Məhkəmə qərarları › İş №2(005)-3855/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3855/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3855/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildən tanıdığı və uzaq qohumu olan Cavabdeh 2019-cu ilin əvvəllərində müraciət edərək Ukrayna Respublikasından iri buynuzlu heyvan gətirib satıb yaxşı qazanc əldə edəcəyi üçün 34000 min manat pul borca pul istəmişdir. Ona inandığından və etibar etdiyindən 2019-cu ilin əvvəllərindən yay aylarına kimi hissə-hissə olmaqla 34000 min manat borca pul vermişdir. Bu qədər müddət keçməsinə baxmayaraq borca aldığı puldan yalnız bir dəfə 500 manat pul qaytarmışdır. Bundan sonra borcun qaytarılması ilə bağlı polisə şikayət verdikdən sonra borcun əvəzinə yəni 6000 manata razılaşdıqları Nardaran qəsəbəsinəd yerləşən və sənətsiz olan 6 sot torpağı adına rəsimləşdirilmişdir. Hazırda Cavabdeh ona 27500 manat borcu vardır və özünündə polisdə verdiyi ifadə ilə təsdiq etmişdir. Bütün bu qanunsuzluqlara baxmayaraq aralarında yaranmış mübahisənin məhkəmə müstəvisirdən kənarda həll olunması üçün cavabdehə pretenziya məktubu ünvanlamış, lakin həmin məktuba bu günədək cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Torpağın qiymətinin 12000 manata deyil, 6000 manata cavabdehlə razılaşdıqlarını bildirir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçıya 29000 manat borcu var, lakin həmin borcdan 12000 manat dəyərində torpaq vermiş, həmin məbləği borcdan silinməsini xahiş edir. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 2306.1986-cı ildə doğulmuşdur. 18.06.2021-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh 11.04.1975-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 28.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmış və o izahatında bildirmişdir ki, Rəşad onun uzaq qohumumdur. Pandemiyadan əvvəl xaricdən iri buynuzlu mal-qara gətirib satmaqla məşqul olurmuş. Həmin vaxt Rəşadın faizə pul verdiyini bildiyi üçün və pula ehtiyacı olduğundan aylıq 5 fazilə ümumilikdə hissə-hissə 7 ay ərzində Rəşaddan 29000 manat faizə pul götürmüşdür. Həmin müddətdə həm faziləri həmdə aldığı pulun bir hissəsini hissə-hissə Rəşada qaytarmışdır. Lakin pandemiya vəziyyəti ilə əlaqədar olaraq gətirdiyi iribuynuzlu heyvanları maya dəyərindən aşağı satmağa məcbur olduğu üçün Rəşaddan faizlə aldığı pulun bir hissəsini qaytara bilməmişdir. Buna görə də, məcbur olub öz adına olan Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 6 sot torpağı Rəşadın adına keçirmişdir. Həmin torpaq sahəsinin manat qiyməti olmasına baxmayaraq Rəşad onu 6000 manat hesablayaraq yerdə qalan 6000 manatı da onun ona olan borcunun üstünə hesablamışdır. Onun hesablamalarına görə Rəşada verdiyi torpaq sahəsini 12000 manata hesablaşsa onun Rəşada 7000 manat borcu qalır. Həmin borcu isə hər ay 300-400 manat ödəməyi Rəşada təklif etsə də, Rəşad bununla razılaşmmamışdır. Onu da bildirir ki, öz evini belə satıb Rəşaddan aldığı pulun bir hissəsini həmçinin onun fazilərini ödəmiş, lakin Rəşad yaranmış pandemiya vəziyyətyini nəzərə almadan ona olan borcunun hər ay fazilərini hesablayır. Hal-hazırda onun Rəşada cəmi 17000 manat borcu var. 05.07.2021-ci il tarixli DİN-in BPMQİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 01.07.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh borcun qaytarılmasını xahiş etmişdir. 30.08.2021-ci il tarixli Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçıya 29000 manat borcu vardır, lakin həmin borcdan özümə məxsus torpaq sahəsini 12000 manat borc əvəzi vermiş və nəticədə 17000 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 29000 manat pul alaraq geri qaytarılmasını öhdəsinə götürmüşdür. Vaxtında aldığı məbləği qaytara bilmədiyindən əvəzində torpaq sahəsini iddiaçıya vermiş və aldığı məbləğdən torpaq sahəsinin dəyəri silinmişdir. İddiaçı iddia edir ki, alınan məbləğin əvəzində 6000 manata torpaq sahəsi qiymətləndirilmişdir, cavabdeh etiraz edərək bildirir ki, torpağın dəyəri 12000 manatdır. Bu səbəbdən 17000 manat borcu vardır. Məhkəmə gəldiyi mülki iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. İşin hallarından göründüyü kimi, İddiaçı Cavabdeh 34000 manat borc verdiyini, həmin borcdan 500 manat qaytarıldığını, 6000 manat torpaq ilə əvəzləşəndən sonra qalan 27500 manat pulu tələb edir. Cavabdeh tərəf isə iddiaçıdan cəmi 29000 manat götürdüyünü, həmin borcdan 12000 manat dəyərində torpaq vərərək əvəzləşdiyini, nəticədə 17000 manat borcu qaldığını bildirmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək 29000 manat aldığını etiraf etmişdir. Bu səbəbdən həmin məbləğlə bağlı öhdəliyin yerinə yetirilməsilə bağlı normalara uyğun iddiaya hüquqi qiymət verilməlidir. İddiaçının tələbi borc məbləğinə hüquqi əsaslanmasa da öhdəliyin icrası qaydasında tələb irəli sürməsinin hüquqi əsaslarını istisna etmir. İddiaçının 34000 manat pulu cavabdehə verməsinə dair sübut olmadığından, cavabdehin etirafına əsasən 29000 manat məbləğin Cavabdeh tərəfindən alınması məhkəmədə mübahisələndirmədiyindən bu məbləği ilkin olaraq qaytarılmalı məbləğ kimi əsas götürülməsini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Cavabdehin iddiaçıdan 29000 manat aldığı pul məbləğindən 12000 manatının torpağın iddiaçıya verilməklə borcundan silinməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə cavabdeh torpağın 12000 manata iddiaçıya verilməsi ilə bağlı iddiaya etirazıın əsaslarına dair məhkəməyə sübut təqdim etməmişdir. Əksinə olaraq iddiaçı isə torpağın verilməsini etiraf edərək həmin torpaq sahəsinin 6000 manata qiymətləndirildiyini qəbul etmişdir. Odur ki, ilkin olaraq öhdəlik üzrə cavabdeh tərəfindən alınmış 29000 manat pul məbləğindən 6000 manatın qaytarılması ilə bağlı iddiaçının tələbini məhkəmə əsaslı hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 29000 manat məbləğdən 6000 manat (torpağın iddiaçıya verilməsinə görə) çıxılmalı, Cavabdeh tərəfindən 23000 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25,10 manatı cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 23000 (iyirmi üç min) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 25,10 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar