Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3542/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3M-941 nömrəli reyestrlə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun arasında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 9 nömrəli notariat ofisində uydurma kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi Cavabdeh1 tərəfindən ona müqavilədə göstərilən 10.000 (on min) ABŞ dolları məbləğində borc verildiyi üçün deyil, Cavabdeh1 başqa bir adamın borcunun təminatı üçün bağlanmışdır. Əslində isə həmin borc Cavabdeh1 ödənib qurtarmışdır. Lakin, onunla bağladığı uydurma əqddən cavabdeh şəxs istifadə edərək bu gün ondan pul tələb edir. Halbuki, onun Cavabdeh1 borcu yoxdur və Cavabdeh1 borc alan adam isə borcunu tam qaytarmışdır. Bir neçə gün əvvəl Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən ona məlumat verildikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 ilə onun arasında bağlanmış uydurma əqd üzrə ondan pul tələb edir. Həmin vaxt anlamışdır ki, Cavabdeh1 onunla bağladığı uydurma kredit müqaviləsini ondan pul tələb etmək üçün aldadıb bağlamışdır. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı şəxs həmin kredit müqaviləsi bağlanandan 1 (bir) ildən artıq müddət keçdirkdən sonra sözügedən müqavilələrin etibarsızlığı ilə bağlı şəxsi təxəyüllərinin məhsulu olan, prosessual hüquqlarından sui-istifadə məqsədi daşıyan, əsassız dəlillər irəli sürərək iddia qaldırmışlar. Halbuki, iş üzrə material!ardan göründüyü kimi iddiaçı həmin müqaviləni notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq şəxsən imzaladığından həmin müqavilənin bağlanması və doğurduğu hüquqi nəticələr barədə xx xxxxxx 2019-cu il tarixdən etibarən məlumatlı olmuşdur. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş huququn müdafiəsi müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyildir. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş uzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa məlumat üçün qeyd edilməlidir ki, kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və kredit müqaviləsində qeyd edilən məbləğ cavabdeh Bakı şəhəri 9 nömrəli notariat kontorunun bank hesabına mədaxil edildikdən sonra iddiaçı tərəfindən məxaric kassa orderinə əsasən məxaric edilmişdir. İşin qeyd edilən halları notariat icraatında mövcuddur və iddiaçı şəxsin dəlilləri heç bir mötəbər sübüta söykənmir. Belə ki, iddiaçı şəxsin iddia ərizəsində göstəridiyi xiisusatlar tamamilə əsassızdır, işin həqiqi hallarını özündə əks etdirmir, iddiaçının şəxsi təxəyyülünün məhsuludur. İş üzrə materiallardan göründüyü kimi, iddiaçı şəxs iddia ərizəsində istinad etdiyi xüsusatları təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı şəxsin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı istinad etdiyi dəlillər isə formal mülahizələrə əsaslanır və tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən, iddiaçı X2 Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək, Covid-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxması səbəbi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz və mülahizələri nəzərə almaqla işə onun iştirakı olmadan baxaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 9 nömrəli notariat ofisinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 9 nömrəli notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1-borc verən ilə İddiaçı-borc alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, borc verən borc alana 10.000 (on min) ABŞ dolları, bu günkü ekvivalent manat məzənnəsi ilə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaiti borc verir. Borc verən nəzərdə tutulan pul məbləğini borc alana notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəyir (1-ci bənd). Borc alan krediti xx xxxxxx 2019-cu il tarixədək hissə-hissə hər ayın 5-dək 2.500 (iki min beş yüz) ABŞ dolları şəklində və ya həmin günkü ekvivalent manat məzənnəsi ilə 4.250 (dörd min iki yüz əlli) manat 4 (dörd) ay ərzində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür (2-ci bənd). Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər (3-cü bənd); xx xxxxxx 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən müvafiq kredit müqaviləsi üzrə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaiti Bakı şəhəri 9 nömrəli notariat ofisinin “Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialında olan depozit hesabına təhvil verilmişdir; Bakı şəhəri 9 nömrəli notariat ofisinin “Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli şöbəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 104 ünvanda qeydiyyatda olan Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi üzrə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin müvafiq notariat ofisinin məktubu əsasında ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün qeyd edilən bankda olan **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir; İddiaçı Bakı şəhəri 9 nömrəli notariat ofisinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, onun Cavabdeh1 ilə aralarında 3M-941 reyestr nömrəsi ilə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin borc pul vəsaiti tam ödənildiyi üçün ləğv edilməsini xahiş etmişdir; Bakı şəhəri 9 nömrəli notariat ofisinin İddiaçı ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, sonuncunun müvafiq ərizəsinə cavab olaraq bildirilmişdir ki, kredit müqaviləsi iki tərəfli əqddir və həmin müqaviləni ləğv etmək üçün iki tərəfin ərizəsi olmalıdır. Onun tək olaraq müraciət etməsi müqavilənin bir tərəfli ləğvini qeyri-mümkün edir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.2-ci maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1-borc verən ilə İddiaçı-borc alan arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 10.000 (on min) ABŞ dolları (həmin gün üçün ekvivalent manat məzənnəsi ilə 17.000 (on yeddi min) manat) məbləğində pul vəsaiti borc verir. Borc verən nəzərdə tutulan pul məbləğini borc alana notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəyir. Borc alan krediti xx xxxxxx 2019-cu il tarixədək hissə-hissə hər ayın 5-dək 2.500 (iki min beş yüz) ABŞ dolları şəklində (və ya həmin gün üçün ekvivalent manat məzənnəsi ilə 4.250 (dörd min iki yüz əlli) manat) 4 (dörd) ay ərzində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İddiaçı Bakı şəhəri 9 nömrəli notariat ofisinə xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək, onun Cavabdeh1 ilə aralarında 3M-941 reyestr nömrəsi ilə 07 avqust 201-cu il tarixdə bağlanmış kredit müqaviləsinin borc pul vəsaiti tam ödənildiyi üçün ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri 9 nömrəli notariat ofisi İddiaçı müvafiq ərizəyə cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, kredit müqaviləsi iki tərəfli əqddir və həmin müqaviləni ləğv etmək üçün iki tərəfin ərizəsi olmalıdır. Onun tək olaraq müraciət etməsi müqavilənin bir tərəfli ləğvini qeyri-mümkün edir. Həmin kredit müqaviləsi üzrə iddaçı İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı şəxsin Cavabdeh1 ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanılmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mübahisələndirdiyi xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3542/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3542/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver