Məhkəmə qərarları › İş №2(005)-355/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-355/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-355/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2800 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləriylə birlikdə yaşayır. Yaşadıqları evdə təmir işləri aparmalıydı və bu məqsədlə qonşuluqda usta işləyən Cavabdeh adlı şəxslə görüşdü. Cavabdehlə razılaşdılar ki, yaşadıqları evin fasadına aqlay yapışdırmalıdır. Ələkbər ona bildirdi ki, aqlay daşlarını özü tapıb gətirəcəkdir. Eyni zamanda ona bildirdi ki, aqlaya görə ona 1000 manat, usta işinə görə isə 2800 manat verməlidir. O, onun şərti ilə razılaşdı və 25 aprel 2024-cü ildə Ələkbərə 3800 manatı sayaraq verdi. Bundan bır həftə sonra Ələkbər aqlay daşları gətirdi, lakin daşlar çox keyfiyyətsiz olduğundan o tələb edib ki, daşları geri qaytarsın. Bundan sonra daşların yiyəsi Ələkbərlə birlikdə gələrək daşları yükləyib apardı və həmin daşların qiymətini-1000 manatını özünə qaytardı. Ələkbərə daşları yapışdırmaq üçün verdiyi 2800 manatı tələb etsə də, pulunu geri qaytarmadı. O, bundan sonra dəfələrlə cavabdehə müraciət edərək ondan aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin o müxtəlif bəhanələrlə ondan aldığı pulu bu günə qədər qaytarmamışdır. Son zamanlar isə onun telefon zənglərinə cavab belə vermir. O, yaşlı bir adamdır, cavabdehə verdiyi pulu çox çətinliklə, qohumlardan borc alaraq toplamışdı. Pulunu qaytarmayan cavabdeh onu maddi cəhətdən çox çıxılmaz bir vəziyyətə salmışdır. Ona görə də o, Bakı Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdehdən pulunun alınaraq ona verilməsinə kömək edilməsini xahiş etmişdir. Lakin Suraxani rayon Pİ 31-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir, o, bu tələblə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı öz yaşadığı evdə təmir işləri aparmaq qərarına gəlib. Bu məqsədlə qonşuluqda işləyən Cavabdeh adlı şəxslə görüşmüşdür. İddiaçı cavabdehlə razılaşıb ki, evin fasadına aqlay vurulmalıdır. Aqlay daşlarına görə 1000 manat, ustaya isə haqq olaraq 2800 manat pul verilməsi barədə razılıq olub. İddiaçı 25 aprel 2024-cü il tarixdə 3800 manat cavabdehə pul vermişdir. Daşlar gəldikdən sonra iddiaçı görüb ki, onlar çox keyfiyyətsizdir. Buna görə də iddiaçı daşların geri qaytarılmasını tələb edib. Daşları isə gəlib sahibi geri götürüb və daşların pulu olaraq ödənilmiş 1000 manat pulu iddiaçıya qaytarıb. Lakin, 2800 manatı iddiaçı cavabdehdən istəsə də cavabdeh pulu verməkdən yayınır. Polis idarəsində araşdırılma aparılmış və müvafiq izahatlar alınmışdır. Cavabdeh müxtəlif bəhanələrlə pulu geri qaytarmır. Həmin evdə cavabdeh tərəfindən heç bir iş görülməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçıya 2800 manat yox, 2200 manat ödəməyi qəbul edir. Hazırda o pulu verməyə maddi imkanı yoxdur. İddiaçı ona 1000 manat aqlay daşı üçün, 2800 manat isə əl haqqı olaraq vermişdir. Daşları iddiaçının qızı Yeganə xanım bəyənmədi və geri qaytarılması üçün daşınmaya çəkilən pul ona verilən puldan xərclənmişdir. İddiaçının qızı üç dəfə daş dəyişdirtmişdir və hər dəfə daşı geri qaytaranda daşınma və yüklənmə üçün xərc çəkilirdi. 1000 manat pul beh olaraq daş sexinə verilmişdi, o da iddiaçı tərəfə geri qaytarılmışdır. Behin geri qaytarılmasında onun rolu olmuşdur. 2800 manat puldan 600 manat daşların geri qaytarılması zamanı daşınma və yüklənməyə xərclənmişdir. Daşları o sifariş vermişdir, iddiaçının qızı isə bəyənməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı müraciətdə qeyd edilən 2800 manat məbləğində pulun Ələkbər adlı şəxs tərəfindən alınması təsdiqini tapır, ərizədə qeyd edilən faktda cinayət və inzibatı xətanın tərkibi olmadığından toplanmış material dəftərxanada işə alınmışdır. Bununla əlaqədar mülkü qaydada məhkəmə orqanlarının müraciət etmək hüququ vardır; - Cavabdeh polis şöbəsinə ünvanlanmış izahatından görünür ki, o, İddiaçı aqlay daşı ilə hörgü aparmaq üçün 3700 manat almışdır. Sonradan onların işi baş tutmamış və pulun bir qismini özü xərcləmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan görüləcək işlər üçün 3800 (1000 manat aqlay daşların dəyəri, 2800 manat görüləcək işlərin dəyəri) manat məbləğində pul almış, sonradan danışıqları baş tutmamış, daşlar geri qaytarılmış və onun dəyəri olan 1000 manat məbləğində pul daşın sahibi tərəfindən iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçı qalan 2800 manat pulun qaytarılmadığına istinad edərək həmin pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə görüləcək işlərin dəyəri kimi ona 2800 manat pul verildiyini qəbul etsə də, həmin puldan 600 manat xərclərinin çıxdığını, 2200 manat ödəməli olduğunu bildirərək iddaya qismən etiraz etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 447.7-ci maddəsinə uyğun olaraq, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Hazırki iş üzrə tərəflər arasında yaranmış və mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Mülki Məcəllənin podrat müqaviləsinin ləğvi qaydalarını müəyyən edən 759.1-ci maddəsinə uyğun olaraq isə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh iddiaçının yaşadığı evin divarına aqlay daşlar vurmalı, iddiaçı isə ona ümumilikdə 3800 manat pul ödəməli idi. Daşlar gətirilsə də iddiaçı həmin daşların keyfiyyətsiz olduğunu bildirərək daşların geri qaytarılmasını tələb etmişdir. İddiaçı tərəfin bildirdiyinə görə daşların sahibi həmin daşları gəlib götürmüş və onların dəyəri olan 1000 manat pulu iddiaçıya geri qaytarmışdır. Görüləcək işlərin dəyəri olan 2800 manat pul isə cavabdeh tərəfindən geri qaytarılmamışdır. Daşların vurulmaması işin mübahisələndirilməyən halıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ona 2800 manat pul ödədiklərini qəbul etsə də daşların aparılıb-gətirilməsinə 600 manat xərc çəkdiyini bildirmişdir. Lakin iddiaçı həmin daşların keyfiyyətsiz olduğunu, daşı satan şəxs tərəfindən aparılıb-gətirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh işlərin görülməsi müqabilində ona 2800 manat pul ödənildiyini qəbul etdiyindən iddiaçı həmin faktı sübut etmək vəzifəsindən azad olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh 600 manat xərc çəkdiyini bildirsə də, həmin halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin Mülki Məcəllənin 759.2-ci maddəsinin tələblərinə uyğun olaraq, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırki iş üzrə iddiaçı isə daşların keyfiyyətsiz olması səbəbindən geri qaytardığını, aqlay daş vurulmasından imtina etdiyini, heç bir işin görülmədiyini bildirmişdir. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. Bu baxımdan iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 50 manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar