Məhkəmə qərarları › İş №2(005)-3941/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3941/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3941/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 44000 manat pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 24000 manat pulun tutularaq İddiaçı2, 20000 manat pulun isə İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh ilə uzaq qohum kimi birbirinin xeyir və şərində iştirak etmiş, böyük etibarları olmuşdur. Cavabdehə inandıqları və etibar etdikləri üçün böyük məbləğdə pul vermişlər. Belə ki, ümumilikdə hər ikisindən 50000 manat pul almışdır. Pulun alınması barədə qəbzlər də vardır. Bu məbləğdən cəmi 2024-cü ildə 6000 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh dərman deposunda iş olduğunu, yaxşı gəlir verdiyini, hər ay ona 500 manat gəlir verəcəyini bildirərək 10.000 manat pul istəmişdir. Onun vədlərinə aldanaraq pulu vermişdir. Belə bir iş olduğunu qardaşına demiş, o da razılaşaraq 20.000 manat pul vermişdir. Sözügedən işi öz rəfiqələrinə də demiş, beləliklə onlardan da 20.000 manat pul borc götürmüşdür. O, özünə məxsus 10.000 manatı, rəfiqələrindən aldığı 20.000 manatı, qardaşına məxsus 20.000 manatı Cavabdeh yalan vədlərinə aldanaraq ona vermişdir. O, borcları ödəmək üçün evini satmaq məcburiyyətində qalmışdır. Cavabdeh ondan aldığı 30.000 manatın 6.000 manatını geri qaytarmışdır. Cavabdehin ona 24.000 manat borcu vardır. Aylıq heç bir ödəniş etməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, pulu götürdüklərini qəbul edirlər, lakin bunun on min manatdan çox hissəsi qaytarılmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında ona hər ay 1000 manat pul ödədiyini bildirsə də, sonradan bunu inkar etmişdir. İddiaçının dediklərindən elə çıxır ki, 13000 manata yaxın pul qaytarılmışdır. Əslində isə cavabdeh 21000 manat pul qaytardığını bildirir. Ödənilmiş pullar çıxılmaqla iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh qohumu İddiaçı2 10000 manat pul götürmüş və hər ayın sonu 500 manat qaytaracağını vəd etmişdir; - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 20000 manat pul götürmüş, iki il müddətinə tam qaytaracağını vəd etmişdir; - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 20000 manat pul götürmüş, 2024-cü ilin dekabr ayına qədər tam qaytaracağını vəd etmişdir; - Qəbzlərdən görünür ki, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 500 manat, daha sonra 500 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, ümumilikdə 6000 manat məbləğində pul 4***********4709 nömrəli kart hesabına köçürülmüşdür; - Ödəniş qəbzindən görünür ki, İddiaçı2 məhkəmədə iddia qaldrımaq üçün 223 manat dövlət rüsumu ödəmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Ondan 1 ildir ki, 10000 manat pul almış, qaytaracağını bildirmişdir. Pulu geri istədikdə hər səfərində sadəcə qaytaracağını bildirir. İddiaçı ona onun cavabdeh tərəfindən aldadıldığını bildirmişdir; - Təqdim edilmiş CD diskdə əks olunmuş səs yazılarından görünür ki, İddiaçı2 cavabdehdən dəfələrlə pulun qaytarılmasını tələb etmiş, cavabdeh isə yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Digər iddiaçı olan qardaşı İddiaçı1 İddiaçı2 ona verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə qohumluq münasibətlərində olmuş, ona ayrı-ayrı vaxtlarda 20000, 20000, 10000 manat, ümumilikdə 50000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin pulu müəyyən müddətə qaytaracağına dair iltizama imza çəkmişdir. Hazırda iddiaçılar borcun ödənilmədiyini əsas gətirərək, pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə borcun 20000 manata yaxın hissəsinin ödənildiyini bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli yazılı iltizamlardan açıq şəkildə görünür ki, Cavabdeh müvafiq olaraq 10.000 manat və iki dəfə 20.000 manat məbləğində pul vəsaitini iddiaçılardan aldığını yazılı qaydada təsdiq etmiş, həmin məbləğləri müəyyən olunmuş müddətlərdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də həmin pulun götürüldüyünü qəbul etmişdir. Tərəflər arasında yaranmış mübahisə qaytarılmış borcun məbləği ilə bağlıdır. Nəzərə alınmalıdır ki, pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında 21.000 manata yaxın pulun ödənildiyini, 13000 manat hissəsini isə iddiaçının etiraf etdiyini bildirmişdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, öhdəliyin icra edildiyini iddia edən tərəf sübut etməlidir. Hazırki iş üzrə cavabdeh isə öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı X1 etirafına gəlincə qeyd edilməlidir ki, əvvəlki məhkəmə iclasında iddiaçı ona bir neçə ay gəlir kimi 500 və 1000 manat verildiyini bildirsə də, sonra cəmi 6000 manat pulun qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sonradan inkar etdiyi izahatına əsaslanaraq hansısa konkret məbləğdə pulun qaytarıldığı qənaətinə gəlinməsi mülki qanunverciliyin tələblərinə ziddir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cəmi 6000 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daha çox pulun qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia Musayeva Şükufəyə münasibətdə təmin edilməli, 24000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər İddiaçı1 əvvəlki məhkəmə iclasında iştirak etmiş, ona həmin puldan 1000 manat ödənildiyini bildirmişdir. Bu halı nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı1 münasibətdə 20.000 manat borcdan 1.000 manat çıxılmaqla cavabdehdən 19.000 manat məbləğində pul tutularaq, İddiaçı1 ödənilməlidir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, borc müqaviləsinə əsasən cavabdehin iddiaçılar qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmişdir və iddiaçılardan aldığı borc məbləğini tam şəkildə onlara geri qaytarmamışdır. Beləlikə, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini ağlabatan müddət ərzində icra etməməsi iddiaçılara borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdeh tərəfindən iddiaçılardan alınmış pul vəsaitinin müəyyən edilmiş müddətlərdə və razılaşdırılmış qaydada geri qaytarılmaması faktı öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçılara maddi zərər dəymiş, həmin zərərin ödənilməsi üçün hüquqi əsaslar mövcuddur və iddia tələbi müəyyən edilmiş hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24000 manat pul tutularaq İddiaçı2, 19000 manat pul tutularaq İddiaçı1 ödənilməli, həmçinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 233 manat pulun 220 manatı tutularaq iddiaçılara ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24000 (iyirmi dörd min) manat pul tutularaq İddiaçı2, 19000 (on doqquz min) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 233 manat pulun 220 (iki yüz iyirmi) manatı Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar