Məhkəmə qərarları › İş №2(005)-3883/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3883/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3883/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3" MMC-nin baş direktoru X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmədikləri xidmətlərə görə ödədiyi 250 manat pulun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X4 xx.xx.2017-ci il tarixində dünyaya gəlmişdir və onun ümumi inkişafında psixoloji gecikmələri (danışmaqa başlamasında çətinliklər) olması səbəbindən Cavabdeh-yə müraciət etmişdir. Mərkəzdə aldadaraq əmin etmişlər ki, oğlu ilə keçirəcəkləri müalicə seanslarını kamera vasitəsilə izləməyi üçün, onlarda ayrıca gözləmə otağı var və həmin otaqda seansın bitməsini gözləyərək, müalicənin gedişini birbaşa müşahidə edə biləcək. Nəticədə aralarında xx.xx.2022-ci il tarixli, 249 saylı müqavilə bağlanmışdır. Müraciət etdiyi dövrdə endirimlər olduğundan, 20 müalicə seansına görə Mərkəzə ümumilikdə 280 manat pul ödəmişdir. Müqavilədə qeyd edildiyi kimi 1 seansın qiyməti 15 manat təşkil etmişdir. Ümumi müalicə kursu 20 gün ərzində keçiriləcək 20 seansdan ibarət olmalı idi. Oğlunu Mərkəzə 2 dəfə gətirəndən sonra məlum olmuşdur ki, müalicə seansları saat 12:00-da başlamaq əvəzinə, daha gec başlayır (birinci gün saat 12:20-də, ikinci gün isə saat 12:40-da). Bu isə onu qəti qane etmirdi. Həmçinin məlum olmuşdur ki, valideynlərin seans müddətini gözləməsi üçün nəzərdə tutulan otaq təmirdədir və həmin otaqdan istifadə edə bilməyərək küçədə gözləməli olacaqdır. Bu səbəbdən oğlu ilə aparılan seansı kamera vasitəsilə izləyə bilməyəcək. Bu çatışmazlıqları əvvəlcədən bilsə idi, Mərkəzlə heç bir müqavilə bağlamaz və onlara pul ödəməzdi. Bununla bağlı narazılığını bildirmiş, Mərkəz cavab olaraq, onu acılayıb kobud davranmışlar. Belə olduğu halda bildirmişdir ki, uşağın valideyni ilə belə özünü nəzakətli aparmağı bacarmayan Mərkəzə, övladını etibar edə bilməz. Ərizə yazaraq, yerdə qalan 18 seansdan imtina etmiş, həmin seanslara görə ödədiyi pulu geri tələb etmişdir. Ərizəyə cavab olaraq, Mərkəz 18 seansın pulunu geri qaytarmaqdan imtina etmişdir. Bir daha Mərkəzə sifarişli poçt vasitəsilə müraciət edərək, mübahisənin məhkəməyə qədər nizama salınması barədə təklif vermiş, təklifinə heç bir cavab almamışdır. Onun xx.xx.2020-ci il təvəllüdlü Fərid adlı daha bir oğlu var. Fəridi kimləsə qoymağa imkanı olmadığından, seans günləri uşağı özü ilə Mərkəzə gətirməyə məcbur olurdu. Yaş yarımlıq uşaqla seansların bitməsini, gözləmə otağı əvəzinə küçələrdə keçirə bilməzdi. Həmçinin digər oğlu Həmidlə müalicə seanslarının necə keçirildiyini izləmək imkanının olmaması, onda güclü təlaş hissi yaratdığından, uşağı nəzarətsiz qoya bilməzdi. Çünki Mərkəz gözləmə otağı və video görüntü ilə bağlı aldatdıqdan, həmçinin seansı danışdıqları vaxt başlamayaraq punktual olmadığını nümayiş etdirdikdən, onları acıladıqdan sonra, Mərkəzə heç bir etibarı yoxdur. Bu çatışmamazlıqları əvvəldən bilsəydi, Mərkəzlə heç bir müqavilə bağlamaz və onlara pul ödəməzdi. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, “X3" MMC ilə bağlanmış müqavilənin ləğv edilməsi və ödədiyi 250 manat pulun “X3" MMC-dən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdeh “X3" MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan məzmunda izahat vermiş və mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, “ata” qrafasında X2, “ana” qrafasında İddiaçı qeyd edilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, “ata” qrafasında X2, “ana” qrafasında İddiaçı qeyd edilmişdir; xx.xx.2022-ci il tarixli, 249 nömrəli müqavilənin surətindən görünür ki, “Valideyn” İddiaçı ilə “Mərkəz” Cavabdeh arasında psixoloji yardım göstərilməsinə dair xidmət müqaviləsi bağlanmışdır; Cavabdeh-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 249 nömrəli müqavilə üzrə Həmid Yolçuyev üçün 13-14 iyun 2022-ci il tarixlərində mütəxəssislər tərəfindən tam və qüsursuz xidmət göstərilmişdir. Seans vaxtı tərəflərindən seansın valideynin izləməsi üçün gözləmə otağının hazırlanması və sair bu kimi qeyd edilən nüanslar müqavilədə nəzərdə tutulmamış və bu səbəblərə görə müqaviləyə heç bir halda xitam verilməyəcək; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh-yə sorğu məktubu göndərilmiş, lakin MMC tərəfindən hər hansı yazılı məlumat verilməmişdir. Cavabdeh-yə qarşı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında psixoloji yardım göstərilməsinə dair xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı azyaşlı uşağına psixoloji yardım göstərməyi, İddiaçı isə müqavilə üzrə endirimli qiymətlə 20 seans üçün, hər seans 15 manat olmaqla 280 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 2 seansdan sonra seanslara kamera nəzarətinin mümkün olmaması, gözləmə otağının təmirdə olması və seansların vaxtında başlamaması səbəbindən müqaviləyə xitam verilməsini, qalan 250 manat pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh isə müvafiq hallar müqavilədə nəzərdə tutulmadığından pulun geri qaytarılmayacağını bildirmişdir. Hazırda iddiaçı keyfiyyətli xidmət göstərilmədiyindən müqavilənin ləğv edilməsini və qalan 18 seans üçün ödənilmiş 250 manat pulun qaytarılmasını məhkəmədən xahiş edir. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, icraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də xidmət haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan xidmət təqdim etməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 2 və 3-cü bəndlərinə görə, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Hazırki iş üzrə iddiaçının əsas dəlilləri ondan ibarətdir ki, mərkəzdə onu aldadaraq oğlu ilə keçirəcəkləri müalicə seanslarını kamera vasitəsilə izləmək üçün ayrıca gözləmə otağının və həmin otaqda seansın bitməsini gözləyərək, müalicənin gedişini birbaşa müşahidə etmək imkanının olmasını bildirmişlər. Sonra seanslara başladıqda gözləmə otağının təmirdə olduğunu, kameranın isə işləmədiyini öyrənmiş, həmçinin təlimlərə tərəflərin razılaşdırdıqları müddətdən gec başlamışlar. İddiaçı digər azyaşlı uşağı ilə birlikdə təlimin bitməsini gözləmə otağında gözləmək imkanına malik olmadığından, həmçinin kameranın işləməməsi səbəbindən müqavilənin davam etdirilməsini mümkünsüz hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda,yaxud mühüm qüsurlar olduqda həmin qüsurlar aradan qaldırılmazsa istehlakçıya müqavilənin ləğv olunmasını tələb etmək hüququ verir. İddiaçının əsaslandığı hallar ağlabatan olduğundan və mövcud vəziyyətdə aradan qaldırılması mümkün olmadığından, yaxud həddən artıq məsrəf və vaxt itkisi tələb etdiyindən, eləcə də göstərilən xidmət barədə icraçı yanlış məlumat verdiyindən onun müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, adıçəkilən Qanunun 13.4-cü maddəsinə görə, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh-nin iddiaçıya ünvanladığı məktubda “seans vaxtı tərəflərindən seansın valideynin izləməsi üçün gözləmə otağının hazırlanması və sair bu kimi qeyd edilən nüanslar müqavilədə nəzərdə tutulmamış və bu səbəblərə görə müqaviləyə heç bir halda xitam verilməyəcək” qeydi ilə bağlı məhkəmə qeyd edir ki, icraçı istehlakçıya yalnız müqavilə şərtlərinə deyil, həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata uyğun olan xidmət göstərməlidirlər. Buna uyğun olaraq istehlakçı icraçıdan xidmətin keyfiyyətinin müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İddiaçı ilə “Mərkəz” Cavabdeh arasında bağlanmış müqavilənin 3.1.2-ci bəndinə görə, müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün təyin edilmiş mütəxəssislərin işinin keyfiyyətinə, vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etmək (seansları canlı və ya onlayn izləmək), zəruri hallarda təyin edilmiş mütəxəssisləri başqası ilə əvəz etmək mərkəzin hüququdur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndinə görə müqaviləyə xitam yalnız tərəflər müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirdikdə və mütəxəssis tərəfindən uşağa qarşı fiziki zor tətbiq edildikdə xitam verilir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunun 16-cı maddəsinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, cavabdeh xidmət barəsində yanlış və ya kifayət qədər dolğun olmayan məlumat verərək öz öhdəliyini lazımınca icra etməməklə, müqaviləni və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçının lazımi xassələrə malik olmayan xidməti almasına səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.4-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsini və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1 və 241.4-cü maddələrinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 nömrəli xidmət müqaviləsi ləğv edilməli, Cavabdeh-dən 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 249 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə ləğv edilsin. Cavabdeh-dən 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar