Məhkəmə qərarları › İş №2(005)-3615/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3615/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3615/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 4300 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 iyun 2023-cü il tarixində Cavabdeh ilə aralarında şifahi razılaşma əsasında iddiaçının idman zalının avadanlıqlarının alqı-satqısı prosessinə başlamışlar. İlkin razılaşmaya əsasən Cavabdeh iddiaçıya 1000 (min) manat məbləğində ödəniş edərək qalan məbləği hissə-hissə 500 (beş yüz) manat məbləğindən az olmayaraq, ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləği ödəniş etməyi öhdəliyinə götürdü. 20 iyun 2023-cü il tarixində axşam saatlarında yük daşıyıcı nəqliyyat vasitəsi ilə birgə Cavabdeh avadanlıqları götürmək üçün gəlmiş, həmin günü iddiaçının kartına 200 (iki yüz) manat məbləğində ödəniş etmiş və qalan hissəsini həmin ayın sonuna qədər ödəniş edəcəyini bildirmişdir. Bildirdiyi vaxtdan bir-neçə gün sonraya qədər əlaqə yaratmaqdan yayınmış və whatsapp üzərindən yazı ilə ödənişi və ya iddiaçıdan götürdüyü əmlakı geri qaytarmasını tələb etdiyi təkrar məsələnin yoluna qoyulacağına dair vədlər versə də, heç bir nəticə yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddiaçıya 4300 manat borcu olduğunu etiraf etmiş, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: Sizin xx.xx.2023-cü il tarixdə 25-ci Polis Şöbəsinə yazmış olduğunuz şikayət ərizəsində göstərilənlər polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddiadır və həmin iddia ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət edə bilərsiz. İş materiallarında olan tərəflər arasındakı “whatsapp” yazışmalarının surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşma əsasında idman zalının avadanlıqlarının alqı-satqısı olmuş, cavabdeh tərəfindən isə müvafiq ödəniş tam şəkildə edilməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən iddiaçının kartına 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən idman zalının avadanlıqlarını təhvil vermiş, cavabdeh isə razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ödənişi tam həcmdə etməmişdir. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tərəfindən İddiaçı hazırkı mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə borcunu etiraf etməsi nəzərə alınaraq, iddia tələbi təmin edilməli, cavabdeh X1 4300 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 63 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul və 63 manat dövlət rüsumu İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar