Məhkəmə qərarları › İş №2(005)-3614/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3614/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3614/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Bağırova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə 1862,14 (min səkkiz yüz altmış iki manat 14 qəpik) manat, faiz borcu üzrə 227,86 (iki yüz iyirmi yeddi manat 86 qəpik) manat, cərimə borcu 59,16 (əlli doqquz manat 16 qəpik) manat, cəmi 2 149,16 (iki min yüz qırx doqquz manat 16 qəpik) manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 21 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.xx xxxxxxxx 2020-dək Cavabdeh banka xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1862.14 manat əsas borc, 227.86 manat faiz borcu və 59.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2149.16 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini, mülki iş üzrə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş xx xxxxx 2019-cu il tarixli “xxxx” İKB ASC (“xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış “kredit müqaviləsinə” əsasən, Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh cədvəl üzrə aylıq 155.63 manat (yüz əlli beş manat altmış üç qəpik) kredit ödənişi etməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, cavabdeh 3000 min manat (üç min manat) məbləğində vəsaiti imzalayaraq qəbul etmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” İKB ASC ilə (“xxxx” Açıq Səhmdar Cəmiyyəti) xx xxxxx 2019-cu il tarixli “kredit müqaviləsi” üzrə əsas məbləğ üzrə borc: əsas məbləğ üzrə borc: 1862,14 (min səkkiz yüz altmış iki manat 14 qəpik) manat, faiz borcu: 227,86 (iki yüz iyirmi yeddi manat 86 qəpik) manat, cərimə borcu: 59,16 (əlli doqquz manat 16 qəpik) manat, cəmi 2 149,16 (iki min yüz qırx doqquz manat 16 qəpik) manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 12572 nömrəli Xəbərdarlıq məktubundan görünür ki, borcluya 05 (beş) iş günü müddətində borcunu ödəməməsi halında müqavilənin şərtlərinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbardarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışının surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əvvəlki adı “xxxx” İKB ASC olmuşdur. xx.xx.1994-cü il tarixdə qurum qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır, təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1862,14 (min səkkiz yüz altmış iki manat 14 qəpik) manat,hesablanmış faiz borcu üzrə 227,86 (iki yüz iyirmi yeddi manat 86 qəpik) manat, cərimə borcu üzrə 59.16 (əlli doqquz manat on altı qəpik) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumukimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1862,14 (min səkkiz yüz altmış iki manat 14 qəpik) manat əsas borc, 252,33 (iki yüz əlli iki manat 33 qəpik) manat faiz borcu, 59,16 manat (əlli doqquz manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2 149,16 (iki min yüz qırx doqquz manat 16 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1862,14 (min səkkiz yüz altmış iki manat 14 qəpik) manat əsas borc, 227,86 (iki yüz iyirmi yeddi manat 86 qəpik) manat faiz borcu, 59,16 manat (əlli doqquz manat on altı qəpik) cərimə borcu, cəmi 2149,16 (iki min yüz qırx doqquz manat 16 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar