Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3708/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kompensasiya ödənilmədən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 55 a (yeni qaydalarla 91, M5), mənzil 13 (yeni qaydalarla mənzil 1) ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli, Cavabdeh əşyaları ilə birlikdə Cavabdeh kompensasiya ödənilmədən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 55 a (yeni qaydalarla 91, M5), mənzil 13 (yeni qaydalarla mənzil 1) ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil anası X1 mülkiyyətində olmuş və bu barədə ona xx.xx.2012-ci il tarixdə çıxarış verilmişdir. İddiaçı bildirir ki, xx.xx.2007-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşdular və 2007-ci ildən 2012-ci ilədək atası X3 məxsus ünvan 2 ünvanında yaşamışdılar. İddiaçı bildirir ki, sonradan 2012-ci ildə anası ünvan 3 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında almış və onlar anası ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Sonradan bir neçə il sonra təxminən 2013-2014-cü ildə cavabdeh anası X1 yazılı ərizəsi əsasında anasının mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, 2012-ci ildən 2015-ci ilədək mənzil anasının mülkiyyətində olmuş və 13 dekabr 2015-ci il tarixdə bağlanmış bağışlama müqavilə əsasında anası mənzili ona bağışlamışdır. xx.xx.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdi və hazırda onun mülkiyyətindədir. Cavabdeh ilə aralarındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1956/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdeh onunla birgə yaşamağa davam etdiyindən, daim aralarında münaqişə yaranır və dəflərlə bu barədə DİN 102- Xidmətinə müraciət olunmuş və polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərək, cərimə edilmişdir. Cavabdehlə eyni ünvanda yaşamağı mümkün deyildir. Cavabdeh kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı ayrı-ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 27 aprel 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 21 saylı notariat ofisinin dövlət notariusu O.Ə.Zərgərov təsdiq etmişdir ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil miras əmlakıdır, X9 vərəsələri: X14. İş materiallarında olan xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı – X14 ünvan 4 ünvanında yerləşən 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Alıcı – X5 mülkiyyətin verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriya ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil X5 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2009-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı – X12 ünvan 4 ünvanında yerləşən 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Alıcı – X4 mülkiyyətin verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriya ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil X4 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2009-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı – X7 ünvan 4 ünvanında yerləşən 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Alıcı - X1 mülkiyyətin verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriya ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil X1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2012-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan 13 dekabr 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən – X2 tərəfindən ünvan 4, mənzil 13 ünvanında yerləşən, ümumi sahəsi 31,89 kv/m, yaşayış sahəsi 16,59 kv/m, yardımçı sahəsi 15,3 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus tam hissəsini Hədiyyə alan - İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı şəxsi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil (yeni qaydalarla: AZ 1072,Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,91 M5, m1 ) İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil ilkin olaraq xx.xx.2007-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 21 saylı DNKnın 2V-26 reyestr nömrəli xx.xx.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin mənzil X10 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-284 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasında həmin mənzil X6 adına rəsmiləşdirilmişdir. Notarius Ü.F.Kərimov tərəfindən təsdiq olunmuş 4Ə/92 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X1 adına qeydə alınmışdır. 5 saylı Bakı “ASAN xidmət" mərkəzi notariusu tərəfindən təsdiq olunmuş 4Ə-237 reyestr nömrəli xx.xx.2015-ci il tarixli “bağışlama müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı məxsusdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1956/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə 587 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia tələblərindən göründüyü kimi, məhkəmədə hazırda iki hal mübahisələndirilir. Belə olan halda məhkəmə iddia tələbinə ümumilikdə qiymət verməzdən öncə Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranıb-yaranmadığına qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh ilə İddiaçı 2007-ci ildə nikah münasibətlərinə daxil olduğundan, mübahisəli mənzil 2012-ci ildə iddiaçının anası X8 tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən, cavabdeh mübahisəli mənzilə 2012-ci il tarixindən sonra pasport qeydiyatına alınaraq, ailə üzvləri ilə həmin mənzilə köçdüyündən, eyni zamanda mübahisəli mənzil 2015-ci il tarixdə bağışlama müqaviləsinə əsasən iddiaçının müılkiyyətinə keçdiyindən, cavabdehin də həmin vaxt iddiaçının ailə üzvü kimi həmin mənzilə istifadə hüququ yarandığından mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının keçmiş ailə üzvü hesab olunur, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən, tərəflərin ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşmanın olduğu müəyyən edilmir, belə olan halda isə yuxarıda qeyd olunanların kontekstində keçmiş ailə üzvü kimi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanmayıb və bu əsasla da onun mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ itirilmişdir. Çünki, artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin keçmiş ailə üzvüdür və yaşayış sahəsindən istifadə etmək hüququnun saxlanması üçün aralarında yuxarıda qeyd olunan razılaşmanın olması vacib olmuşdur. Lakin, belə bir razılaşma hazırda müəyyən edilmir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən belə bir razılaşmanın mövcudluğu məhkəmədə mübahisələndirilməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak edərək, mübahisə ilə bağlı öz mövqeyini bildirməmişdir. Belə olan halda qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından məhkəmə, cavabdehin iddiaçıya məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasını yoxlamalıdır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmasının bir neçə əsası ola bilər (məsələn, mülkiyyətçinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi kimi halların mövcudluğu). Məhkəmə qeyd olunan xüsusatlara əsasən bildirir ki, Dəfələrlə dəvət olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış, o cümlədən maddi vəziyyəti və diqqətə layiq digər hallara görə özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmamasına, bu səbəbdən də mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmasına əsas olacaq halların izahını verməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Göründüyü kimi iddiaçı iddia tələbinin dəlillərində bildirir ki, nikahları pozulduğu halda, cavabdeh onunla birgə yaşamağa davam edir, buna görə də daim aralarında münaqişə yaranır və dəfələrlə bu barədə polis orqanlarına müraciət olunmuş və polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərək, cərimə edilmişdir. Cavabdehlə eyni ünvanda yaşamağı mümkün deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında ailə-nikah münasibətlərinə son qoyulduqdan sonra münasibətlərinin son dərəcə gərgin olması, o cümlədən onların eyni yaşayış sahəsində yaşamağa davam etməsi sonradan xoşagəlməz hadisələrə səbəb ola bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh həm maddi vəziyyəti və diqqətə layiq digər hallara görə özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmamasına dair əsaslandırılmış etirazla müraciət etməməsi, həm də tərəflərin nikahları pozulduqdan sonra aralarındakı gərgin münasibətlərə görə bir yaşayış sahəsindən istifadə etməkdə davam etməsi yolverilməz olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh kompensasiya ödənilmədən mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırda cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığı üçün ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Bu səbəbdən də Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda görünür ki, cavabdeh iddiaçının keçmiş arvadı olmaqla, iddiaçının hazırki ailə üzvləri sırasına aid olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bu baxımdan cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində hazırda iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə iddia tələbinin cavabdehin Bakı şəhəri, ünvan 8 ünvanındakı mənzildən çıxarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması işin mübahisəsiz hallarıdır. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan mənzilini cavabdehdən geri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsinə imkan verir. İşin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən 13 saylı mənzildən (yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 91 M5, m1) mənzili boşaldılmalı, Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır. Mənzilin cavabdehin sahibliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən 13 (yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 91 M5, m1) saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, Cavabdeh iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 13 (yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 91 M5, m1) saylı mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh ünvan 4 ünvanında yerləşən 13 (yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 91 M5, m1) saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən 13 saylı mənzildən (yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 91 M5, m1) çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3708/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3708/2024
03.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver