Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3713/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aylıq 154 manat miqdarında tutulmalı olan alimentin miqdarı dəyişdirilərək, 03.02.2017-ci il təvəllüdlü X1 üçün, uşaq yetkinlik yaşına çatanadək Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi şəklində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(005)-1723/2018 saylı qətnaməsinə əsasən birgə nikahlarından olan 03.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh uşağa alimentdən başqa hər hansı bir maddi kömək göstərməmiş, uşaqla marağlanmamışdır. Alimenti belə dəfələrlə ödəməkdən yayınmışdır. Cavabdeh ata kimi öz qızı ilə maraqlanmamaqda uşağı qarşısında maddi və mənəvi dəstək olmaq kimi atalıq vəzifəsini də unutmuşdur. Cavabdehin yaxşı maddi təminatı və gəlirləri var. Hazırda cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova 2 küçəsində yerləşən “Bravo” superstorda direktor müavini vəzifəsində işləməklə 1450 manat qazanc əldə edir. Həmin məbləğin ¼ hissəsi olan 362 manat qismən də olsa uşağın maddi tələbatını ödəməyə kömək edər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli 2(005)-1723/2018 saylı qətnaməsininin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olan 03.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına şatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.09.2017-ci il tarixli, 2(005)-6567/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları 23.11.2017-ci ildə ləğv edilmiş və 404 akt qeydi ilə qeyd edilmişdir. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 955614 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünrür ki, X6 03.02.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci il fevral ayının 21 günündə 44 nömrə ilə qeyd edilmişdir. ASAN 3 tərəfindən 17.12.2017-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. Azemis elektron iformasiya sistemindən çıxarışının 26.02.2021-ci il tarixli vətəndaşın iş yeri haqqında arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı məbləği 1689 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qərarda o da qeyd edilir ki, “daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər.” Bundan başqa qeyd edilir ki, “aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.” X9 həmçinin o da qeyd edilir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göstərilənlərə əsasən məhkəmə Cavabdeh hal-hazırda "xxxx" MMC-də menecer vəzifəsində işləməsini və 1689 manat əmək haqqı almasını nəzərə alaraq 03.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin bütün gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 03.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissəsi qədər müəyyən edilərək artırılması və həmin ödənişin cavabdehin əmək haqqına yönəldilməsi və alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli 2(005)- 1723/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3713/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3713/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver