Məhkəmə qərarları › İş №2(005)-3602/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3602/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3602/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan onun xeyrinə 18500 manat əsas məbləğ, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 18667,25 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 18500 manat pul verməlidir. Borclu olduğunu xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən aydın görmək olar. Cavabdeh ona olan borcu kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə kimi qaytarmağı söz versə də, indiyə kimi sözünə əməl etməmişdir. Pulun verilməsi barədə dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələrlə həmin pulu verməkdən boyun qaçırır. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıdan tələb olunan məbləğdə borc götürdüyünü qəbul etmiş, lakin həmin borcu başqa şəxsə verdiyini və ona dəfələrlə müraciət etsə də, borcu yaxın günlərdə qaytaracağını bildirmiş, bugunədək həmin pulu vermədiyindən iddiaçıya olan borcunu qaytara bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri 27 saylı notariat ofisinin notarisu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 18500 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli pretenziya məktubundan görünür ki, 18500 manat borcun 7 gün ərzində qaytarılması xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixində tərəfər notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 18500 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən 18500 manat borcdan heç bir ödənişin aparılmadığını bildirərək, pulun tutulmasını xahiş edir İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatında da öz təsdiqini tapmışdır. Cavabdeh borc aldığını və borcun məbləğini qəbul etsə də, onu başqa şəxs üçün götürdüyünü, həmin şəxsin isə borcu qaytarmadığını bildirmiş, lakin tərəflər arasında bağlanan əqdin subyekt tərkibinə görə əhəmiyyətsiz olmasını isbat edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun götürələrək digər şəxsə verilməsi borc götürəni müqavilə üzrə yaranmış borcu ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə qanunvericiliyin tələblərinə uyğundur. Əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal və ya bağlanmış müqavilənin cavabdehin iradə ifadəsini əks etdirməməsi, müqavilənin subyekt tərkibinə görə yalan əqd olmaqla əhəmiyyətsiz olması halı müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cavabdehin tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə 18500 manat borcu mövcuddur və həmin borcdan heç bir məbləğ qaytarılmamışdır. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 6 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş etmişdir. Məhkəmə vəkilə ödənilmiş 150 manat pulun ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 18500 manat pul, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 (yüz əlli) manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar