Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3668/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, 2550 (iki min beş yüz əlli) manat gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 11 080 (on bir min səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 may 2015-ci il tarixdə iş üzrə Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu 1 ay müddətinə qaytarmalı idi. Lakin cavabdeh ötən müddətdə aldığı pulu qaytarmaqdan imtina edib. Pulu qaytarmasını cavabdehdən dəfələrlə xahiş etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh yenə də borcunu ödəməkdən imtina edib. Aşağıda göstərilənlərə əsasən Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, həmin pulun qaytarılmalı olduğu 18 iyun 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 24 iyun 2021 -ci il tarixədək olan 6 il müddəıində 2550 (iki min beş yüz əlli) manat pulun (8500 manat/100%~85 x 5%=425 manat, 425 manat x 6 il =2550 manat), gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi cəmi 11080 (on bir min səksən) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, 2015-ci il may ayının 18-də Cavabdeh 1 ay müddətdə qaytarmaq şərti ilə məndən 8500 manat borc pul alıb. Lakin həmin vaxtdan bu günədək, dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh pulu qaytarmaqdan imtina edib. Sonuncu dəfə hüquq şirkəti tərəfindən eavadehə yazılı xəbərdarlıq (pretenziya) edilərək pulu və ödənişin gecikməsinə görə faizlərin ödənilməsi tələb edilsə də, cavabdeh yenə də borcunu ödəməkdən imtina edib. Odur ki, cavabdehdən 8500 (səkkiz min beş yüz) manat pulun Cavabdehdan alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Bundan başqa, Cavabdehdan 8500 (səkkiz min beş yüz) manat pulu qaytarılmalı olduğu 18 iyun 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 24 iyun 2021-ci il tarixədək olan 6 il müddətində 2550 (iki min beş yüz əlli) manat (8500 manat/100%=85 x 5%=425 manat, 425 manat x 6 il =2550 manat) gecikdirilmiş faiz borcunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Hazırkı işdə əsas borc məbləğinin qaytarma vaxtı olan 18 iyun 2015-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Odur ki, cavabdehin pulu qaytarmalı olduğu 18 iyun 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 24 iyun 2021-ci il tarixədək olan müddət üçün cavabdehdən 2550 manat tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda 06.07.2021-ci il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin halları ondan ibarətdir ki, iddialı İddiaçı o, 2013-cü ilin fevral ayından tanıyır. Tanışlığa səbəb, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi işlədiyi hüquqi şirkət tərəfindən ofıs məqsədi ilə ondan icarəyə götürülmüşdür. İddiaçının həmin vaxtlar gəlir mənbəyi icarəyə verdiyi əmlaklardan əldə etdiyi icarə haqqı olmuşdur və eyni zamanda faizə pul verirdi. Kirayəşinlərlə və borclularla aralarında yaranan mübahisə ilə bağlı hüquqşünas olduğunu bildiyindən dəfələrlə ofisə gəlib ona yardım etməyini istəmişdir. Onun tənha, iki övlad anası olduğunu, onları tək başına xaricdə oxutduğunu bildiyi üçün hər dəfə çalışmışdır ki, ona təmənnasız hüquqi yardım göstərsin. İddiaçının borclularla mübahisəsi çox olduğundan ona faizə pul verməməsini təklif etmiş və həmin pulu o vaxtlar aktual olan məişət avadanlıqlarının rayonlarda səyyar satışına sərmayə qoymasını təklif etmişdir ki, problemli adamlardan uzaq dursun. Aralarında olan şifahi razılaşmaya əsasən 6 ay müddətində geri götürməmək şərti ilə iddiaçı 1 ay ərzində 30000 manat həmin işə vəsait qoymalı idi. Bu razılaşmada qoyulan pula üç nəfər öhdəlik daşıyırdı; iddiaçı, o və rayonlarda satışı həyata keçirən şəxs. İddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi üçün, yəni tələb olunan 30000 manat vəsaitin yalnız 19000 manat işə cəlb etdiyi üçün və işə başladıqdan 2 ay sonra dərhal pulunu geri tələb etdiyi üçün planlaşdırılmış iş alınmadı. İşin axsamaması məqsədi ilə 10000 manatdan artıq vəsait özü işə cəlb etmişdir, halbuki, razılaşmaya əsasən bütün vəsaitin cəlb olunmasım iddiaçı öz üzərinə götürmüşdür. Nəticədə iddiaçının tez-tələsik pulunu geri tələb etməsi, sərf etdiyi 19000 manat vəsaitdən yalnız 15000 manatını geri götürmək mümkün olmuşdur. Qalan pulların yığılması rentabilliyin itirdiyi üçün, yəni nəqliyyat xərci hər gün yığılan qalıq puldan yüksək olduğu üçün ərazilərə çıxıb pulları yığmağın mənası olmadı. Hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 8500 manata dair 18.05.2015-ci il tarixli razılaşma, iddiaçının ilkin ödədiyi pulun təminatda olduğunu sübut etmək üçün aralarında etiraf müqaviləsi olmuşdur. Çünki, işə başladıqdan sonra hər dəfə iddiaçıdan pul istədikdə problem yaradırdı. İşlərin yaxşı getdiyi vaxtda hansısa falçının sözlərinə inanaraq gələcəkdə qoyduğu pulu geri götürə bilməyəcəyi qorxusu ilə pulları tez-tələsik geri istəmiş və bununla da şərikli işləri sona çatmışdır. Bu səbəbdən, nəticədə iddiaçı 4000 manat, o isə 3800 ABŞ dolları ziyanla üzləşmişdir. İddiaçıya satılmayan malları təklif etmiş, lakin iddiaçı onlardan da imtina etmişdir. Bütün bu dediklərini iddiaçı özü də təsdiq edə bilər. Həmçinin eyni tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı ilə aralarında 18.05.2015-ci il tarixli borcun verilməsinə dair razılaşma əsasında iddia tələbi üzrə iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə aralarında 18.05.2015-ci il tarixdə imzalanmış razılaşmaya əsasən ondan götürdüyü 8500 manat borcun, 2550 manat gecikdirilmiş faiz borcunu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11 080 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçı borcun tələbi ilə bağlı iddia müddətini ötürdüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, 18.05.2015-ci il tarixli razılaşma ilə bağlı iddia tələbi ilə məhkəməyə 6 il sonra müraciət edildiyindən, yəni mübahisələndirdiyi borcun mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ünvanlanmış 05 yanvar 2021-ci il tarixli 05/21 №-li məktubdan görünür ki, 5 gün müddətində 8500 manat əsas borcun və ödənişin gecikdirilməsinə görə illik 5 faiz olmaqla 5 il 7 ay müddət üçün 2422 (iki min dörd yüz iyirmi iki) manat, cəmi 10 922 (on min doqquz yüz iyirmi iki) manat pulun İddiaçı ödənilməsi tələb edilir. Əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 18.05.2015-ci il tarixli əlyazmanın surətindən və məzmunundan görünür ki, Cavabdeh 18.05.2015-ci il tarixdə İddiaçı 8500 manat pul İmişli rayonunda səyyar satış işləri görülməsinə görə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasənmüddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh Güləhmədov Zoyamin Yunus oglu ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında iddiaçının iddia ərizəsində göstərdiyi kimi 1 ay müddətinə 18.05.2015-ci il tarixdə 8500 manat məbləğində pulun verilməsinə dair şifahi borc müqaviləsi bağlanılmışdır. Belə olduqda müqavilənin bitmə tarixi 18.06.2015-ci il hesab olunur. İddiaçı məhkəməyə 6 ildən sonra 02.07.2021-ci il tarixdə iddia ilə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3668/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3668/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver