Məhkəmə qərarları › İş №2(005)-3843/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3843/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3843/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqavilə üzrəə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı "Unibank” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 5256 manat əsas, 538,75 manat faiz borcu olmaqla, cəmi 5794,75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cı ıl tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 5256 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1 1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 sentyabr 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 5256 manat əsas, 538,75 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5794,75 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bır fayda verməmişdir və kreditor Unibank KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 79nkSTB2/23 nömrəli Kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 5256 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti götürməyi və həmin müqaviləyə əlavə ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə (1 saylı əlavə) əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək hər ay ödənişlər etməli idi; 14 iyul 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC 3 iş günü müddətində Cavabdeh öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. 11 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11 sentyabr 2023 tarixinə "xxxx" KB ASC-yə 5256 manat məbləğində əsas borcun, 538,75 manat məbləğində faiz borcunun, 0 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 5794,75 manat borcu yaranmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 79nkSTB2/23 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 5256 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu alqı-satqı müqaviləsi və faktorinq müqaviləsinə əsasən iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5256 manat əsas, 538,75 manat faiz borcu olmaqla, cəmi 5794,75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,41 manat məbləğində dövlət rüsumu "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5256 manat əsas, 538,75 manat faiz borcu olmaqla, cəmi 5794,75 (beş min yeddi yüz doxsan dörd manat yetmiş beş qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,41 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar