Məhkəmə qərarları › İş №2(005)-3596/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3596/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3596/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin vəziyyətini nəzərə alaraq, 12-ci mənzilin sahibindən ona vurduğu maddi və mənəvi zərərə görə 100 min manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir. İddiaçı həm mənəvi həm də maddi zərərə görə ümumilikdə 100000 manat ödənilməsini xahiş edir. Lakin qeyd edilməlidir ki, mənəvi zərərin tələb edilməsi qiymətləndirilməyən iddia ərizəsinin verilməsi kateqoriyasına daxil olduğundan 100 manat dövlət rüsumu ödəməlidir. Maddi zərərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı maddi zərərə görə tələb etdiyi məbləğin həcminə mütənasib olaraq, dövlət rüsumu ödəməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddiaçı ümumilikdə istədiyi 100000 manat məbləğin hansı hissəsinin mənəvi, hansı hissəsinin maddi zərər olduğunu iddia ərizəsində qeyd etməli və daha sonra həmin hissələrə uyğun olaraq dövlət rüsumunu ödəməlidir. Lakin hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, telefon nömrəsi və s.) əlavə edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar