Məhkəmə qərarları › İş №2(005)-3601/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3601/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3601/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc məbləğinin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı borclu olduğu 30.500 manat və onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 181,5 manat, cəmi 30.681.5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, uzun illər ərzində tanıdığı və etibar etdiyi Cavabdeh (xx.xx.1951 təvəllüdlü, AZE ********, FİN xxxxxxx) İddiaçı xx.xx.2022-cı ildə müraciət edərək, yaranmış ciddi maddi problemlərinin həlli üçün 30.500,0 manat məbləğində borca pul istəmişdir. Aralarında baş vermiş razılaşmaya əsasən, İddiaçı Cavabdeh 30.500,0 manat borca pul verməyi, o, isə hər ay, ayın otuzu tarixlərində 1000 manat olmaqla həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh şifahi qaydada müəyyən edilmiş şərtlərlə razılığını «raspiska»nı (qəbzini) öz xətti ilə yazaraq və imza ilə təsdiqləyərək bildirmişdir. Lakin buna baxmayaraq borcun ödənilmə vaxtı çatanda cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılma vaxtını uzadaraq üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bu günədək İddiaçı olan 30.500 manat borcundan bir manat da qaytarmamışdır. Cavabdeh, sözü gedən məbləği könüllü ödəməkdən yayındığına görə, İddiaçı, hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim etdi. Etiraz ərizəsinə əsasən, iddiaçının təqdim etdiyi 4 iltizam üzrə iddiaçı ona bir qəpik də pul verməmişdir. 2020-2022-ci illər ərzində Nellya xanımın güclü şantaj, hədə-qorxu, təkid və tələbi nəticəsində cavabdeh iddiaçıya 7300 manat ödəmişdir. Təəssüf olsun ki, 2012- 2018-ci illər ərzində onun Nellya xanmdan hissə-hissə aldığı, cəmisi:12-13 min manat və 4.000 ABŞ dolları borc pulun alınması və həmin borcun faizləri ilə birlikdə qaytarılması barədə qeydlər bugünə qədər saxlanılmamışdır. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, borc məbləğinin iddia ərizəsində qeyd ediləndən daha az olduğunu, iddiaçının hədə-qorxusu altında yazdığı iltizamda borc məbləğini əslində olandan çox yazdığını bildirdi. Həmçinin borc məbləğindən ödənişlər etdiyini, lakin həmin məbləğlərin aralarında olan razılığa zidd olaraq əsas borca hesablanmış faiz adı ilə silindiyini, lakin qeyd etdiyi halları heç bir şahid ifadəsi və ya digər sübutlarla sübuta yetirə bilmədiyini qeyd etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2021-ci il tarixli yazılı itizamlardan görünür ki, Cavabdeh müxtəlif tarixlərdə İddiaçı qaytarmaq şərti ilə borc pul götürmüşdür. xx.xx.2021-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh 33500 manat məbləğində borcdan 3000 manat ödəniş etmiş, 30500 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli borcun etirafı barədə yazılı iltizamdan görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 30500 manat borcu olduğunu etiraf etmiş və hər ayın 30-u 1000 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd CD-diskdə əks olunmuş səs yazılarından məlum olur ki, İddiaçı Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq, borcunu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh borcu olduğunu inkar etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd flaş-kartda əks olunmuş videogörüntülərdə cavabdeh tərəfindən iltizamın yazılıb imzalanması; aparılan video çəkiliş barədə onun xəbərdar olması görünür. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 739- cu maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks ooollluuunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, yazılı iltizamla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs və videoyazıları sübut qismində dəyərləndirilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif tarixlərdə borc almış, həmin borc məbləğinin müəyyən hissəsini qaytarmışdır. Cavabdeh tərəfindən imzalanmış sonuncu yazılı iltizamdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 30500 manat borcu vardır. Həmin yazılı iltizamın doğruluğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iltizamın eyni olması ilə təsdiq olunur. Həmçinin həm xx.xx.2021-ci il tarixli, həm də xx.xx.2022-ci il tarixli yazılı iltizamlardan borc məbləğinin 30500 manat olduğu müəyyən olunur. Göründüyü kimi, keçən bir ilə yaxın müddət ərzində borc məbləği dəyişməmiş, yəni borc üzrə hər hansı faizlər hesablanmamışdır. Beləliklə, aşağıdakılar hazırkı işin mübahisəsiz halıdır: 1.Tərəflər arasında borc münasibətlərinin olması; 2.Borcun təsdiqinə dair xx.xx.2021-ci il tarixdə yazılmış iltizamın Cavabdeh tərəfindən imzalanması; Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisələndirilən yeganə məsələ borcun məbləği və qaytarılıb-qaytarılmamasıilə bağlıdır. İddiaçı cavabdehin ona 30.500 manat borcu olduğunu bildirir, bunun təsdiqinə dair xx.xx.2022-ci il tarixdə yazılmış, cavabdehin imzası ilə təsdiq edilmiş yazılı sübutu (iltizamı) məhkəməyə təqdim edir. Cavabdeh tərəflər arasında borc münasibətlərinin olmasını, xx.xx.2022-ci il tarixli yazılı sübutdakı imzanın cavabdehə məxsus olmasını təsdiq etməklə yanaşı borcun məbləğini mübahisələndirərək, borc aldığını, lakin məbləğin iltizamda göstərilləndən qat-qat aşağı olmasını, 2012-2018-ci illər ərzində 12000-13000 manat və 4000 ABŞ dolları, 2020-2022-ci illər ərzində 7300 manat borc aldığını və hamısını qaytardığını; iltizamı hədə-qorxu, təkid altında imzaladığını bildirsə də, dediklərinə dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia ərizəsinə etiraz olaraq bildirdiyi hallarla bağlı qeyd edir ki, cavabdeh həmin iltizamı hədə-qorxu altında imzaladığını, həmçinin ödədiyi pul məbləğlərinin əsassız olaraq əsas borca hesablanmış faiz borcunə çıxırıldığını bildirir. Lakin məhkəmə iclasında hakim cavabdehə etirazlarını sübut etmək üçün şahid dəvət edilməsini, və ya hər hansı digər sübutun təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını təklif etsə də, cavabdeh dediyi halları təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı məhkəməyə Cavabdeh ona borcu olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmiş, lakin Cavabdeh iddiaya etirazın əsası kimi göstərdiyi heç bir halı sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, sübutetmə institutu xüsusi əhəmiyyət kəsb edir. Tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan cavabdehin etirazlarının əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ödənilməmiş 30500 manat borcu olması iş materialları ilə sübut edildiyindən hazırki mübahisə aşağıdakı maddi hüquq normaları tətbiq edilməklə tənzimlənməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 30500 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 181.5 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30500 manat borc, 181.5 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30681,5 (otuz min altı yüz səksən bir manat əlli qəpik) manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar