Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-387/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ŞƏRUR MTK və Orxan MMC sahiblik və istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.84 kv.m ibarət olan 3 otaqlı 100 nömrəli mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim etməsini və vurulmuş maddi ziyanın əvəzi olaraq 4000 (dörd min) manat və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 61 (otuz) manat ümumi olaraq 4061 (dörd min altmış bir) manat pul vəsaitinin cavabdehlərdən müştərək olaraq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Orxan" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02.12.2006-cı il tarixdə kooperativ mənzil tikintisi haqqında 62 nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.84 kv m ibarət olan 3 otaqlı 100 nömrəli mənzili 49.274 (qırx doqquz min iki yüz yetmiş dörd) ABŞ dollarına almışdır. Həmin vaxtdan etibarən mənzil onun sahiblik və istifadəsindədir. Belə ki, mənzilin özəlləşdirilməsi ilə əlaqədar Orxan MMC-yə rəsmi ərizə ilə müraciət etsə də, özəlləşdirilmə üçün tələb olunan sənədlər Cəmiyyət tərəfindən ona təqdim olunmamışdır. Şifahi məlumata əsasən Orxan MMC-nin barəsində Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb yekun məhkəmə aktları qəbul edilmişdir. Faktiki olaraq Orxan MMC-nin inşa etdiyi çoxmənzilli binaların həmçinin Bakı şəhəri Xətai rayonu, G.Şıxlinski küçəsi 2942 "d" məhəlləsində inşa edilmiş 14 mərtəbəli çoxmənzilli yaşayış binasının idarə edilməsini ŞƏRUR MTK həyata keçirdiyindən həmin MTK cavabdeh qismində cəlb edilməlidir. Cavabdehlərin bu hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyası və Mənzil Qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda Konstitusiyanın 60-cı maddəsinə əsasən hazırki mübahisə məhkəmə qaydasında öz həllini tapmalıdır. İlkin olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün daşınmaz əmlak Bakı şəhəri Xətai rayonu ərazisində yerləşdiyindən Xətai Rayon Məhkəməsinə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli 2(011)-5144/2021 saylı qərardadı ilə geri qaytarılmış, qərardaddan apelyasiya qaydasında Bakı Apelyasiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 8450/2021 qərardadı ilə İddiaçı “İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(011)-5144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda hazırki işdə ‘'ŞƏRUR” MTK və "Orxan” MMC keçir və onların hüquqi ünvanları müxtəlif olduğundan birinin hüquqi ünvanı üzrə iddia ərizəsi verilməlidir. Belə ki, “ŞƏRUR" MTK-nın hüquqi ünvanı ünvan 3əsində Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə verilməlidir. Beləliklə, kooperativə üzvlük münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, yaşayış sahəsinə subyektiv hüququn yaranması üçün kooperativə üzv qəbul edilməsi barədə müvafiq sənədlə yanaşı, digər hüquqi faktların məcmusunun yaranmasını tələb edir. Bu hüquqi faktlara kooperativ üzvünün payının ödənilməsi, konkret yaşayış sahəsinin kooperativ üzvünə təqdim edilməsi və s. aiddir. Müqavilə bağlandıqdan sonra müvafiq sənədlər toplanmış lakin cavabdeh Orxan MMC tərəfindən ona təqdim olunmamışdır. Bundan başqa ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.84 kv m ibarət olan 3 otaqlı 100 nömrəli mənzili satmaq niyyəti ilə X1 üçün onunla beh müqaviləsi bağlamışdır. Belə ki, 03 iyul 2020-ci il tarixli Beh müqaviləsinə əsasən mənzilin qiyməti 49.274 (qırx doqquz min iki yüz yetmiş dörd) ABŞ dollarına yə 84.997 (səksən dörd min doqquz yüz doxsan yeddi) manat təşkil edir. Mənzili yuxarıda göstərilən məbləğdə razılaşaraq 2000 (iki min) manat məbləğində beh almış və 28.09.2020-ci il tarixədək sənədlərin hazırlanması öhdəliyini üzərinə götürmüşdür. Həmin müddət ərzində isə cavabdeh Orxan MMC sənədləşdirmə üçün zəruri sənədləri ona təqdim etməmişdir. Beh verən Anar Qədirov isə behin 2 misli miqdarında geri qaytarılmasını tələb etmişdir. Çıxılmaz vəziyyətə düşdüyündən aldığı 2000 (iki min) manatın əvəzinə 4000 (dörd min) manat pul vəsaitini Anar Qədirova verdim bu barədə ondan qəbz almışdır. Göründüyü kimi cavabdehlər öhdəliklərini icra etmədiklərinə görə ona maddi ziyan dəymişdir, həmin maddi ziyan cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər həmin ünvanlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan “icraçı” "xxxx" MMC ilə “sifarişçi” İddiaçı arasında bağlanılmış 02.12.2006-cı il tarixli, 62 nömrəli “kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “icraçı” "xxxx" MMC ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 03.07.2020-ci il tarixli beh müqaviləsinin surətindən görünür ki, X3 ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzil ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 2000 (iki min) manat beh vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında “kooperativ mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə MMC müqavilədə göstərilən ünvanda tikilmiş mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun müqabilində 49.274 ABŞ dolları məbləğində pulu MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirərək, müqavilə ilə şərtləşdirilmiş pul məbləğini MMC-yə ödəməsinə baxmayaraq, MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilədə göstərilən mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim etməmişdir. Belə olan halda, iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzil iddiaçının istifadəsində və sahibliyindədir. Lakin iddiaçı həmin mənzilinə dair sənədlərin cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilməməsi səbəbindən öz adına özəlləşdirə bilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbi "xxxx" MTK-ya münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin inşa etdiyi çoxmənzilli binaların, həmçinin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 2942 “D” məhəlləsində inşa edilmiş 14 mərtəbəli çoxmənzilli yaşayış binasının idarə edilməsinin "xxxx" MTK tərəfindən həyata keçirildiyi faktı öz əksini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı sahiblik və istifadəsində olan ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin İddiaçı təqdim edilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş maddi ziyanın əvəzi olaraq 4000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbinin əsası kimi istifadəsində olan mənzilə dair bağlanmış beh müqaviləsini göstərir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzili özəlləşdirmədən, həmin mənzil əlaqədar beh müqaviləsi bağlaması halı inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi İddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı sahiblik və istifadəsində olan ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin İddiaçı təqdim edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı sahiblik və istifadəsində olan ünvan 5 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104,84 kv.m ibarət olan 3 otaqlı, 100 nömrəli mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər İddiaçı təqdim edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-387/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-387/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver