Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3975/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və BOKT "xxxx" MMC-yə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin X1 tərəfindən aparılmış 8İ-6446 saylı və 8İ-6447 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərinin ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə verərək BOKT "xxxx" MMC-nin də cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 0059/2024-İP saylı ipoteka müqaviləsinə əsasən “ipoteka qoyan” və №0089/2024 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən isə “borclu”dur. xx.xx.2025-ci il tarixli, 8İ-6446 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydinə əsasən, İddiaçı 28389,76 manat əsas borc, 3665,67 manat faiz borcu, 10890 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 42945,43 manat tələb edilmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-6447 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydində də 63565,55 manat əsas borc, 8104,57 manat faiz borcu, 18750 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 90420,12 manat müəyyən edilmişdir. Onun barəsində Bakı Şəhəri 38 Saylı X1 tərəfindən aparılmış istər 8İ-6446 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi, istərsə də, 8İ-6447 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi qanunsuz və əsassızdır. Belə ki, icra sənədinin icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmalıdır. Lakin işin faktiki hallarına nəzər yetirdikdə, məlum olur ki, tərəflər arasında mövcud vəziyyətlə əlaqədar mübahisə vardır. Mübahisə predmeti isə ilkin olaraq ondan ibarətdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən az 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Halbuki, belə bildiriş almamış və onun qanunla qorunan hüquqları əsassız şəkildə pozulmuşdur. Notarius da icra qeydi apararkən tələbkar tərəfindən bildirişin göndərilib-göndərilmədiyini yoxlamamışdır. Qanunvericiliyə əsasən, notarius icra qeydi aparmazdan əvvəl tərəflərə xəbərdarlıq etməli və mübahisəli məqamlar yoxdursa icra qeydi apara bilər. Eyni zamanda da icra qeydi aparılmamışdan öncə borcluya yazılı bildiriş göndərilməlidir. Nəinki qanunvericiliklə nəzərdə tutulmuş normaya məhəl qoyulmamış, eyni zamanda da Konstitusiyanın imperativ normasını pozmuşdur. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasının təxirə salınmasına etiraz edərək bildirmişdir ki, işi uzatmaq məqsədilə iddiaçı məhkəmə iclaslarının dəfələrlə təxirə salınması barədə vəsatət vermişdir, toplanmış sübutlardan da göründüyü kimi bildiriş iddiaçıya çatdırılmışdır. İcra qeydi verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçıya məhkəmə dövründə də borcun güzəştli şərtlərlə ödənilməsinə şərait yaradılsa da, ödəniş etməmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxılma müddətini, iddiaçı tərəfin bir neçə məhkəmə iclaslarında iştirak etməməsini, məhkəmə iclasının təxirə salınmasını zəruri edən hər hansı sübutu məhkəməyə təqdim etməməsini və cavabdehin işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi xahişini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır; - BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0059/2024 saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 75000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür; - BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0089/2024 saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 30000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür; - 0059/2024 İP saylı, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2024-cü il tarixli, 0059/2024 №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan BOKT "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; - 0089/2024 SİP saylı, xx.xx.2024-cü il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2024-cü il tarixli, 0089/2024 №-li kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan BOKT "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi BOKT "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarxidə yüklü edilmişdir; - BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli bildirişlərindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 0089/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 0059,2024 nömrəli kredit müqavilələri üzrə olan öhdəliklərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 4 saylı Abşeron Ərazi İdarəsindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli elektron müraciətinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır; - BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 0089/2024 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 28389,76 manat əsas, 3665,67 manat faiz, 10890 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 0059/2024 saylı kredit müqaviləsi üzrə 63565,55 manat əsas, 8104,57 manat faiz, 18750 manat cərimə borcu vardır; - xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı 5 gün ərzində kredit müqavilələri üzrə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; -xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, bildiriş iddiaçının ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə imza edilərək qəbul edilmişdir; - Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli, 8i-6447 saylı icra qeydindən görünür ki, ipoteka saxlayan BOKT "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan - İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən torpaq sahəsinin 0,04 ha və daşınmaz əmlakın ümumi sahəsi 440,9 kv.m-dən ibarət Əmlak kompleksi kimi müəssisə ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 0059/2024-İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 63565,55 əsas borc, 8104,57 manat faiz borcu, 18750 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 90420,23 manat təşkil edir); - Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli, 8i-6446 saylı icra qeydindən görünür ki, ipoteka saxlayan BOKT "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan - İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən torpaq sahəsinin 0,04 ha və daşınmaz əmlakın ümumi sahəsi 440,9 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisə ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 0089/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 28389,76 manat əsas borc, 3665,67 manat faiz borcu, 10890 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 42945,43 manat təşkil edir); - "xxxx" MMC-nin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, AZ1012 saylı poçt şöbəsi vasitəsilə "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanan məktublar AZ1022 saylı poçt şöbəsi tərəfindən müvafiq F-8 çatdırma vərəqinə imza etdirilməklə, alıcının anası Şövkət Bədəlovaya təhvil verilmişdir. Belə ki, BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, SS925080208AZ və SS25080199AZ ştrix kodlu sifarişli məktubları xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixli, SX047630976AZ və SX047630959AZ ştrix kodlu sifarişli məktubları xx.xx.2024-cü il tarixdə ünvanı üzrə çatdırılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu İddiaçı ilə borc verən BOKT "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 0059/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 0089/2024 nömrəli kredit müqavilələri bağlanmış və həmin müqavilələrin təminatı olaraq bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən borclu (ipoteka qoyan) İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 440,9 kv.m olan əmlak kompleksi kimi müəssisə borc verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan BOKT "xxxx" MMC-nin müraciəti əsasında ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydləri verilmişdir. Hazırda iddiaçı bildirişlərin ona çatdırılmadığına, borc məbləğlərinin əsassız olaraq şişirdildiyinə əsaslanaraq icra qeydlərinin ləğv edilməsini xahiş edir. Cavabdeh isə bildirişlərin göndərildiyinə, 20 gün müddətində hər hansı etiraz irəli sürülmədiyinə istinad edərək iddiaya etiraz edir. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İş materiallarından görünür ki, BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışları ilə, İddiaçı xx.xx.2024-cü il tarixli, 0089/2024 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 28389,76 manat əsas, 3665,67 manat faiz, 10890 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 0059/2024 saylı kredit müqaviləsi üzrə 63565,55 manat əsas, 8104,57 manat faiz, 18750 manat cərimə borcunun olması göstərilmiş, BOKT "xxxx" MMC tərəfindən həmin borcların ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xx.xx.2025-ci il tarixli bildirişlər göndərilmişdir. İddiaçı (borclu) notariusun icra qeydi verilərkən qanunvericiliyin iki tələbinin pozulduğunu, bildirişlərin ona çatdırılmadığını və borcun mübahisəsiz olmadığını, yəni faiz və cərimə borcunun yüksək olduğunu iddia edir. İlk növbədə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 37.1 və 37.3-cü maddələrinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddənin məzmunundan göründüyü kimi, məhkəməyə şikayət etmək hüququna ipoteka qoyan və ipoteka predmeti üzərində hər hansı hüququ olan şəxs malikdir. Hazırki iş üzə ipoteka qoyan ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişi aldıqdan sonra məhkəməyə şikayət verməmişdir. İddiaçının borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, BOKT "xxxx" MMC tərəfindən İddiaçı ünvanına bildirişlərin çatdırılması və anası tərəfindən qəbul edilməsi "xxxx" MMC-nin məktubu, ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınması isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 4 saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə öz təsdiqini tapır. Yuxarıda qeyd olunduğu kimi, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir (39.2-ci maddə). Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Qanunda ipoteka qoyana bildiriş göndərilməsi tələb olunur ki, həmin bildiriş də onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin sırasında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Həmin Siyahının 1-1-ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Beləliklə, ipoteka saxlayan tərəfindən icra qeydi almaq üçün ipotekaya tutmanın yönəldilməsi və ya borcun qaytarılması barədə bildirişin borcluya göndərilməsini və ya ona çatdırılmasını təsdiq edən sənədin təqdim edilməsi tələbi qanunvericilikdə mövcud deyildir. Bildiriş ipoteka qoyana göndərildiyi halda, çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər sadalanmışdır. Həmin sənədlərə a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı aiddir. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasını müəyyən edən “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin 7.6-cı maddəsinə əsasən “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarından biri kimi göstərilmişdir. Həmin müqavilənin 9.1-ci maddəsində əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən isə ipoteka predmetinə tutma yönəldiyi təqdirdə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hazırki iş üzrə borcun 3 aydan çox müddətə gecikdirilməsi, borc 90 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişlərin ipoteka qoyana göndərilməsi və onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də MMC tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (ipoteka saxlayan) Bank tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də ipoteka qoyana ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydləri aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və BOKT "xxxx" MMC-yə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və BOKT "xxxx" MMC-yə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3975/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3975/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver