Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3596/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən şəxs qismində X3 cəlb edilməklə) “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən şəxs qismində X3 cəlb edilməklə) “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh 20400 manat əsas borcunu, 5508,0 manat faiz borcu, vəkil xidmətinə görə ödənilmiş 201 manat və 167,72 manat dövlət rusumu tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ilin aprel ayında tanışı Cavabdeh iddiaçının həyat yoldaşı X2 məxsus 2011-ci il buraxılışlı, boz metalik rəngi olan, OPEL İnsignia markalı, ** TU *** dövlət qeydiyyat nişanı olan avtomobili satmışdır. Ümumi razılığa əsasən Cavabdeh əvvəlcədən 5000 ABŞ dolları, sonradan avtomobilin dəyərinin qalan hissəsini, o da 12000 ABŞ dollarını bir il ərzində tam ödənilməsini öhdəliyinə götürmüşdür. 01 aprel 2015-ci il tarixdə həyat yoldaşı X3 avtomobilə qarşı Cavabdeh etibarnamə vermişdir. Bundan sonra Cavabdeh ödəniş etməkdən boyun qaçırdaraq, 2015ci ildən 2020-ci ilədək cəmi 1000 ABŞ dollarım ödəmiş, həmin pulu hər-hansı bəhanə ilə yenidən İddiaçı borca götürmüşdür. Cavabdeh axırıncı ödənişləri xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixdə etmiş, sonradan iddiaçıya bildirmişdir ki, evi satıb pulunu ödəyəcək. Lakin, pulunun qaytarılmasını iddiaçı dəfələrlə ondan tələb etmiş, o da hər hansı bəhanə taparaq məsələni uzadır. Sonradan iddiaçı məlumat almışdır ki, Cavabdeh iddiaçını aldadaraq, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya aid olan əmlakını ələ keçirtmiş, ona verilmiş etibarnamədən istifadə edərək, əmlakını digər şəxsə satmış, pulunu mənimsəmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Nəsimi rayon Baş Polis İdarəsinə müraciət etsə də, həmin təşkilatlar tərəfindən cavabdehə qarşı heç bir tədbir görülməyib. O, hal-hazırda iddiaçıya 12000 ABŞ dollar məbləğində borcludur. Hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot faiz dərəcəsi 9% təşkil edir. Belə ki, cavabdehin hal-hazırda əsas borcu 12000,0 ABŞ dolları, o da 20400 manat, faiz məbləği 5508 manat təşkil edir. İddiaçı iddia ərizəsinə dəqiqləşməyə dair ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11000 ABŞ dolları əsas borc, 3240 ABŞ dolları faiz borcu, vəkil xidmətinə görə 200 manat və 167,72 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasından çıxarışın surətindən görünür ki, “OPEL İnsignia” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına xx.xx.2015-ci il tarixdə nömrə və qeydiyyat şəhadətnaməsinin dəyişməsi əsası ilə qeydiyyata alınmışdır, sonuncu, avtomobilə dair Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanıb təsdiq edilən 04 avqust 2021ci il tarixli ərizədən məlum olur ki, cavabdeh 01 aprel 2015-ci il tarixdə X2 məxsus “OPEL İnsignia” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, avtomobilin dəyəri olan 17.000 ABŞ dollarından 5000 ABŞ dolları əvvəlcədən ödədiyini, 2020-ci ilədək 1000 ABŞ dollarını hissə-hissə ödədiyini, hal-hazırda iddiaçıya 11000 ABŞ dolları borcu qaldığını etiraf etmişdir. X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə ünvanlanan ərizədən məlum olur ki, X3 “OPEL İnsignia” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, avtomobil ilə bağlı əri İddiaçı etdiyi bütün hərəkətlər barədə məlumatı və razılığı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər - İddiaçı ilə Cavabdeh arasındakı 2015-ci ilin aprel ayında olan şifahi razılaşmaya əsasən, İddiaçı Cavabdeh həyat yoldaşı X1 mülkiyyətində olan “OPEL İnsignia” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili 17000 ABŞ dollarına satmışdır. X3 ərizəsində avtomobil ilə bağlı hərəkətlərin edilməsinə razılığının olduğunu təsdiqləmişdir. İddiaçı tərəflər arasındakı şifahi razılaşma əsasında müəyyənləşdirilən öhdəliyini yerinə yetirmiş, avtomobili cavabdehə təhvil vermişdir. Cavabdeh 04 avqust 2021-ci il tarixli ərizəsində iddiaçıya sözügedən avtomobilin dəyərindən ümumilikdə 6000 ABŞ dolları ödəniş etdiyini, halhazırda iddiaçıya 11000 ABŞ dolları borcu qaldığını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə bildirir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh şifahi razılaşma üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsini istismar etməsi müqabilində sonuncuya 17.000 ABŞ dolları pul ödəyəcəyini öhdəsinə götürsə də, o bu məbləğdən yalnız 6000 ABŞ dollar ödəniş etmiş, qalan 11000 ABŞ dollarını isə iddiaçıya ödəməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, “OPEL İnsignia” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarına görə cavabdehdən 11000 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “3240 ABŞ dolları faiz borcunun iddiaçının xeyrinə tutulması” ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilən maddələrin məzmunundan göründüyü kimi öhdəliyin icrası müddəti tərəflər arasındakı şifahi razılaşmaya əsasən öhdəliyin icrasının müddəti bitdiyi tarixdən qətnamə çıxarıldığı tarixə kimi, yəni 2016-cı il tarixdən 2023-cü ilədək 7 il müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəflər arasındakı 2015-ci il aprel ayında olan şifahi razılaşmaya əsasən 12000 ABŞ dolları məbləğin ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə 7 illik müddət üçün tutulmalı olan məbləğ 3240 ABŞ dollar təşkil edir. Ona görə də 3240 ABŞ dolları faiz borcu cavabdehdən iddiaçının hesabına tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 167,72 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) ABŞ dolları əsas borc, 3240 (üç min iki yüz qırx) ABŞ dolları faiz borcu ödəniş günü manata məzənnə ilə manatla, vəkil xidmətinə görə 200 (iki yüz) manat və 167,72 (yüz altmış yeddi manat, yetmiş iki qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3596/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3596/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver