Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-393/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10862.55 manat əsas borc, 27.2 manat faiz borcu və 10.83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10900.58 manat borcun və 122.70 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 12595.96 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 20 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 oktyabr 2021-dək Cavabdeh2 banka 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10862.55 manat əsas borc, 27.2 manat faiz borcu və 10.83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10900.58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsinə əsasən borcluya 12595,96 manat məbləğində 60 ay müddətinə, 1 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh2 20.01.2020-20.12.2024-cü il tarixləri üçün ümumilikdə 12980,81 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 22.10.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 10862,55 manat əsas, 27,2 manat faiz borcu, 10,83 manat dəbbə pulu borcu, ümumilikdə 10900,58 manat məbləğində borcu var; İş materiallarında olan İddiaçı ASC-nin 27.01.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 10262,55 manat əsas, 55,31 manat faiz borcu, 97,99 manat dəbbə pulu, ümumilikdə 10415,85 manat məbləğində borcu var; Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh2 12595,96 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh1 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, belə ki, məhkəmə İddiaçı ASC-nin 27.01.2022-ci il tarixli, maliyyə arayışını mötəbər sübut kimi qəbul edərək, əsas borcu iddia ərizəsində tələb olunan məbləğdə - yəni 10862,55 manat deyil, maliyyə arayışında göstərilən yəni – 10262,55 manat məbləğində müəyyən olunmasını əsaslı hesab edir. Məhkəmə faiz və cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində 27,2 manat faiz borcu və 10,83 manat cərimə borcunun tutulmasını xahiş edir, lakin İddiaçı ASC-nin 27.01.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh2 həmin kredit müqaviləsi üzrə 55,31 manat faiz borcu və 97,99 manat cərimə borcu olması qeyd olunmuşdur. Həmin hissədə iddia tələbini qismən əsaslı hesab edir, belə ki, verilmiş iddia üzrə 55,31 manat faiz borcu və 97,99 manat cərimə borcunun tutulması iddia tələbində kənara çıxma hesab olunduğundan, faiz borcu 27,2 manat və 10,83 manat cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20.12.2019-cu il tarixli 11-MZ2-1- 0-606-14 saylı kredit müqaviləsinin müddəti bitmədiyindən ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsi üzrə 10262,55 manat əsas borc, 27,2 manat faiz, 10,83 manat cərimə olmaqla, ümumilikdə cəmi 10300,58 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20.12.2019-cu il tarixli 11-MZ2-1-0-606-14 saylı kredit müqaviləsi ləğv edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10262,55 (on min iki yüz altmış iki manat əlli beş qəpik) manat əsas borc, 27,2 (iyirmi yeddi manat iyirmi qəpik) manat faiz, 10,83 (on manat səksən üç qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 10300,58 (on min üç yüz manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş 122,70 (bir yüz iyirmi iki manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-393/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-393/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver