Məhkəmə qərarları › İş №2(005)-3921/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3921/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3921/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan 94500 (doxsan dörd min beş yüz) manat borcun mənə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, rəfiqəsi Cavabdeh 94500 (doxsan dörd min beş yüz) manat borc vermişdir. Verilmiş borc barədə Cavabdeh 22.05.2021-ci il tarixində iltizam alınmışdır. Həmin iltizamda qeyd edilir. O, Cavabdeh (AZE №********) (ASAN 1 17.02.2018) İddiaçı iştirakı ilə bu iltizamı yazır ondan ötrü ki, o, həqiqətən 22.10.2020-ci il tarixdə 70000 (yetmiş min) manat müqabilində ünvan 1 ünvanda yerləşən mənzili sataraq oğlu X4 barəsində aparılan cinayət işinə görə ona köməklik məqsədi ilə pulu almışdır. Bundan başqa 2020-ci ilin mart ayından 2020-ci ilin dekabr ayına qədər hissə - hissə ümümilikdə 22.500 (iyirmi iki min beş yüz) manat pulu eyni məqsədlə almışdır. Bundan başqa 2021-ci ilin fevral ayında 2000 (iki min) manat məbləğində pul almış və İddiaçı məxsus Saray qəsəbəsini X2 adına girov qoymaqla 12 sot torpaq sahəsini 7000 (yeddi min) manat əvəzinə rəsmiləşdirildi. Ümumilikdə onun İddiaçı 94500 (doxsan dörd min beş yüz) manat borcu və İddiaçı torpağını girovdan çıxartmağa görə 6000 (altı min) manat borcu vardı, torpağı girovdan çıxararaq həmin torpağı İddiaçı adına rəsmiləşdirməyi öz öhdəliyinə götürmüşdür. Yuxarıda qeyd olunan ümumi borcu 2021-ci ilin avqustun 15-nə tam şəkildə bağlamağı öz öhdəliyinə götürür. Borcu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunvericilyi ilə mübahisənin həlli barədə məlumatlıdır. Bu iltizam yazılarkən heç bir təzyiqə məruz qalmamış, iltizam hər 2-i tərəfin razılığı ilə təltif olunub, düzgünlüyünü öz imzası ilə təsdiq edir. Göründüyü kimi ünvan 2 ünvanında yaşayan Cavabdeh iltizamda götürdüyü borcu təsdiqləyir və həmin borcu 2021-ci ilin avqustun 15-nə tam şəkildə bağlamağı öz öhdəsinə götürür. İltizamda göstərilən İddiaçı torpağını girovdan çıxartmağa görə 6000 (altı min) manat borcum vardı məsələsi öz həllini tapıb. Lakin 94500 (doxsan dörd min beş yüz) manat borcun 2021-ci ilin avqustun 15-nə tam şəkildə bağlamağı öz öhdəliyinə götürsə də, hal-hazırda həmin borcu yəni 94500 (doxsan dörd min beş yüz) manat 2021-ci ilin avqustun 15-nə qaytarmaqdan birmənalı şəkildə imtina edir və bildirir ki, oğlu hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Oğlu cəzaçəkmə müəssəsindən çıxar işləyər Sizin pulu hissə-hissə ödəyər. Buradan aydın görünür ki, ünvan 2 ünvanında yaşayan rəfiqəm Cavabdeh tərəfindən dələduzluq yolu ilə mənim 94500 (doxsan dörd min beş yüz) manat pulum mənimsənilmişidr. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 16 saylı MKİS-in 12.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı V.Plotnikov küç.ev 14 mənzil 5-də qeydiyyatdadır. İşdə olan 22.05.2021-ci il tarixdə yazılmış iltizamın məzmunundan görünür ki, Cavabdeh həqiqətən İddiaçı ümumilikdə 94.500 manat borcu vardır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdehdən 94.500 manat borc tələb etsədə, cavabdeh pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, işdə olan əlyazma əsasında tələb olunan borc cavabdeh tərəfindən etiraf olundugından iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin borc məbləğinin tutulması tələbi əsaslıdır, iddiaçı iddiasının həmin hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, həmçinin təyin edilmiş məhkəmə iclaslarında belə iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 94.500 (doxsan dörd min beş yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 94.500 (doxsan dörd min beş yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar