Məhkəmə qərarları › İş №2(005)-3898/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3898/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3898/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10983.63 manat, faiz borcu üzrə 720.47 manat, cəmi 11704.10 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2014-cü il tarixli, 8009 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 12 % dərəcəsi ilə hesablanmaqla, 30909 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında 11.02.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 11.02.2014-cü il tarixli, 8009 nömrəli Kredit müqaviləsinə əsasən 05.07.2021-ci il tarixinə əsas borc üzrə 10983.63 manat faiz borcu üzrə 720.47 manat, cəmi 11704.10 manat borc məbləği mövcuddur. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10763,31 manat, 79,47 manat faiz borcu olmaqla cəmi 10842,78 manat kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasında iştirak etməmiş, lakin elektron qaydada etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10983.63 manat, faiz borcu üzrə 720.47 manat, cəmi 11704.10 manat borcun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması tələb olunur. İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia tələbinin hüquqi əsasını 11.02.2014-cü il tarixli Zaminlik müqaviləsi təşkil edir. Bildirilir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında, borc alan Cavabdeh1 Bank qarşısında 11.02.2014-cü il tarixli 8009 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 976 nömrəli 11 fevral 2014-cü il tarixlik Zaminlik müqaviləsi bağlanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 976 nömrəli 11 fevral 2014- cü il tarixlik Zaminlik müqaviləsinin sonuncu və digər səhifələrindən göründüyü kimi MMC-nin Baş direktoru Pərvin Əliyev tərəfindən imzalanmamışdır. Belə olan halda cavabdeh MMC-nə qarşı tələbin irəli sürülməsinə hüquqi əsası mövcud deyildir. Bu səbəbdən də iddia tələbi cavabdeh "xxxx" MMC-nə qarşı hissədə rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.02.2014-cü il tarixli №8009 saylı “X4” kartı üzrə kredit xəttinin istifadəsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün 120 ay müddətinə illik 12% dərəcəsi ilə 30909 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 və zamin "xxxx" MMC arasında bağlanmış 11.02.2014-cü il tarixli 976 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti və borclu Cavabdeh1 tərəfindən zaminlik müqaviləsi imzalansa da, zamin qrafasında "xxxx" MMC tərəfindən imza olunmamışdır. Müqavilənin ləğvi və borcun ödənilməsi barədə 19 may 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə borc məbləğini 5 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 05 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Kredit alan Cavabdeh1 öhdəliyini lazımınca icra etmədiyi üçün zamin "xxxx" MMCdən də müştərək qaydada borcun ödənilməsini tələb etmişdir. Lakin məhkəmə tərəfindən zaminlik müqaviləsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, zaminlik müqaviləsi "xxxx" MMC-nin baş direktoru tərəfindən imzalanmamışdır. Belə halda məhkəmə hesab edir ki, tərəflər arasında "xxxx" MMC-yə nisbətdə zaminlik müqaviləsi üzrə qəbul edilmiş hər hansı bir öhdəlik yoxdur və "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyət daşımır. Buna görə də, məhkəmə hesab edir ki, müqavilə üzrə Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 11.02.2014-cü il tarixli №8009 saylı kredit müqavilə üzrə ödənilməmiş 10763,31 manat, 79,47 manat faiz borcu olmaqla cəmi 10842,78 (on min səkkiz yüz qırx iki manat, yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti və 30 (otuz manat) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 11.02.2014-cü il tarixli №8009 saylı kredit müqavilə üzrə ödənilməmiş 10763,31 manat əsas, 79,47 manat faiz borcu olmaqla, cəmi 10.842,78 (on min səkkiz yüz qırx iki manat, yetmiş səkkiz qəpik) məbləğində pul, 30 (otuz manat) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar