Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3853/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh X3 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh «Oksigen» Klinik Xəstəxanasına qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı «sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına dəymiş maddi zərərin əvəzi olaraq 2071 manat və mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun, ümumilikdə 12071 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anal bölgəsində ağrılar, axıntı və şişkinlik olması səbəbindən müayinə və müalicə olunmaq üçün həkim axtarmışdır. Tanışı X5 müraciət etməsini bildirmişdir. Müayinə üçün sözügedən xəstəxanaya getmiş və həkim cərrah Ruslan Həsənovun qəbuluna düşmüşdür. Həkim müayinə etdikdən sonra demiş ki, təcili əməliyyat lazımdır. Ödənişi soruşduqda 1700 manat demiş, o qədər pulu tapa bilməyəcəyini bildirdikdə, 1600 manata edə biləcəyini bildirmişdir. Bundan başqa həkim ödənişlərin hamısı rəsmi qaydada hesaba köçürülməsini demişdir. İnamla danışdığına, əməliyyatdan sonra hansısa ağrı, fəsadın qalmayacağına dair əminlik yaratdığına görə dediyi pulu ona vermiş, çünki həkim demiş ki, “ödənişi mənə edin mən həkim olaraq sistemə vurduracağam, belə şeylərdə vaxt itirmə, dərhal əməliyyata hazır ol”. Ona inandığından ödənişi etmiş və əməliyyata girmişdir. Əməliyyatdan çıxandan sonra hər şey uğurla keçdiyini, bir gündən sonra evə gedəcəyini və bir həftədən sonra müayinə üçün gəlməyini bildirmişdir. Həmin zaman həkimə ağrılarının olduğunu bildirəndə həkim qeyd etdi ki, qısa bir müddət olacaq ağrılar, o da əməliyyatın ağrısıdır, anal bölgəndəki problem aradan qalxmışdır. Evə gedəndən sonra da ağrıları olduğundan həkimlə əlaqə saxlamış, o da zamanla keçib gedəcəyini demişdir. Ağrılarında azalma olmadığından yenidən yanına gedəndə baxıb dedi ki, xırda qüsur var onu da iki dəqiqəyə aradan qaldıracağam. Prosedurun əməliyyat otağında aparılacağını düşündüyü halda buna ehtiyyacın olmadığını, elə şəxsi kabinetində edəcəyini bildirmişdir. Ağrıları səbəbindən çox da etiraz etməmişdir. Beləliklə öz otağında yenidən kəsərək, öz aləmində nəsə etmiş və tikmişdir. Bu dəfə də, konkret olaraq demiş ki, get daha sənin nəyinsə qalmayıb. Lakin yenə də vəziyyət yaxılaşmaya yox, daha da pislməşməyə doğru getdiyindən müraciət edəndə demiş ki, 500 manat ver yenidən əməliyyat edim, amma Oksigen Klinikasında yox, Semaşkada. Bu zaman etirazını bildirmiş ki bu nə oyunlardır, onu nə üçün bu günə qoyduğunu soruşduqda isə, kobud şəkildə söyüşlərlə kabinetindən qovmuşdur. Bu səbəbdən aidiyyəti qaydada baş həkimin qəbuluna düşmək istə də, qəbul edən olmamışdır. Ödənişlər barədə qəbzləri tələb etdikdə heç bir qəbz verilməmiş, ödədiyi pulların geri verilməsini istədikdə isə sadəcə olaraq qapını göstərmişlər ki, bura X2, sənin başın üçün deyil nəsə problem yaradasan. Dəfələrlə getsə də, qəbul edən, nə ödənişlər barədə qəbz verən, nə pulunu qaytaran, nə də ki problemini aradan qaldıran olmamışdır. Hal-hazırda vəziyyəti əvvəlkindən də pisdir. Edilmiş uğursuz əməliyyat nəticəsində həm pulundan, həm də səhhətindən olmuşdur. Müalicələr üçün borclara-xərclərə düşmüşdür. X5 müayinə və əməliyyat üçün 51 manat qəbul şöbəsinə, 1600 manat həkimə pul ödəmişdir. Bununla yanaşı Əhmədlidəki Diaqnozda MRT üçün 120 manat, xəstəxanaya gediş-gəliş üçün nəqliyyat vasitələrinə azı 100 manat, əlavə dərmanlar üçün 200 marat pul xərcləmişdir. X3 həkimi Ruslan Həsənovun etdiyi uğursuz əməliyyat nəticəsində həm pulundan, həm də ki sağlamlığından olmuşdur. X11 diqqətsizliyi, işinə laqeydliyi nəticəsində sağlamlığına ziyan vurulmuş, bununla yanaşı xeyli miqdar maddi və mənəvi ziyan dəymişdir. Keçirdiyi əməliyyatlar nəticəsində səhhətində pozuntular olduğundan mənəvi və fiziki əzablar çəkmiş, sarsıntılar keçirmiş, səhhətilə əlaqədar başqalarının qulluğuna möhtac olmuşdur. Keçirdiyim uğursuz əməliyyatda X11 və eləcə də onun işlədiyi X3 təqsiri olduğundan dəymiş maddi və mənəvi ziyanları da ödəməyə borcludurlar. Keçirdiyi əməliyyatlar, müayinələr üçün 2071 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun, ümumilikdə 12071 manat pulun cavabdehin təqsiri üzündən yarandığından həmin pulların ona ödənilməsi üçün X5 müraciət etsə də, onu nalayiq şəkildə təhqir edərək, qovaraq, heç bir manat da pul vermiyəcəklərini bildirmişlər. Vaxtında düzgün MRT etsəydilər o zaman problemin yerini dəqiq bilərdilər, lakin görünür həkim hansısa məqsəddən buna ehtiyac duymamışdır. Bu laqeydliyin nəticəsidir ki, həkim iki dəfə qeyri-peşəkar, uğursuz əməliyyat etməklə yanaşı həmin klinikada yox, başqa yerdə gizlin şəkildə üçüncü bir əməliyyatla problemi aradan qaldıracağını bildirmişdir. Lakin əslində həkim elə bir əməliyyata problemin aradan qalxacağını deyib pulu almışdır. X15 X3 həkimi olduğundan iddiası üzrə cavabdeh qismində X3 qeyd olunması qanunamüvafıqdir. Çünki, X3 rəhbərliyi əməliyyatını həyata keçirməyi zəruri bilik və təcrübəyə, işində məsuliyyətli olacaq həkimə tapşırmalı idi. Odur ki, X15 X3 həkimi olduğundan və əməliyyatı da orada olduğundan həmin müəssisə də məsuliyyət daşımalıdır. Aralarındakı mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödənilmədiyindən hesab edir ki, pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; «Oksigen» Klinik Xəstəxananın ******* nömrəli epikrizindən görünür ki, İddiaçı 17.11.2020-ci il tarixdə qəbul olunmuş və 18.11.2020-ci il tarixdə klinikadan çıxmışdır. Son klinik diaqnoz – Anorektal intrasfienkterik Abses, Anal abses qeyd olunmuşdur. “Davinci Hospitalın 27.05.2021-ci il tarixli, 1481/21 nömrəli epikrizdən görünür ki, İddiaçı 27.05.2021-ci tarixdə qəbul olunmuş və 27.05.2021-ci il tarixdə klinikadan çıxmışdır. Diaqnoz – Pararektal fistula qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixindən görünür ki, 17.11.2020-ci il tarixdə İddiaçı Anorektal intrasfienkterik Abses, Anal çat diaqnozu qoyulmuşdur. 18.11.2020-ci il tarixli Həkimin gündəlik müayinələrindən görünür ki, xəstəyə əməliyyat sonrası intensiv ağrılara qarşı !!!!! 2%-1 vurulmuşdur. Əməliyyatönü epikrizdən görünür ki, xəstəyə spinal anesteziya verildikdən sonra litotomiya vəziyyəti verilmişdir. Anusda sm məsafədə saat 3 hizasında perinal bölgəyə doğru uzanan abses görülmüşdür. Perinal kəsiklə abses drenaj edilmişdir. Sol perinal kəsiklə internal sfinkter asqıya alınaraq kəsilmişdir. Hemostaz. Aseptik sarğı. Prosedura sonlanmışdır. 17.11.2020-ci il tarixli, ******* nömrəli Tibbi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı «Oksigen» Klinik Xəstəxanası tibbi xidmət göstərməyi, tibbi yardıma ehtiyacı olan şəxs isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X16 854/KEŞ nömrəli rəyindən görünür ki, "X9'nca İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 17.11.2020-ci il tarixdə cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Anorektal abses, ana çat” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq 17.11.2020-ci il tarixdə xəstənin üzərində “Perinal abses drenajı, sol lateral sfinkterotomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 18.11.2020-ci il tarixdə xəstə evə yazılmışdır. "Davinci” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, 27.05.2021-ci il tarixdə cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdə sonra ona “Pararektal fistula” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində "Fistula yolunun ləğvi, Seton taxılması” əməliyyatı icra olunmuş və xəstə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş “Perinal abses drenajı, sol lateral sfinkterotomiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı irinli-iltihabi proses aradan qaldırıldıqdan sonra fistul yolu bir çox hallarda yaranır ki, bu da təkrar cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı sağlamlığında baş vermiş narahatçılığa görə «Oksigen» Klinik Xəstəxana klinikasına müraciət etmiş, İddiaçı həmin klinikada diaqnoz qoyulmuş və əməliyyat keçirilmişdir. Lakin iddiaçı keçirilmiş əməliyyatdan sonra ağrılalı olması səbəbi ilə təkrar əməliyyat edən həkimə müraciət etmiş və həkim yenidən əməliyyat üçün 500 manat pul tələb etmişdir. Aralarında narazılıq yaranmışdır. İddiaçı digər klinikada əməliyyat olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X16 854/KEŞ nömrəli rəyilə müəyyən olunmuşdur ki, İddiaçı üzərində icra edilmiş “Perinal abses drenajı, sol lateral sfinkterotomiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı irinli-iltihabi proses aradan qaldırıldıqdan sonra fistul yolu bir çox hallarda yaranır ki, bu da təkrar cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Göründüyü kimi, göstərilən tələb üzrə İddiaçı əsaslandırması həqiqəti əks etdirmir və istinad etdiyi hallar da əsassızdır. İddiaçı şəxs «Oksigen» Klinik Xəstəxana klinikası ilə əməliyyat olunması üçün razılaşmışdır. Həmçinin iş materiallarında olan ekspert rəyindəndə aydın olur ki, iddiaçıya diaqnoz düzgün qoyulmuş, təyin edilmiş diaqnoza uyğun olaraq 17.11.2020-ci il tarixdə xəstənin üzərində “Perinal abses drenajı, sol lateral sfinkterotomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və 18.11.2020-ci il tarixdə xəstə evə yazılmışdır. İcra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı irinli-iltihabi proses aradan qaldırıldıqdan sonra fistul yolu bir çox hallarda yaranır ki, bu da təkrar cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılmışdır. İddiaçı tərəfin mübahisələndirdiyi bütün hallar məhkəmə tərəfindən araşdırılmış və mövcud mübahisə ətraflı araşdırılmaqla məhkəmə iddia tələbilə bağlı qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Oksigen» Klinik Xəstəxanandan tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun hüquqlarının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə tələbi də rədd olunmalı, iddia rədd olunduğundan iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Oksigen» Klinik Xəstəxanaya qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3853/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3853/2021
09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver