Məhkəmə qərarları › İş №2(005)-3587/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3587/2023

26.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3587/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 manat pulun və 145 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı doğma qardaşıdır. Tovuz rayonu Abubəyli kəndində mərhum valideynlərindən miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişlər. Qardaşı ilə aralarında olan razılığa görə İddiaçı qardaşı Cavabdeh həmin mirasdan qalan əmlakdan onun payına düşən hissənin əvəzinə İddiaçı 25000 manat tələb etdi. İddiaçı tanışı Qurban adlı şəxs vasitəsi ilə qardaşına 18000 manat pul verdi. Belə ki, İddiaçı həmin pulu Rusiya Federasiyasından Qurbana göndərmişdir. Qurban isə həmin pulu qardaşı Bəylərə verdi. Qardaşı Bəylər isə evi bosaldacağına söz vermişdi. Aralarında olan razılığa əsasən pulun qalan hissəsini evi boşaldıb, miras paydan İddiaçı xeyrinə imtina edəndən sonra verməli idi. Sonradan Covid-19 pandemiyasına görə İddiaçı Azərbaycan Respublikasına gələ bilmədi. 2022-ci ildə ona məlumat verdilər ki, qardaşı Bəylər ata yurdunu satır. Bundan sonra, məhkəmədə mirasla bağlı iddia qaldırdı. Məhkəmədə mərhum ata və analarından miras qalmış mülkdən İddiaçı payı müəyyən olunub. Lakin qardaşı Cavabdeh söz verdiyi kimi miras payından İddiaçı xeyrinə imtina etməyib. Buna görə də İddiaçı qardaşı Cavabdeh ona verdiyi pulu geri tələb etsə də, sonuncu pulu geri qaytarmır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Qurban adlı şəxsi tanıdığını, lakin onun tərəfindən ona pul vermədiyini, iddiaçıdan heç bir pul məbləği almadığını, iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına iddiaçı tərəfdən şahid qismində çağırılmış X5 ifadəsində bildirdi ki, tərəflər onun qardaşlarıdır. Valideynləri vəfat etmişdir. Cavabdeh bundan sonra qardaş və bacılarına yad münasibət bəsləmiş, hətta onları ata yurdu olan evlərinə buraxmaq istəməmişdir. Lakin atası evi və torpağı böyük oğlu olan İddiaçı vəsiyyət etmişdir. İddiaçı isə qardaş və bacılarını bir yerə yığaraq hər kəsin həmin əmlaklardan payı olduğunu bildirmişdir. Cavabdeh pula ehtiyacı olduğunu və 30000 manat alacağı halda payından imtina etməyə hazır olduğunu bildirmiş, daha sonra 25000 manat istəmişdir. X5 valideynləri vəfat etdikdən sonra göstərdiyi soyuqqanlılığa görə Cavabdeh tələbi ilə razılaşmasa da ,İddiaçı və Cavabdeh öz aralarında razılığa gəlmiş, sonra İddiaçı Rusiya Federasiyasına getmişdir. Sonradan İddiaçı ilə danışıqlarından onun yaxın tanışları olan Qurban adlı şəxs vasitəsi ilə Cavabdeh 18000 manat verdiyini öyrənmişdir. Məhkəmə iclasına iddiaçı tərəfdən şahid qismində çağırılmış X4 ifadəsində bildirdi ki, İddiaçı onun xalasının yoldaşıdır. Cavabdeh iddiaçının qardaşı olaraq tanıyır. Təxminən 2020-ci ilin sentyabr ayında İddiaçı Rusiya Federasiyasından Cavabdeh çatdırılması üçün pul məbləğini xarici valyuta göndərmişdir. X4 bu məbləğin üzərinə öz hesabına pul əlavə edərək 16000 manat pulu Cavabdeh yaşadığı Zabrat qəsəbəsində ailəsinin yanında özünə vermişdir. 2-3 ay sonra isə yenə İddiaçı ona 2000 manat pul göndərmiş və o da bu pulu Cavabdeh şəxsən vermişdir. İddiaçı vəsaiti hesabına Cavabdeh cəmi 18000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixli, 2(062)-1405/2022 saylı qətnaməsi ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən mərhum X2 aid 1/8 hissəsindən İddiaçı 4/48 hissə, X3 1/48 hissə, Cavabdeh 1/48 hissə payı müəyyən edilm işdir. Miras qalmış evə aid hissədə mərhum X2 aid hissədən İddiaçı 2/8 hissədə, X3 1/8 hissədə, Cavabdeh 1/8 hissədə payı müəyyən edilmişdir. Yaşayış evinin mərhum X1 aid 1Ə2 hissəsindən vərəsələrin hər birinin 1/3 hissədə, ümumi əmlakın 1/6 hissəsində payları müəyyən edilmişdir. Ümumilikdə evə aid hissədən İddiaçı 10/24 hissə, X3 7/24 hissə və Cavabdeh 7/24 hissə payı müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və Cavabdeh doğma qardaşdırlar. Tərəflər arasında mübahisə valideynlərindən miras qalmış əmlakla bağlıdır. Bu əmlaklar üzərində qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflərin pay hüquqları müəyyən edilmişdir. İddiaçı Cavabdeh, pay hüququndan imtina etməsi üçün 2020-ci ildə cəmi 18000 manat pul verdiyini, lakin Cavabdeh payından imtina etməməklə yanaşı bu pulu da qaytarmadığını iddia edir. Cavabdeh İddiaçı pay hüququndan imtina etməsi üçün pul almadığını bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddia ərizəsində qeyd edilənlərdən aydın olur ki, iddiaçı öhdəlikdən kənar cavabdehə verdiyini iddia etdiyi pul məbləğini əsassız varlanma qaydasında geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı iddia edir ki, cavabdeh miras əmlakdan ona çatası paydan imtina etməsi üçün ondan 18000 manat pul almış, lakin payından imtina etməmişdir. Əsassız varlanmanın anlayışından çıxış edərək məhkəmə qeyd edir ki, cavabdehin əsassız varlanmasına səbəb olmuş pul məbləğini cavabdehə verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandıran heç bir yazılı sübut təqdim etməmişdir. İş materiallarında sübuti əhəmiyyət daşıyan material olaraq yalnız iddiaçı tərəfindən məhkəmə iclasına şahid qismində çağırılmış şəxslərin ifadələri mövcuddur. Bu şahidlərdən X5 özü ifadəsində Cavabdeh qarşı mənfi münasibətinin olmasını açıq-aşkar nümayiş etdirmiş, cavabdehin onu miras qalmış evə buraxmamasını, cavabdehin qardaş və bacılarına qarşı laqeyd münasibət bəsləməsini və tərəflər arasında miras əmlakla bağlı pul ödənişinə dair razılıq əldə olunduğu zaman Cavabdeh narazı olduğuna görə bu razılığa etiraz etdiyini bildirmişdir. X4 da ifadəsində İddiaçı ilə münasibətinin olduğunu, Cavabdeh ancaq pulu çatdırmaq üçün getdiyini bildirmiş, İddiaçı xalasının yoldaşı kimi münasibətləri olduğunu, Cavabdeh isə İddiaçı qardaşı kimi tanıdığını ifadə etmişdir. Məhkəmə hesab edir ki, şahidlərin ifadələrindən onların İddiaçı ilə sıx və mehriban münasibətlərinin olması, şahid X3 cavabdehə olan mənfi münasibətin ifadəsindən aydın görünməsi səbəbindən onların ifadələri digər sübutlar olmadığı halda, iddianın təmin edilməsi üçün müstəqil əsas kimi qəbul edilə bilməz. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi obyektiv həqiqət prinsipini deyil, formal həqiqət prinsipini əsas götürməkdədir; bu prinsipə əsasən, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirməsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür və nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən hazırki iddia tələblərinin təmin edilməsi qanuni və ədalətli deyil. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı öz tələblərini əsaslanıran hər hansı sübut təqdim edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar