Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3757/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat aliment; X2 xəstəliyi ilə bağlı hər ay 100 manat məbləğində əlavə pul və X2 müayinədən keçirilməsi üçün ödənilmiş 899 manat məbləğində müayinə xərcinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh məhkəmə qaydasında nikahları pozulmuş, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyul 2014-cü ıl tarixində “Nikahın pozulması haqqında şəhadətnamə" verilmişdir. Tərəflərin nikahından 14 iyul 2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. “Alimentin artırılması, uşağın xəstəliyi ilə bağlı əlavə xərcin və müayinə xərcinin tutulması tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin "ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə" 19 iyul 2023-ci il tarixli MŞB 14 2023-00633 saylı arayış verilmişdir. Maddi vəziyyətini çox aşağıdır, çətinlik çəkir, cavabdeh tərəfindən İddiaçı verilən aliment kifayət etmir. Uşağın hazırda 11 yaşı var, məktəblidir, 110 manat uşağın saxlanmasını ödəmir, heç məktəb ləvazimatlarının alınmasına belə yetərli olmur. Bundan başqa da, oğlu X4 talassemiya xəstəsidir. Talassemiya xəstələri daim diqqətdə qalmalı və xəstəliklə bağlı vaxtarışı müayinə verilməlidir. Bu da öz növbəsində xeyli miqdarda maliyyə vəsaiti tələb edən bir məsələdir. 07 dekabr 2021-ci il tarixində X2 xəstəlivi ilə bağlı Talassemiya Mərkəzində müvafiq xidmətlər aparılmış və müayinə üçün ümumilikdə 899 manat məbləğində maliyyə vəsaiti sərf olunmuşdur. Müayinələrin də vaxtaşırı oluruq İddiaçı tərəfindən aparılması və müəyyən xərclərin çəkilməsi bir qadın olaraq İddiaçı imkan xaricindədir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, Cavabdeh mühavizəçi işləyir, aylıq əmək haqqı cəmi 650 manatdır. Hesab edir ki, aliment bir uşağın saxlanması üçün onun əmək haqqının 1/4 hissəsi həcmində tutula bilər. Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkir və müalicəsi üçün çəkdiyi xərclər onun maddi durumunu acınacaqlı vəziyyət salıb. İddiaçı isə onun maddi durumunda hər hansı bir yaxşılaşmanın baş verməsini əsas gətirmədən, yalnız 2023-cü ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minumunu əsas götürmüşdür. Cavabdeh maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Lakin məhkəmə qətnaməsi olmasına baxmayaraq Cavabdeh indiyə qədər uşağını bir dəfə də olsun görməmişdir. Uşağını vaxtlı-vaxtında görsə, bəlkə də bu mübahisə məhkəmə müstəvisinə gəlib çatmazdı. İddiasının iddia ərizəsində göstərdiyi arqumentlərin heç birinin hüquqi əsası yoxdur. Talassemiya xəstəliyi AR-da tam şəkildə dövlətin nəzarətindədir. İddiaçının 2 il bundan öncə uşağın xəstəliyi ilə çəkdiyi xərci də qəbul etmir. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Cavabdeh bir valideyn kimi öz məsuliyyətini dərk edir və bilir ki, uşağı saxlamaq valideynlərin borcudur. Lakin, indiki halda alimenti iddiaçının tələb etdiyi miqdarda ödəmək iqtidarında deyil. Bunun üçün Cavabdeh vəsaiti də yoxdur. Cavabdeh bunu gələcəkdə icra edə bilməyəcək, bu da gələcəkdə əlavə problemlər yaradacaqdır. Maddi vəziyyəti yaxşılaşandan sonra nəinki yaşayış minimumda, ondan artıq aliment ödəməyinin borcu olduğunu başa düşür. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəflərin birgə nikahından olan uşağın iddiaçı tərəfindən cavabdehin xəbəri olmadan bir dəfə üçün 2021-ci il tarixdə qeyd edilən müayinə və müalicələrdən keçirilməsi, uşağın xəstəliyi ilə bağlı xərclərin dövlət tərəfindən qarşılanması səbəbindən həmin müayinə xərcləri olaraq birdəfəlik 899 manat, hər ay isə 100 manat ödənilməsi hissəsində iddia tələbini əsassız hesab etdiyini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılması hissəsində isə cavabdehin rəsmi iş yeri və müntəzəm aylıq gəliri olması səbəbindən alimentin cavabdehin aylıq gəlirlərinin dörddə bir hissəsində tutulmalı olduğunu bildirdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmir. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, ölkə ərazisində olmadığına görə iclasın növbəti tarixə təyin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, müalicə ilə əlaqədar ölkə xaricində olacağını və işə onun iştirakı olmadan baxılmasına etirazı olmadığını, iddianı qismən, alimentin cavabdehin gəlirlərinin dörddə bir hissəsi həcmində müəyyən edilməsi hissəsində qəbul etdiyini, digər hissədə qəbul etmədiyini bildirdi və “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" AR Qanunun 6-ci maddəsinin 1-ci hissəsinə əsasən, İrsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin nəzərə alınmasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)- 694/2014 saylı icra vərəqəsindən aydın olur ki, məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət olunmuşdur. Tovuz Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)-694/2014 saylı icra vərəqəsi icraata başlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 196179 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikahın ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixdə 211 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Hüseynov, qadına Rəhimova soyadları verilmişdir. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X9 xx.xx.2021-ci il tarixli 395058 nömrəli mədaxil qəbzindən görünür ki, Nihad Hüseynzadəyə göstərilmiş tibbi xidmətlərin dəyəri olaraq cəmi 899 manat pul ödənmişdir. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdən aydın olur ki, X4 xx.xx.2021-ci il tarixdə halsızlıq, sol ayaqda ağrı və məhdudiyyət şikayəti ilə mərkəzə daxil olmuş müayinə və müalicələrdən sonra xx.xx.2021-ci il tarixdə kafi vəziyyədə evə yazılmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh gəlir məlumatlarından onun "xxxx" ASC-də növbə rəisi vəzifəsində işlədiyi və aylıq əmək haqqının 726,86 manat oluduğu müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Daha sonra tərəflərin nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)-694/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbini xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin artırılması hissəsində əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)- 694/2014 saylı qətnaməsi ilə uşaq üçün hər ay 110 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin aliment hissədə iddiaya etdiyi etirazlarla bağlı aşağıdakıları qeyd edir : - Cavabdeh özünün onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirsə də, etirazına əlavə etdiyi tibbi sənədlər 2015-ci il tarixli olmaqla onu hazırki sağlamlıq vəziyyətini əks etdirmir. Hazırda onun sağlamlıq vəziyyəti, müayinə və müalicə xərclərinin olması iş materialları ilə sübut olunmur; - Cavabdeh iddiaçı tərəfindən Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu əsas gətirməsini ədalətli hesab etməsə də nəzərə almamışdır ki, yaşayış minimumu 2014-cü il tarixdən 2023-cü il tarixədək artıq bir neçə dəfə artmış, lakin cavabdehdən yalnız hər ay 110 manat aliment tutulmuşdur. Cavabdehin öz təşəbbüsü ilə uşağın saxlanması üçün daha artıq məbləğ ödəndiyini bildirməmiş, bu hal iş materiallarından da müəyyən olunmamışdır. Yəni 2014-cü il tarixdən 2023-cü il tarixədək keçən dövr ərzində cavabdeh yaşayış minimumundan daha az məbləğlərdə aliment ödəmişdir; - Cavabdeh etirazında aliment məbləğinin artırılması üçün yeganə əsası olaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını göstərir. Lakin qanunvericiliyin müvafiq normasına diqqət etdikdə həmin halın cavabdehin dediyi kimi yeganə hal olmadığı müəyyən olunur – Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd etdiyi kimi alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsini və ehtiyaclarının artmasını diqqətəlayiq hallar hesab edir; - Cavabdeh etirazında, uşaqla ünsiyyətdə olmasına iddiaçı tərəfindən maneələr yaranmasını əsas gətirir. Məhkəmə qeyd edir ki, onun uşaqla ünsiyyətinə üçüncü şəxslər tərəfindən maneələr yaranması cavabdehi valideynlik vəzifələrinin icrasından azad etmir. Cavabdeh hələ də uşağın valideynidir və uşağı saxlamağa digər valideynlə birlikdə borcludur. Eyni zamanda cavabdehin nəzərinə çatdırılır ki, onun hər zaman uşaqla ünsiyyətinə yaranmış maneələrin aradan qaldırılması və onunla görüş vaxtının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hüquqlarını müdafiə edən vəkili var və məhkəmə iclaslarında iştirak etmişdir. - Cavabdeh rəsmi iş yerinin və müntəzəm gəlirinin olmasını əsas gətirərək alimentin onun qazancının ¼ hissəsi miqdarında tutulmasını tələb edir. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu halda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh aylıq əmək haqqı kimi qeyd edilmiş 726,86 manat pul məbləğinin ¼ hissəsinin təqribən 181,7 manat olduğu, lakin 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil etməsini nəzərə alaraq bir çox daxili və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarında qeyd olun uşaqların hüquq və mənafelərinin müdafiəsini əsas götürərək alimentin uşaqlar üçün yaşayış minimumu həddində müəyyən edilməsini daha ədalətli hesab edir. - Cavabdeh alimentin 220 manat müəyyən olunacağı halda bu məbləği ödəmək imkanı olmaması səbəbindən qətnamənin icrasında problemlər yaranacağını və ondan asılı olmayan səbəblərdən icranı təmin edə bilməyəcəyini bildirir. Məhkəmə qeyd edir ki, iş üzrə ədalətli məhkəmə araşdırması eyni zamanda real icrası mümkün olan qətnamə qəbul edilməsini də ehtiva edir. Hazırki halda cavabdeh fəaliyyət qabiliyyətli şəxsdir, onun məhdud əmək qabiliyyəti olması iş materialları ilə müəyyən olunmur. Eyni zamanda cavabdehin həqiqətən 220 manat aylıq aliment ödəmək imkanı olmayacağını təsdiq edən sübutlar mövcud deyil. Məhkəmə gələcək ehtimallara əsaslanaraq yetkinlik yaşına çatmayaq şəxsə yaşamış minimumu həddindən də aşağı aliment təyin edilməsini qanunsuz hesab edir. Məhkəmə qeyd edir ki, ədalət tərəflərin hüquq və mənafelərinin qarşılıqlı müqayisəsi zamanı müəyyən edilir. Hazırki halda bir tərəfdə dövlətin xüsusi qayğı göstərdiyi yetkinlik yaşına çatmayan şəxs üçün dolanacaq xərcinin tutulması digər tərəfdə isə cavabdehin ehtimala əsaslanaraq bu xərci ödəmək qabiliyyəti olmayacağını bildirməsi dayanır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin gələcəkdə qətnaməni icra etmək qabiliyyətində olmayacağı və bunun üçün əsasların qanuni olacağı halda onun tərəfindən alimentin azaldılmasına dair verilmiş iddia ərizəsi əsasında tutulan alimentin azaldılması imkanı istisna edilmir. İddia tələbinin xx.xx.2012-ci il təvəllüdlü X4 üçün hər ay 100 manat əlavə xərclər üçün pulun və müalicə xərci olaraq ödənilmiş 899 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunverici ağır xəstəliyi olan uşaqlar üçün əlavə xərclərin tutula bildiyini qeyd edir. Hazırda baxılan iş üzrə hər iki tərəf uşağın talassemiya xəstəliyindən əziyyət çəkdiyini təsdiq edir. Bu xəstəlikdən əziyyət çəkən şəxsin isə daimi və müntəzəm müayinələrə ehtiyacı olduğu hamıya bəlli olan haldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə uşağın ağır xəstə olmasını və uşağın müayinə və müalicələri ilə əlaqədar iddiaçı tərəfindən xərclər çəkilməsinə dair iş materiallarında sübutlar olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəf də bu xərclərdə iştiraka cəlb olunmalıdır. Məhkəmə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq iddia tələbinin bu hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə cavabdehin bu hissədə iddia tələblərinə etirazları ilə əlaqədar qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X10 tibbi xidmətlərin pul ödənişi olmadan həyata keçirildiyini bildirmiş və yazılı etiraz ərizəsində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" AR Qanunun 6-ci maddəsinin 1-ci hissəsinə əsasən, İrsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin nəzərə alınmasını xahiş etmişdir. Hazırda iş materiallarında iddiaçı tərəfindən göstərilən tibbi xidmətə görə 899 manat məbləğində pulun “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X11 ödənməsi barədə qəbz vardır. Məhkəmə uşağın saxlamlığının qorunmasının və normal inkişafının təmin edilməsinin zəruriliyini əsas götürərək ödənmiş 899 manat məbləğin ½ hissəsinin, 449,5 manat pulun cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə iddiaçı tərəfindən uşaq üçün müntəzəm tələb olunan əlavə xərclərin məbləği barədə hər hansı sübutun təqdim olunmamasını nəzərə alaraq, ağlabatanlıq prinsipini əsas götürməklə cavabdehdən əlavə xərclər üçün hər ay 50 manat tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-694/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat məbləğində aliment və əlavə xərclərə görə hər ay 50 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. xx.xx.2012-ci il təvəllüdlü X3 göstərilmiş tibbi xidmətin dəyəri olan 899 manat pulun ½ hissəsi, yəni 449,5 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3757/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3757/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver