Məhkəmə qərarları › İş №2(005)-3692/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3692/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3692/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Fərid Əli oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Fərid Əli oğluna qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün alınan alimentin miqdarını artıraraq hər ay cavabdehdən 235 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə birgə nikahdan 15 noyabr 2017-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-304/2024 saylı qətnaməsi ilə 5 saylı Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 3642 saylı Akt qeydi ilə qeydə alınmış nikah pozulmuş və övladı 15 noyabr 2017-ci il təvəllüdlü X9 onun yanında saxlanılaraq, cavabdehdən övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin övladlarının saxlanması üçün verdiyi aliment azdır, ona görə də alimentin miqdarının artırılması zərurəti yarandığından o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh X10 qızı Bayramlı Aysunun atasıdır. Övladı yetkinlik yaşına çatmayıb. Uşaqlarını saxlamaq cavabdehin birbaşa borcudur ki, o da bunu könüllü qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan övladının saxlanılması üçün vəsait (aliment) tutulmalıdır. Əslində bu o demək deyil ki, 2024-cü ildə bir uşağa görə minimum təyin olunan alimentin miqdarı mütləq 235 manata bərabər olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun yəni, 2024-cü il üçün 235 manata uyğun hesablana bilər. Belə ki, xx.xx.2017-cu il təvəllüdlü qızı məktəblidir və cavabdeh vaxtında alimenti ödəmir ki, o, qızına məktəb ləvazimatlarını ala bilsin. Buna görə də alimentin artırılması tələbi ilə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Övladının saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və övladının tələbatlarını ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Fərid Əli oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. X3, anası X4r; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)- 304/2024 saylı qətnaməsindən görünür ki, X10 ilə X8 arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 3642 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X6 xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh Fərid Əli oğlunun birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflərin nikahı pozulmuş və uşaqlar analarının himayəsində saxlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək 220 manat məbləğində alimentin Fərid Əli oğlundan tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı uşaqlar üçün yaşayış minimumunun artmasına əsaslanaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin 235 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, eləcə də uşaqların yaşlarını və tələbatlarının artmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, aliment uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər uşağa görə 235 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-304/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdeh Fərid Əli oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh Fərid Əli oğlundan xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh Fərid Əli oğlundan tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Fərid Əli oğlundan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar