Məhkəmə qərarları › İş №2(005)-3707/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3707/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3707/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 2298.21 manat əsas, 1.83 manat faiz borcu olmaqla, cəmi 2300.04 manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə X6 arasında bağlanmış 01.11.2017-ci il tarixli, 1341-01.11.2017- SM0064 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 3600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borealan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X6 06.02.2019-cu il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin 05.05.2021 -ci il tarixli 940 saylı məktubu ilə müəyyən edilmişdir ki, X9 f ərasət qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qanun üzrə X11 şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 22.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş 2298.21 manat əsas, 1.83 manat faiz borcu olmaqla, cəmi 2300.04 manat borcu qalmışdır. Cavabdeh1 və Cavabdeh2 mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda iddia tələbini qəbul edərək, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nərimanov” filialı ilə X6 arasında bağlanmış müqavilə üzrə borc məbləğini qəbul etdiklərini, maddi durumlarının yaxşı olmaması səbəbindən hesablanmış kredit borcunun hissə-hissə ödənilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC-nin “Nərimanov” filialı ilə X6 arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli №1341-01.11.2017-SM0064 saylı pensiyaçılar üçün kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün 36 ay müddətinə illik 27% dərəcəsi ilə 3600 manat məbləğində kredit verilmişdir. Müqavilənin ləğvi və borcun ödənilməsi barədə 25.05.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc məbləğini 5 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 22 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X4 19 01 noyabr 2017-ci il tarixli №1341-01.11.2017-SM0064 saylı kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixə ödənilməmiş 2298.21 manat əsas, 1.83 manat faiz borcu olmaqla, cəmi 2300.04 manat borcu qalmışdır. 5 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 05.05.2021-ci il tarixli, 940 №-li məktubdan görünür ki, 06.02.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin açılmasına dair mərhumun Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 14-də qeydiyyatda olan, xx.xx.1953-cü il təvəllüdlü əri-Cavabdeh1 və Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 14-də qeydiyyatda olan, xx.xx.1982-ci il təvəllüdlü oğlu- Cavabdeh2 müraciət etmiş və onlar miras əmlakdan hər birinə ½ hissədə paya dair Qanun üzrə X11 Şəhadətnamə almışdırlar. 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 999001 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və məzmunundan görünür ki, X6 06.02.2019-cu il tarixdə digər hipert rofik kardiomiopatiya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 fevral 2019-cu il tarixdə 237 nömrə ilə qeyd edilmişdir; 24 iyun 2021-cı il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, 5 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 05.05.2021-ci tarixli məktubundan məzmunundan göründüyü kimi, 06.02.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin açılmasına dair mərhumun Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 14-də qeydiyyatda olan, xx.xx.1953-cü il təvəllüdlü əri-Cavabdeh1 və Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 14-də qeydiyyatda olan, xx.xx.1982-ci il təvəllüdlü oğlu- Cavabdeh2 müraciət etmiş və onlar miras əmlakdan hər birinə ½ hissədə paya dair Qanun üzrə X11 Şəhadətnamə almışlar. Bu baxımdan, cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu da öz növbəsində bankın cavabdeh şəxslərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı bank iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə 01 noyabr 2017-ci il tarixli №1341-01.11.2017-SM0064 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2298.21 manat əsas, 1.83 manat faiz borcu olmaqla, cəmi 2300.04 (iki min üç yüz manat, dörd qəpik) manat, ödənilmiş 30,40 (otuz manar qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar