Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3967/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1. İddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin nümayəndəsi X2, Cavabdehoviçin iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC Cavabdehoviçə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin xeyrinə C786F18 saylı 18 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.958.60 ABŞ dolları, faiz borcu üzrə 996,14 ABŞ dolları, cərimə borcuna görə 2.209,09 ABŞ dolları, cəmi məbləği 6.163,83 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 18 saylı filial ilə Cavabdeh arasında bağlanmış C786F18 saylı 18 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32 %-lə, 12 ay müddətinə 3,000 (üç min dollar) ABŞ məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. “Bank of Azerbaijan" ASC-nin18 saylı filial ilə Cavabdeh arasında bağlanmış C786F18 saylı 18 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 31 may 2016-cı il tarixə Cavabdeh Ləğv prosesində olan “Bank of Azerbaijan" ASC-yə əsas borc üzrə 2,958.60 (iki min doqquz yüz əlli səkkiz dollar 60 sent) ABŞ dolları, faiz borcu üzrə 996.14 (doqquz yüz doxsan altı dollar 14 sent) ABŞ dolları, cərimə borcuna görə 2,209.09 (iki min iki yüz doqquz dollar 09 sent) ABŞ dolları, cəmi məbləği 6,163.83 (altı min yüz altmış üç dollar 83 sent) ABŞ dolları borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-653/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehoviç xx.xx.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-653/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3967/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2019cu il tarixli, 2(005)- 2(005)-653/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehoviç xx.xx.2021-ci il tarixində iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 653/2019 saylı 15 yanvar 2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “Bank of Azərbaycan" ASC-nin ona qarşı iddia ərizəsi təmin edilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 2.958.60 ABŞ dolları əsas, 996.14 ABŞ dolları faiz, 2.209.09 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6.163.83 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Qiyabi qətnamədə göstərilmişdir ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Məhkəməsinə ərizə verə bilər. Məhkəmə iclası barədə onun məlumatı olmadığına görə məhkəmə iclaslarında iştirak etməmişdir. Həmin qətnamə haqqında cavabdehə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi məlumat vermiş və Məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamənin rəsmi qaydada ona verilməsinə dair göstəriş verməsini xahiş etmişdir. Qiyabi qətnamə xx.xx.2022-ci il tarixdə ona, rəsmi olaraq verilmişdir. İddiaçının nümayəndəsi cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə isə məhkəmə iclasında iştirakı təmin edilməmiş və iddia müddətini ötürməsinə baxmayaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2(005)-6686/2016 nömrəli xx.xx.2016-cı il tarixli hazırkı iş üzrə qiyabi qətnamə qəbul etmiş və o, qiyabi qətnamə barədə məlumat alandan sonra həmin qiyabi qətnaməyə dair məhkəməyə ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6686/2016 saylı 30 avqust 2016-cı il tarixli qiyabi qətnaməsini ləğv edib, işə mahiyyəti üzrə baxılmasını təzələyərək, iddiaçı ləğv prosesində olan “Bank of Azərbaycan" ASC-nin ona, qarşı iddia ərizəsinin iddia müddətini ötürdüyünə görə rədd olunması barədə qətnamə qəbul edilsin. Məhkəmənin 2(005)-6686/2016 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-6686/2016 saylı 30 avqust 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək, mülki işə mahiyyəti üzrə baxılması xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərə təyin edilsə də, məhkəmə çəkişmə prinsipi təmin etmək məqsədilə məhkəmə iclasları təxirə salınmışdır. Bundan sonra tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, 2(005)- 5222/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə AR MPM-nin 259.0.6cı maddəsinə əsasən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ona qarşı "Kredit tələbinə" dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçı ləğv prossesində olan "xxxx" ASCnin ona qarşı "Kredit tələbinə” dair iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürdüyünü bildiyinə görə iştirakı təmin edilmədən qiyabi qətnamə çıxarılmasına nail olmuşdur. Bu səbəblə də iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, Cavabdehoviçin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən hazırki mülki işə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2012-ci il tarixli, 786F18 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh avtomobilin alınması məqsədi ilə 12 ay müddətinə, illik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və məbləğdə krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2013-cü il tarixinə əsas borcu 2.958,60 ABŞ dolları, faiz borcu 996,14 ABŞ dolları və cərimə borcu 2.209,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə 190 manat məbləğində olmuşdur; xx.xx.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC tərəfindən cavabdehə 6150.68 USD borcunun 7 gün ərinzdə ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2013-cü il tarixinə əsas borcu 2.958,60 ABŞ dolları, faiz borcu 163.06 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-1404/2016 saylı, 01 fevral 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASCnin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; 21 noyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qərarda qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2012-ci il tarixli, 786F18 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh avtomobilin alınması məqsədi ilə 12 ay müddətinə, illik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.000 ABŞ məbləğində kredit vermişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin götürdüyü kredit üzrə əsas və faiz borcunu, habelə öhdəliyi vaxtında icra etmədikdə hesablanmış cərimə borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəməsi barədə öhdəlik götürsə də, bu öhdəliyini icra etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Cavabdeh son dəfə xx.xx.2013-cü il tarixdə ödəniş etmişdir. Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC cavabdehə qarşı hazırki iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2012-ci il tarixli kredit müqavilə üzrə öhdəliyin icrası müddəti isə xx.xx.2013-cü il tarixdə bitmiş. Sonuncu ödəniş isə xx.xx.2013-cü ildə olmuşdur. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Bununla belə, hazırki kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən başlanmış və xx.xx.2016-cı ildə artıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və Cavabdehoviçin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin Cavabdehoviçə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC Cavabdehoviçə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3967/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3967/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver