Məhkəmə qərarları › İş №2(005)-3755/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3755/2021

19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3755/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 399/2014 saylı 07.08.2014-cü il tarixli qətnaməsinə əsasən 27.04.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X1 ilə 18.01.2011-ci il tarixli, 06 saylı Nikah haqqında akt qeydi ilə Cəlilabad rayonu, Alar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahlarından 27.04.2009-cu il təvəllüdlü Allahverdili Zeynəb qızı adında bir övladları doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 07.08.2014-cü il tarixli, 2(072)- 399/2014 saylı qətnaməsi ilə cavabdeh X3 ilə aralarında bağlanmış nikahları pozulmuş, 27.04.2009-cu il təvəllüdlü X4 anasının himayəsində saxlanmış və yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hal-hazırda 27.04.2009-cu il təvəllüdlü Allahverdili Zeynəb qızının 12 yaşı var. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-399/2014 saylı 07.08.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 80 manat alimentin məbləği ölkədə ərzaq məhsullarının, kommunal xərclərin və sair gündəlik təlabat ehtiyaclarının qiymətlərində bahalaşma baş verdiyindən uşağın saxlanması üçün kifayət etmir. “X8” Azərbaycan Respublikasının Qanununa əsasən 01.01.2021-ci ildən Əhalinin Əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumu uşaqlar üçün minimum ehtiyac meyarı 175 manat miqdarında müəyyən olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı 19.08.2021-ci il tarixdə teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı ASAN 3 Xidmət mərkəzi tərəfindən 19.11.2018-ci il tarixdə verilmiş AZE seriyalı 19057952 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 27.04.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cəbrayıl Rayon Məhkəməsinin 07.08.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 18.01.2011-ci il tarixdə bağlanmış və Cəlilabad rayonu, Alar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərəfindən 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 27.04.2009-cu il təvəllüdlü Allahverdili Zeynəb qızının anası İddiaçı yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.05.2014-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2.-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, cavabdeh fərdi qaydada işləməklə gəlirləri qeyri-müntəzəm, dəyişən xarakter daşıyır. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün X8 Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, 19.08.2021-ci il tarixdən başlayaraq 27.04.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19.08.2021-ci il tarixdən başlayaraq, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 27.04.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəbrayıl Rayon Məhkəməsinin 07.08.2014-cü il tarixli, 2(072)-399/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 175 (yüz yetmiş beş) manat müəyyən edilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə çıxarıldığı gündən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar