Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3681/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1, Сavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Сavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutularaq iddiaçı “Ailə Park" QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X7 edilməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14,14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. "xxxx" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 30 və 60 saylı mənzilin sahibi olan cavabdeh X2 ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu 60 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 85 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 manat kirayə haqqı, 30 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 57,6 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 450 manat kirayə təklif olunur. İddiaçı QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Belə ki, sökülmüş hər binada 60 mənzilin olmasını və hər bir mənzil sahibinə aylıq 300-400 (ortalama 350) manat məbləğində kirayə haqqının ödənilməsini nəzərə alsaq, binanın sakinlərinə 60 x 350 = 21000 manat məbləğində aylıq kirayə haqqı ödənilir. Bununla yanaşı icarəyə götürülmüş texnikadan (qaldırıcının, ekskovatorun və digər nəqliyyat vasitələrinin) müddətdən artıq istifadəsinə görə QSC hər ay 30 000-40 000 (ortalama 35000) manat məbləğində icarə haqqı ödəmək məcburiyyətindədir. Bundan başqa Bakı şəhəri, Nərimanov raycnu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında bağlanmış 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə veri məsi haqqında” müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 87751,37 manat məbləğində icarə haqqı ödəyir. Sərəncamın icrası və QSC-nin daha da çox maddi zərərə məruz qalmaması məqsədi ilə tərəflərindən cavabdehə qarşı mübahisəli mənzillərin boşaldılması, sökülməsi, sökülmüş mənzillərin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh vurulmuş maddi zərərə görə deliktdən törəyən məsuliyyəti daşımalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki "xxxx" QSC Cavabdeh mülkiyyətindən əsassız, qanunsuz və ədalətsiz olaraq məhrum etmək üçün məhkəməyə müraciətlər edib. Hal-hazırda iddiaçı tərəfindən bir neçə tələblər üzrə cavabdehə qarşı iddialar qaldırılmışdır və məhkəmə mübahisələri davam edir. Qaldırdığı tələblər üzrə məhkəmə aktları qəbul edilməmiş və qüvvəyə minməmişdir. İddiaçının bu formada iddialar qaldırmağı hüquqlarından sui-istifadə etməsi və qanunsuz əməllərinə məhkəmə vasitəsi ilə hüquqi don geyindirmək istədiyini hesab edirlər. Cavabdehə qaldırılmış iddialar üzrə cavabdeh, tərəf olaraq konstution hüquqlarını qorumaq və çəkişmə prinsipinə uyğun olaraq müdafiəyə əməl etmə məcburiyyətində qalıb. Cavabdehin müdafiə hüququndan istifadə etməsi, haqqını qoruması heç bir halda ziyan vurma xarakteri yaratmır. Cavabdehin mənzilinin yerləşdirdiyi evlə bağlı danışıqlar 2024-cü ilin fevral ayında olmuşdur. Danışıqlardan sonra iddiaçı sakinlərdən bir neçəsini məhkəməyə vermişdir, iddiaçı özünün təqdim etdiyi sübut əhəmiyyətli hesab etdiyi müqavilələrdən görünür ki, 2 il qabaq (2022-ci il və 2023-cü il tarixli) icarə müqaviləsi bağladığı avadanlıqların onların evlə bağlı heç bir əlaqəsi olmayıb. Qeyd edilən ərazidə bir neçə evlərin inşası olub. Yəni hissə-hissə evlərin sakinləri ilə danışıqlar aparılaraq işlər görülmüşdür. İddiaçının həmin ərazidə hər hansı tikinti aparmağa subyektiv hüququnun ümumiyyətlə olmadığını və məhkəmənin bu halı ətraflı araşdırmalı olduğunu və aidiyyəti sənədləri istəyərək təhlil etməli olduğunu hesab edirlər. Vətəndaşların qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək məhkəmələrdə cavabdeh olaraq müdafiə olunması, özünü, ailəsinin gələcəyini səhhətini, sağlamlığını və əmlakını qoruması pozuntu olmadığı üçün və deliktə əsaslana bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı sərəncam var və onlar da həmin sərəncama uyğun olaraq layihəni icra edirlər. Onlar demək olar bütün binaları sökmüşlər, son olaraq 2 saylı bina qalıb. Lakin, iş üzrə cavabdeh mənzili təhvil verməkdən yayınır, onlarla müqavilə bağlamaqdan imtina edir. Cavabdeh öz hüquqlarından sui-istifadə edərək əsassız varlanmaq niyyətindədir. Məsələ ilə bağlı cavabdehin oğlu və vəkili ofisə gəlmişdilər. O, onlardan nə istədiklərini soruşduqda 100 faiz əlavə sahə, yəni bir mənzilə görə 2 mənzil istədiklərini bildirdilər. O, onlara hüquqlarından sui-istifadə etdiklərini bildirdikdə, onlar gülərək bunu qəbul etdilər. Onlar da məcburiyyət qarşısında qalaraq mənzilin boşaldılması və s. tələblərlə cavabdehə qarşı iddia qaldırmışlar və hazırda da həmin iddiaya baxılır. İş yekunlaşmaq üzrə idi, lakin qarşı tərəfin vəsatəti əsasında icraat dayandırılır. Burada iki mənzildən söhbət gedir. Xətai Rayon Məhkəməsində 60 saylı və 30 saylı mənzil var. Vərəsəlik işi açılmışdır. 30 saylı mənzili satan şəxsi tələsdirərək mənzili əldə edib etmişlər. Vərəsəlik şəhadətnaməsini də qısa zamana əldə edərək çıxarış almışdır. Zibeydə xanım binanın plana düşməsini bilərək məqsədli şəkildə bunu etmişdir ki, gələcəkdə 1 mənzilə görə deyil, 2 mənzilə görə daha çox gəlir əldə etsin. Qarşı tərəfin işi yubatmaq üçün bir neçə vəsatəti olmuşdur. Yekun olaraq həmin iş dayandırılıb, onlar həmin qərardaddan şikayət vermişlər. Burada söhbət ondan gedir ki, onlar vətəndaşla müqavilə bağlayarkən ona kirayə haqqı ödəyirlər. Onların işləri uzandıqca daha çox ödəniş edirlər. Zaman uzandıqca isə onların şirkətinə ziyan dəyir. Ortalama olaraq aylıq 300-600 manat arası kirayə haqqını hesabladıqda şirkətin xərcini müəyyən etmək olar. Şirkət belə halda ziyana düşür. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti ilə onların 2,7 ha torpaq sahəsinin ayrılması ilə bağlı 49 illik icarə müqavilələri var. Orada onların torpağa görə nə qədər icarə haqqı ödəmələri görsənir. Həmçinin şirkət tikintidə müəyyən texnikaları icarəyə götürür. Bunun üçün də icarə haqqı ödəyir. Vaxt uzandıqca onlar zərərə düşürlər. Cəmi 2-3 nəfər qalıb ki, mənzilləri təhvil verməyiblər, həmin şəxslərlə bağlı işlər davam edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəf öz hüquqlarının müdafiəsi üçün iddia qaldırır, lakin qarşı tərəf buna görə zərərə düşdüklərini iddia edərək maddi zərər tələb edir. Burada heç bir zərərdən söhbət gedə bilməz. Qarşı tərəf özü digər işin dayandırılması üçün vəsatət vermişdi. Əvvəlcə şirkətin tikinti aparmaq hüququnun və subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Onların belə bir hüquqları yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, onların mənzili ilə bağlı məhkəmə işi davam edir. Onlar da həmin işdə qarşılıqlı iddia ərizəsi vermişlər. Tələblər əsasında qarşılıqlı razılıq əldə edilsə mənzil boşaldıla bilər. Həmin işdə çəkilən xərclərlə bağlı sənədlər var və həmin sənədlərə nəzərə yetirilsə aydın olar ki, 2020-ci ildə texnikaların cəlb edilməsi ilə bağlı bağlanmış müqavilələr var. Qarşı tərəf bildirir ki, texnikalar hazırda işləyə bilmir və tikinti yubanır. Lakin tikilməkdə olan və tikintisi bitəcək 2 bina var ki, həmin texnikalar o binalar üçün istifadə edilir. Sərəncamı əsas gətirsələr belə sərəncamın 1-ci bəndində yerli sakinlərlə razılıq əldə edildikdən sonra verilə bilər. Lakin onlarla heç bir razılıq əldə edilməyib, onlar nəyə görə ziyan ödəməlidirlər? Onların yaşadığı binanın bir çox sakinləri ilə razılıq əldə olunmayıb. Hələ bina boşaldılmayıb. Qonşular yaşayır. Onlar sadəcə öz mülkiyyət hüququnu müdafiə edirlər. Hər hansı bir ziyandan söhbət gedə bilməz. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ÖM seriyalı 179170 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Həsənoğlu küçəsi 12 saylı, 3 otaqlı evin 60 saylı mənzili Cavabdeh, X4, X5, Nümayəndə2 adlarına pay hüququ üzrə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır; - Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi icarəyə verilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X7 edilməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan 8 ədəd 5 mərtəbəli yaşayış binalarının sökülərək, yerində yeni layihə əsasında müasir tipli hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə 15 oktyabr 2019-cu il tarixli 7-3473/7 nömrəli məktubu Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq yerquruluşu planı hazırlanarkən ərazidə dövlət təşkilatlarının balansında olan yaşayış binalarının, hüquqi və fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmış qeyri-yaşayış təyinatlı obyektlərin mövcud olduğu müəyyən edilmişdir. Həmin ərazidə dövlət təşkilatlarının balansında olan yaşayış binaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"a uyğun balansdan silinməklə, eyni zamanda həmin ərazidə olan dövlət mülkiyyətində olan qeyriyaşayış sahələrinin tikinti başa çatdıqdan sonra dövlətə geri qaytarılması ilə bağlı bir tərəfdən Əmlak Məsələləri Dövlət Komitəsi, digər tərəfdən balans saxlayıcı dövlət təşkilatı və tikinti təşkilatı arasında üçtərəfli müqavilənin bağlanılması şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 2,7520 hektar torpaq sahəsinin yeni layihəyə uyğun müasir tipli hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmir; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna qoşma edilmiş cizgi üzrə qeyd olunan ünvanda yerləşən 2,7520 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə etiraz etmirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür kii, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinə qarşı "qanunsuz inzibati aktın ləğv edilməsinə" dair işə baxılanadək, mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və 2(005)-1651/2024 saylı mülki işə baxılması davam etdirilmişdir. İddiaçı cavabdehin mənzili sökülmək üçün təhvil verməməsi səbəbindən ziyana məruz qaldıqlarına, əlavə olaraq kirayə haqqı, icarə haqqı ödədiklərinə istinad edərək cavabdehdən vurulmuş maddi zərərə görə 30000 manat pul tələb edir. Cavabdeh isə onlarla danışıqların 2024-cü ilin fevral ayından başlandığına, binada yaşayışın davam etdiyinə, sakinlərin çıxmadığına, mülkiyyət hüquqlarının müdafiəsini həyata keçirdiklərinə istinad edərək iddiaya etiraz edir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələriinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərdən də göründüyü kimi, hazırda iddiaçının cavabdehə qarşı mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı davam etməkdədir. Hər iki tərəf məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etməyə çalışır. Cavabdehin də bildirdiyinə görə, tərəflər arasında danşıqlar 2024-cü ilin əvvəlindən başlanmış, razılıq əldə edilmədiyindən məhkəməyə müraciət edilmişdir. Həmçinin mübahisələndirilən mənzillərin yerləşdiyi bina hələ boşaldılmamış, sakinlər yaşamaqda davam edir. Bu halları iddiaçının nümayəndəsi tərəfində inkar etməmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda ilkin əsas kimi təqsirli və ya təqsirsiz olaraq hüquqa zidd əməlin törədilməsi halı sübuta yetirilmədiyindən, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, hər hansı bir hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, onun olmayan nəticəsi barədə münasibət bildirmək də faktiki olaraq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən təqdim edilmiş icarə, kirayə müqavilələri cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən sübut sayıla bilməz. Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq hər bir tərəfin məhkəmə müdafiəsi hüququndan istifadə etmək və qarşı tərəfi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən hərəkətləri etməyə və ya yaxud etməkdən çəkinməyə məcbur etmək kimi hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3681/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3681/2024
29.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver