. Elşən Siyafərin vasitəsi ilə avtomobil satışı ilə məşğul olur. Çayçıda oturub söhbət edən zaman Tural dayısının avtomobil almaq istədiyini bildirdi və tərəflər danışıqlar apardıqdan sonra razılığa gəldilər. Hətta xatırladığı qədəri ilə Qurban bayramı olduğu üçün qeyri iş günü olması səbəbi ilə etibarnamə iki gün sonra verilmişdir. Onda olan məlumata əsasən Elşən cavabdehin atası idi. Cavabdeh onun yanında olan zaman iddiaçı pulu onun kartına vurdu. Hətta pulu onun kartına göndərmək istəyirdilər, lakin o razı olmadı. Mülki işin materialları Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən təsdiq edilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Həsənov X1 İlham Möhlət oğluna “Vaz 21041” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 1 il müddətinə xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Rauf İsmayılovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciətinin mülki xarakterli və məhkəmə səlahiyyətlərinə aid olması izah edilmişdir. AR DİN Bərdə Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə daxil olmuş müraciəti əsasında araşdırma aparılaraq toplanmış material üzrə cinayət işi başlanmasının rədd barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan AR CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 3050 manat məbləğində pul H****** S*****H**** oğluna ödənilmişdir. Bərdə RPŞ-nin Təhqiqat Bölməsinə verilən izahatlardan görünür ki, İddiaçı və X2 hadisə ilə bağlı izahatları alınmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tırkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, tərəflərin araında olan şifahi razılıq əsasında idiaçı cavabdehə pul ödəməyi, cavabdeh isə avtomobili onun mülkiyyətinə keçiməyi razılaşdrmışlar. İddiaçı cavabdeh öhdəliyin öz üzərinə düşən hissəsini icra etmiş və razılaşdırılmış pul məbləğini iddiaçının hesablna göndərmişdir. Lakin cavabdeh avtomobili iddiaçının sahiblik və istifadəsinə verməkdən imtina etmiş, pul məbləğini isə geri qaytarmayaraq, əsassız varlanmışdır. Mülki işin materialları ilə iddiaçı tərəfindən iddiaçıya 3050 manat məbləğində pulun göndərilməsini və 346 manat məbləğində cərimələrin ödənilməsi öz təsdiqini tapır. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının tələbinin hüquqi əsası olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı verdiyi pulların təsdiqi və onun geri qaytarılmasının təsdiqi kimi sadə yazılı formaya və ya digər sübut növlərinə ( məs. səs yazısı, yazışma, SMS, mesajlar və s.) malik olmasa da, hesab edirki, iddiaçının təqdim etdiyi şahid ifadələri iddianın tam əsaslı olmasının təsdiqi kimi qiymətləndirilməlidir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər ifadələrində tərəflərin arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görmüşlər. Göstərilən hallar, eləcə də, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onların ifadələrinin mötəbər olmasına dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddiasıın əsaslı olmasına dair öz hüquqi mövqeyini həm qanunvericiliyə uyğun təqdim etdiyi sübutlarla sübut edilə bilmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi hallar işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1 və 241.4-cü maddələrinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Vaz 21041” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün ödədiyi 3050 manat, həmin avtomobilin cəriməsinə görə ödədiyi 346 manat pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3539/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3539/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver