Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3599/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilə bağlanması öhdəliyinin bankın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilə bağlanması öhdəliyinin bankın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı və MBNP-nın 27 mart 2019-cu il tarixli qaydalarına əsasən problemli kredit borc qalığı üzrə MBNP-nın rəsmi məlumatına əsasən İddiaçı ilə yeni güzəştli kredit müqaviləsinin bağlanılmasının Cavabdeh ASC-ə həvalə edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif vaxtlarda “Bank of Baku ASC- dən ( xx.xx.2020- ci il tarixli 2(005)-528/2020, xx.xx.2017-ci il 2(0050-156/2017, xx.xx.2016-cı iİ 2(007)-5567/2016, xx.xx.2017-ci il 2(007-1609/2017 və xx.xx.2016-cı il 2(007)-8470/2016 saylı) 4 müqavilə üzrə kredit götürmüşdür. Müəyyən çətinliklər səbəbindən kreditləri vaxtında tam ödəyə bilmədiyi üçün problemli kredit yaranmışdır. Prezidentin 28 fevral 2019 cu il tarixli Fərmanı və MBNP-nın 27 mart 2019-cu ildə təsdiq edilmiş qaydalarına və MBNP-nin rəsmi məlumatına əsasən İddiaçı xx.xx.2019-cu il tarixə problemli kredit müqvilələri üzrə ödədiyi vəsaitlərlərdən “Bank of Baku" ASC tərəfindən 2 müqavilə üzrə kredit borcu tam bərpa olunmuş 2 kredit müqaviləsi üzrə isə tam olaraq qalmışdır. Prezidentin Fərmanı və MBNP-nın təsdiq etdiyi qaydalara əsasən İddiaçı qalıq borcunun Bank tərəfindən düzgün hesablanmadığı üçün mübahisə yarandı və məhkəməyə müraciət etməli oldu. Məhkəmə gedişatında MBNP tərəfindən hesablanmış 2164.65 manat borc qalığına görə bank tərəfindən 25 dekabr 2019-cu il tarixıli güzəştli kredit müqaviləsi bir daha İddiaçı təklif olundu və məhkəmə araşdırması qurtarmadığı üçün müqavilə ilə razı olmadı. Məhkəmə iddianı təmin etmədi və artıq Məhkəmə qərarı qüvvəyə minmişdir. İddiaçı məhkəmə qərarının qüvvəyə minməsidən sonra İddiaçı yenidən MBNP-nın hesabladığı məbləğlə razılaşıb müqavilə imzalamağa hazır olsa da bank tərəfindən heç bir təklif olmadı və İddiaçı 08 iyun 2022-ci ildə rəsmi məktubla MBNP tərəfindən müəyyyən edilmiş borca görə güzəştli müqavilə bağlamağa hazır olmağı barədə banka rəsmi müraciət etdi. Lakin bank tərəfindən 11 avqust 2022-ci ildə aldığı 04 iyul 2022-ci il tarixli 33521B saylı cavab məktubunda yalnız plastik kartla olan borc qalığının 04 avqusta kimi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Hal hazırda həmin məbləği birdəfəlik ödəmək imkanı xaricindədir. Hesab edir ki, Məhkəmə mübahisəsi başa çatdıqdan sonra yenidən MBNP tərəfindən hesablanmış borc qalığı üzrə yeni güzəştlı kredit müqaviləsi bağlanılmalıdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı və MBNP-nın 27 mart 2019-cu il tarixli qaydalarına əsasən problemli kredit borc qalığı üzrə MBNP-nın rəsmi məlumatına əsasən müəyyən edilmiş 2164.65 manat kredit borc qalığı barədə İddiaçı ilə yeni güzəştli kredit müqaviləsinin bağlanılmasının Cavabdeh ASC-ə həvalə edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bank tərəfindən ona restrukturizasiya təklif edildiyini, lakin özünün banka olan kredit borcunu məhkəmə qaydasından mübahisələndirməsi səbəbindən restrukturizasiyanın baş tutmadığını qeyd edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X1 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanması üçün müddətin ötdüyünü, həmçinin belə bir müqavilənin bağlanması üçün texniki imkanların artıq qalmadığını bildirdi. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-4609/2017 saylı məhkəmə əmri ilə İddiaçı 982.45 manat əsas, 739.19 manat faiz, cəmi 1721.64 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1563/2017 saylı məhkəmə əmri ilə İddiaçı 2401.08 manat əsas, 1385.31 manat faiz, cəmi 3786.39 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-528/2020 saylı qətnaməsindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 802/2021 saylı qətnaməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4703/21 saylı qərarından müəyyən olunur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2017-ci il 2(005) -156/2017 saylı əmri, 02 avqust 2016-cı il 2(007)- 5567/2016 saylı əmri, 14 iyul 2017-ci il 2(007)- 1609/2017 saylı əmri, 25 noyabr 2016-cı il 2(007)-8470/2016 saylı əmri iddia ərizəsində göstərməklə, "xxxx" ASCyə olan kredit borcunun MBNP-nin 27 mart 2019-cu il qaydalarına əsasən düzgün müəyyən edilməklə 1176, 37 AZN məbləğində borcunun olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 528/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən və məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4703/21 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-802/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. xx.xx.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasından müəyyən olunur ki, İddiaçı Cavabdeh ASC-yə olan 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 2401.08 manat olmaqla borcun azaldılmasına yönəldilən məbləğ 864.96 manat, qalıq borcunun məbləği 1536.12 manat; İddiaçı Cavabdeh ASC-yə olan 01 mart 2019-cu il tarixinə digər əsas kredit borcu 982.45 manat olmaqla borcun azaldılmasına yönəldilən məbləğ 353.92 manat, qalıq borcunun məbləği 628.53 manat təşkil etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı bankdan ayrı-ayrı vaxtlarda 4 müqavilə üzrə kredit götürüldüyünü, sonradan borcunu ödəyə bilmədiyi üçün promlemli kredit yarandığı, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanı və MBNP-nın 27 mart 2019-cu il tarixli qaydalarına əsasən İddiaçı problemli kredit borc qalığının düzgün hesablanmamasına görə məhkəməyə müraciət etdiyini, lakin iddianın təmin olunmadığını bildirərək, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən güzəştli kredit müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli PC011221/13 saylı müqaviləyə əsasən 1000 AZN məbləğində plastik kart krediti, xx.xx.2014-cü il tarixli, R-BS-DK086231/14 razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində 2549 AZN məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh ASC qarşısında üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etmədikləri üçün Bank tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli, 2(007)- 4609/2017 saylı və xx.xx.2017-ci il tarixli, 2(007)-1563/2017 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli fərmanının icrasına uyğun olaraq İddiaçı kreditləri üzrə Bankda olan məlumatlar aidiyyəti üzrə göndərilmişdir. İddiaçı plastik kart və nağd pul krediti üzrə qalıq borc məbləğinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı “əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanında nəzərdə tutulmuş güzəştlərə uyğun olaraq Bank tərəfindən İddiaçı göndərilmiş 25 dekabr 2019-cu il tarixli, 15317 saylı məktubunda restrukturizasiya təklif edilmiş, lakin İddiaçı təklif edilən güzəşt şərtlərindən yararlanmamışdır. Sonda, müştəri məmnuniyyətinin təmin olunmasını özünün əsas fəaliyyət prinsiplərindən biri kimi müəyyən edən Bank tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixinədək plastik kart krediti üzrə olan qalıq borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli PC011221/13 saylı müqaviləyə əsasən 1000 AZN məbləğində plastik kart krediti, xx.xx.2014-cü il tarixli, R- BS-DK086231/14 razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində 2549 AZN məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh ASC qarşısında üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etmədikləri üçün Bank tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli, 2(007)-4609/2017 saylı və xx.xx.2017-ci il tarixli, 2(007)-1563/2017 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrasına uyğun olaraq İddiaçı restrukturizasiya təklif edilmişdir. Lakin İddiaçı restrukturizasiyanın yekun məbləği ilə razılaşmamış, məhkəməyə müraciət edərək, kredit borc məbləğinin düzgün müəyyən olunmasını xahiş etmişdir. Onun iddia tələbinə hər üç instansiya məhkəməsi tərəfindən baxılmış, iddiası təmin olunmamışdır. Bundan sonra İddiaçı banka mürcaiət edərək, bankın göstərdiyi məbləğlərlə restrukturizasiyaya razı olduğunu bildirmişdir. Lakin bank müddətin ötürülməsi səbəbindən onun bu müraciətini təmin etməmişdir. Bundan sonra İddiaçı bankın üzərinə onunla güzəştli kredit müqaviləsi bağlanması öhdəliyinin qoyulması tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Mülki Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.3 və 324.4-cü maddələri). Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il Qərarında göstərilmişdir ki, “Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).” Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İş materiallarından və iddiaçının izahatından göründüyü kimi, bank tərəfindən iddiaçıya restrukturizasiya təklif edilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmayaraq məbləğin yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Onun iddia ərizəsinə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə bu faktları təsdiqləyən iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən güzəştli kredit müqaviləsi bağlamaq istədiyini bildirmişdir. ərizənin tarixindən iddiaçının bu barədə banka xx.xx.2022-ci il tarixdə müraciət etdiyi görünür. Halbuki yuxarıda qeyd edilən qaydalarda imperativ olaraq bu müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı göstərilmişdir və bu qaydadan istisna müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş bankın nümayəndəsi də belə bir müqavilə bağlanması üçün texniki imkanların qalmadığını vurğulamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı və qanuni deyildir, buna görə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "müqavilə bağlanması öhdəliyinin bankın üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3599/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3599/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver